Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
İnsan səssizliyin içində yuxuya dalar, bəzən isə yuxudan oyanar. Səssizlik bəzən qorxu gətirər, bəzən isə hüzur. O bəzən səsdir, bəzən isə səssiz.
Anladım ki, arzusunda olduğumuz səssizlik bəzən əl çatmayan günahların kilidini açır. Çoxdandır bir yerlərdə ilişib qalan qığılcımları yenidən alovlandırır. Bəzən də daha böyük alovun qarşısını ala bilir.
Hər halda bu nəsnə özündə bir yox, daha çox şey daşıyır və özlüyündə həm kədər, həm də sevinc bəxş edə bilər. Çünki hər sükut dağıtmaq üçün deyil, bəzən toparlamaq üçündür.
Səssizliyin içində insan ya özünü itirir, ya da tapır. Bəlkə də səssizliyi bu qədər ağır edən onun həqiqəti əks etdirməsidir. Çünki o, yalanı sevmir; kim olduğumuza qərar verdiyimiz andır.
Səssizliyin içində bütün xatirələr oyanır. Açılan hər qapı keçmişindən, olduğun andan və gələcəyindən xəbər verir. İnsan ilk dəfə özünü görür, öz səsini eşidir.
Bu səssizlik bir az qorxu, bir az da ümid daşıyır. Və sonda insan səssizliyin içindən necə çıxırsa, elə də davam edir həyatına.
“Ədəbiyyat və incəsənət”
(12.01.2026)


