Bir söz var: vicdansız… Bəs həqiqət nədir? - İlahiyyatçıdan açıqlama Featured

 

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Ətrafımızda, xüsusilə də sosial şəbəkələrdə tez-tez bir ifadə ilə rastlaşırıq: “vicdansız”. Kiminsə davranışı xoşumuza gəlməyəndə, yaxud bir hərəkət bizi incitdikdə bu sözü asanlıqla işlədirik. Amma bir anlıq dayanıb düşünəndə sual yaranır: doğrudanmı vicdansız insan var?

 

İnsan ürəklə yaşayır. Bu danılmazdır. Hər kəsin ürəyi var və hər kəs bu ürəyin döyüntüsü ilə nəfəs alır. Allah insanı yaradarkən onu yarımçıq yaratmayıb. Heç kim dünyaya vicdansız gəlmir. Vicdan, şərəf və ləyaqət insan varlığının ayrılmaz hissəsidir. O halda “vicdansız insan” anlayışı haradan yaranır?

Biz gündəlik həyatda soyuqqanlı, amansız, mərhəmətsiz insanlara “ürəksiz” deyirik. Halbuki onların da ürəyi var,  sadəcə o ürəyin səsinə qulaq asmırlar. Eyni məntiqlə vicdan məsələsi də belədir. Vicdanı olmayan insan yoxdur, vicdanının səsini dinləməyən insan var.

İnsanlar vicdanla doğulurlar. Sonra yaşayır, öyrənir, sınanır və ən əsası  seçim edirlər. Bu seçim çox vaxt səssiz olur:

Vicdanımın səsini dinləyim, yoxsa onu susdurum?

Doğru olanı edim, yoxsa mənə sərf edən yolu seçim?

Vicdan susmur. Sadəcə bəzən insanlar onu eşitmək istəmirlər. Vicdanını kənara qoyan insan zamanla elə bir nöqtəyə çatır ki, cəmiyyət onu “vicdansız” adlandırır. Amma bu, vicdanın yoxluğu deyil, vicdanın bilərəkdən inkarıdır.

Bir məqam da diqqət çəkir: insanlar çox vaxt nədən danışırlarsa, əslində ondan kasıbdırlar. Kim nəyin şousunu və reklamını edirsə, içində onun boşluğu var. Daim “vicdan” sözünü dilə gətirib başqalarını ittiham edən insan, bəlkə də öz vicdanı ilə üz-üzə qalmaqdan qaçır. Çünki başqasını mühakimə etmək, özünü sorğulamaqdan daha asandır.

 

 

Mövzu ilə bağlı Ədəbiyyat və İncəsənət” portalına açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli bildirib:

İnsanlara “vicdansız” demək, əslində məcazi məna daşıyır. Onun sözlərinə görə, vicdan Allahın insana bəxş etdiyi daxili məhkəmədir:

“İnsan yaradılarkən ona lazım olan bütün mənəvi dəyərlər verilir. Lakin zaman keçdikcə tərbiyə, sosial mühit və yaşanan hadisələr insanın düşüncə tərzinə təsir edir. Bəzi insanlar müəyyən məqsədlərə çatmaq üçün yalan danışır, rüşvət verir, haqsızlığa göz yumur. Bununla da daxili məhkəmənin səsinə qarşı durur və öz mənəvi azadlığını məhdudlaşdırır”.

İlahiyyatçı vurğulayıb ki, daxili təlatümü yaşayan insan zamanla cəmiyyətdə yanlış olaraq “vicdansız” kimi tanınır:

“İnsan ilk dəfə haqsızlığa göz yumanda, harama əl atanda, aldadanda və ya böhtan atanda daxilindəki səs bunun günah olduğunu xatırladır. Mənfəət naminə doğru yoldan uzaqlaşdıqca insan öz daxili güc qapılarını bağlayır. Nəticədə halal-haram fərqini itirir və belə insanlara "vicdansız" deyilir”.

Bəlkə də problem “vicdansız insanlar”ın çoxluğunda deyil. Problem vicdanın səsinə qulaq asmaqdan imtina edən insanların artmasındadır.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.