İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
"Marsel Prustun "İtirilmiş zamanın sorağında" romanını ləzzətlə, sevə-sevə oxumuşam. Tomas Mannı, Dostoyevskini sevirəm" deyirdi Gülrux Əlibəyli. O kitabları çox sevirdi. Bu gün onun – bu tanınmış yazarın anadan olmasının 98-ci ildönümüdür.
12 yanvar 1928-ci ildə Bakı şəhərində müəllim ailəsində dünyaya gəlib. Burada orta məktəbi bitirdikdən sonra 1947–1952-ci illərdə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetində şərqşünaslıq fakültəsini bitirib. Daha sonra 1954–1958-ci illərdə Moskvada Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasını bitirib.
Bakı Dövlət Universitetinin filologiya fakültəsində 1947–1952-ci illərdə müəllim kimi çalışıb. Azərbaycan EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunda 1958–1961-ci illərdə kiçik elmi işçi, yenə orada 1961–1962-ci illərdə böyük elmi işçi olaraq işləyib. Eyni zamanda 1962-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim olub.
1962–1965-ci illərdə Azərbaycan Mədəniyyət nazirinin müavini, 1965–1971-ci illərdə isə Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərib. Həmçinin o, 1971–1974-cü illərdə D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda əvvəlc baş müəllim, sonra isə fəlsəfə 1974–1989-cu illərdə fəlsəfə kafedrasının professoru olub.
Habelə G. Əlibəyli bir müddət ədəbi yaradıcılıqla məşğul olub. O, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında bədii şuranın, Kinomatoqrafiya ittifaqının, BDU-nin ədəbiyyat nəzəriyyəsi üzrə elmi dərəcə verən ixtisaslaşmış müdafiə şurasının üzvü olub. Gülrux Əlibəyli 2009-cu ildən Slavyan Universitetinin Yaradıcılıq prosesi fakültəsinin professoru olub.
Gülrux Əlibəyli tələbəlik illərindən dövri mətbuatda ədəbi-tənqidi məqalələrlə çıxış edib. İndiyədək 500-dən artıq çox məqalə, esse, ədəbi portret çap etdirdirib. Azərbaycan və keçmiş Sovet ədəbiyyatının nəzəri problemlərinə, estetika və bədiilik məsələlərinə dair əsərlərin, ədəbi-tənqidi məqalələrin müəllifidir.
İlk ədəbi məqaləsi 1958-ci ildə Moskvda "Ədəbiyyat Məsələləri" jurnalında dərc edilib. O, ədəbiyyat nəzəriyyəsi, eləcə də, kino incəsənəti, teatr, təsviri incəsənət sahəsində çoxsaylı məqalələrin müəllifidir. G. Əlibəyli xeyli sayda beynəlxalq konfransların, elmi simpoziumların, o cümlədən, Beynəlxalq Pen Klubun toplantısının iştirakçısı olub.
Kitabları
1. Düşünən dünyamız (1980)
2. Çırpınan dünyamız (2000)
3. Dəyişən dünyamız (2001)
4. Dağılan dünyamız (2002)
5. Həyat səhifələri (2003)
6. Axtarışlar, kəşflər (1970)
7. Xoşbəxtliyin bir günü (2009)
8. Azərbaycanda mədəni inqilab (1990)
9. Amalya Pənahovanın yaradıclığı (ədəbi portret, 2004)
Ömrünün sonlarında Gülrux Əlibəylinin APA-ya müsahibəsindən:
"Səhhət belədir də, oğlum, mən hələ bilmirəm ki, bu qədər yaşım var. Bu illər nə tez gəlib keçdi. İstəyirəm, yaşım az olsun, yenə yazım, kitablarım çap olunsun."
"Mən yaxşı yaşamışam, nə istəmişəm, eləmişəm, nə istəmişəm, yazmışam. 20 kitabın, 500 essenin müəllifiyəm. 80-ci illərdən etibarən idmanla məşğul olmağa başladım. Evdə qaçırdım, soyuq su ilə müalicə alırdım."
Gülrux Əlibəyli 15 fevral 2016-cı ildə Bakı şəhərində vəfat edib
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(12.01.2026)


