Qayğılı anlarımız, qayğısız anlarımız – “Bir salama dəymədi?” Featured

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Bəzən insanın həyatı böyük hadisələrlə deyil, səssiz ayrılıqlarla dəyişir. Həyata daxil olan insanlar bir müddət qalır, sonra isə elə bil heç olmamış kimi çıxıb gedirlər. Ən çox da bu gedişlərin səssizliyi yaralayıcı olur.

 

Münasibətlərdə bəzən ayrılıq olmur, sadəcə qarşı tərəf səssiz qalaraq, deyilməmiş salamları əlvidaya çevirir. Hisslərini dərindən yaşayan insanlar üçün sevmək yarımçıq olmur; bir zamanlar yaxın olan bir insan bir gün yad kimi görünür, keçmişin qiyməti isə azalır.

Ən ağrılısı isə budur ki, insanlar yanından səssiz keçdikdə hər şey bitmiş olur. Baxışlar, gülüşlər, göz yaşları bir anlıq susqunluğa qurban gedir. Bu zaman anlaşılır ki, bəzi insanlar həyatımıza qalmaq üçün deyil, dərs almaq üçün daxil olurlar.

Bəxtiyar Vahabzadənin "Bir salama dəymədi" adlı şeiri də bu vəziyyəti tamamlayır. Bu şeir o şeirdir ki, hər birimizin düşündüyü sözləri Bəxtiyar Vahabzadənin adı ilə çatdırır ...

 

 

BİR SALAMA DƏYMƏDİ

 

Bu gün mən səni gördüm,

Salam vermək istədim,

Üzünü yana tutdun.

Söylə, illərdən bəri

Qəlbimizin bir duyub

bir vurduğu illəri,

Axı, nə tez unutdun?

Beş ildə gözümüzdən axan o qanlı sellər,

Bir salama dəymədi?

Heç üzümə baxmadan yanımdan necə keçdin?

Sən eşqin salamını qorxuyamı dəyişdin?

Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?

O qədər yaxın ikən, bu qədər uzaq oldun.

Şirin gülüşlərimiz, acı fəğanlarımız

Bir salama dəymədi?

Qayğılı anlarımız, qayğısız anlarımız

Bir salama dəymədi?

Sən neylədin, bir düşün!

Yalnız indi anladım; ah, sən daha mənimçün

Əlçatmaz bir çiçəksən,

Yaşanmış günlərim tək geri dönməyəcəksən!...

Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm

Düz beş il ürəyimdə

Bəslədiyim məhəbbət, bir salama dəymədi.

Bir günlük həsrətimə dözə bilməyən gülüm,

Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?

Getdin, dalınca baxdım, can ayrıldı canımdan,

Sən necə etinasız ötə bildin yanımdan?

Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,

Sənin qəlbin əsmədi.

Arxana da baxmadın!

Niyə sənin yolunu məhəbbətin kesmədi?...

Qazancımız de, bumu?

Deyilməmiş o salam əlvidamız oldumu?

Sən mənə zülm eylədin, mənə zülm yaraşır.

Bir salama dəyməyən eşqə ölüm yaraşır!

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.