Bir nəfəs, bir ümid Featured

 

Mənsurə Xələfbəyli,

Yazıçı-publicistAYB-nin üzvü, "Turan" ədəbi məclisinin həmsədri. “Ədəbiyyat və incəsənət” üçün

 

“Mal-dövlətlərini Allah yolunda sərf edən, sonra sərf etdiklərinin ardınca minnət qoymayan və incitməyənlərin mükafatı Rəbbinin yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar qəm də çəkməyəcəklər.” (Bəqərə, 262)

 

İnsan ömrü varlığın başlanğıcından bəri sınaqdadır. Bu sınaq təkcə yaşamaq uğrunda deyil, insanın öz vicdanı və mənəvi kamilliyi qarşısında verdiyi ömürlük imtahandır. Qalibiyyətlər və süqutlar, yüksəlişlər və itkilər bu yolun ayrılmaz hissəsidir. Amma bütün dəyişən halların fonunda dəyişməyən bir həqiqət qalır: insanın ən ağır mübarizəsi həmişə öz içində baş verir.

Olum və ölüm  həyatın iki ayrı ucu yox, eyni yolun mənəvi halqalarıdır. Ölüm qorxulu son deyil, məsuliyyətli hesabatdır. Çünki insan  dünyadan keçərkən  iz qoyur. O iz mərhəmətlə də yazıla bilər, laqeydliklə də. Qurmaqla möhkəmlənər, dağıtmaqla silinər. Ömrün dəyəri yaşanan illərin sayı ilə ölçülmür, etdiyi xeyrin çəkisi ilə ölçülür. Əbədiyyətə aparan yol nə daşdan ucalan saraydan keçir, nə də zahiri izzətdən - insan yalnız könüllərdə buraxdığı izlə yadda qalır.

Həyatın həqiqətləri mürəkkəb fəlsəfi nəzəriyyələrdə deyil, sadə insan münasibətlərində üzə çıxır. Uşağın baxışındakı saf ümid, ananın dilindən düşməyən dua, qocanın titrək səsindəki minnətdarlıq… İnsanlığı yaşadan məhz bu incə anlar, bu davranışlardır. Zaman nə qədər sərt olsa da, insanı insan edən dəyərlər məhz belə məqamlarda yaşayır.

Bəzən bir nəfəs bir ömrü xilas edir.  Birinə əl tutmaq onun yenidən ayağa qalxmasına bəs edir. “Nəfəs” İctimai Birliyi məhz bu ehtiyacdan doğan mənəvi çağırışdır. Birlik xeyirxahlığı şüar kimi səsləndirmir, onu yaşayır. Yardımı hesaba çevirmir, paylaşmağı borc sayır. Onların verdiyi hər dəstək təkcə problemi həll etmir, insanın özünə olan inamını da qaytarır.

Məsuliyyətli yolun arxasında böyük ürək və ağır məsuliyyət dayanır. “Nəfəs” İctimai Birliyinə Firəngiz Balakişiyeva rəhbərlik edir. Onun liderliyi altında xeyirxahlıq təsadüfi addımlar yox, sistemli və davamlı fəaliyyətə çevrilib. Bu yol təkbaşına yürünmür. Nərmin Bağırzadə, Rəhman Əhmədoğlu, İlahə Məmmədova və Xatirə Rüstəmli kimi koordinatorlar missiyanın əsas daşıyıcılarıdır. Onlar vaxtlarını, enerjilərini, sevgilərini könüllü şəkildə  işə sərf ediblər.

Zamanla komandaya Almaz İbrahimova, Xəyal Danyal kimi xeyirsevər gənclər də qoşulub, müxtəlif səbəblərlə ayrılanlar da olub. Amma əsas dəyişməyib - könüllülük ruhu, insanı yaşatmaq niyyəti, xeyirxahlığın əzmi.

“Nəfəs” üçün yardım bir vəzifə deyil, mənəvi seçimdir. Yetim uşaqların təhsili, qaranlıqdan sabaha uzanan ümid yoludur.

 Xəstələrin müalicəsinə uzanan əl “tək deyilsən” mesajıdır. Autizmli uşaqlara göstərilən xüsusi qayğı anlayışın və səbrin ən incə formasıdır.

Birliyin təbiətə baxışı, maddi aləmin fövqündə duran mənəvi  məsuliyyətin təcəssümüdür. Əkilən hər ağac, yalnız torpağa kök salan bitki deyil, həm də insanın sabaha olan ümidinin, varlığın davamlılığına inamının və kainatla qurduğu əbədi bağın simvoludur. Bu, yaşamaq deyil, yaşatmaq fəlsəfəsidir.

“Nəfəs” üçün vətənə xidmət anlayışı yalnız sözlə məhdudlaşmır. Şəhid və qazi ailələrinə göstərilən dəstək, bu ailələrin yanında olmaq, onların dərdinə şərik çıxmaq, qayğılarını bölüşmək insanlıq borcu kimi qəbul edilir.

Birlik eyni zamanda maarifləndirməni cəmiyyətin dirçəliş yolu hesab edir. “Rayon və kəndlərdə kitabxanasız məktəb qalmasın” prinsipi ilə hərəkət edir.  Məktəblərə kitablar bağışlanır, kiçik kitabxanalar yaradılır, uşaqların dünyagörüşünün formalaşmasına töhfə verilir. Çünki “Nəfəs” bilir, savadlı nəsil, işıqlı sabahın təməlidir.

“Nəfəs” üçün yardım savab yoludur, vicdan imtahanıdır. Bu birlik ehtiyac olan hər yerdə dua olur, dayaq olur, nəfəs olur. Allah yolunda edilən hər səmimi iş gec-tez öz mənəvi qarşılığını tapır.

Uca Yaradan buyurur: “Kim bir canı xilas edərsə, bütün insanlığı xilas etmiş kimi olar…” (Maidə, 32)

 Xeyirxahlıq zamanın axarında sevgi ilə yayılan  dalğa kimidir - başlanğıcı kiçik görünə bilər, lakin təsiri bütöv  cəmiyyətin ruhuna toxunar.  Yaxşılıq fərddə başlayır, lakin onun əksi bəşəriyyətin aynasında əks olunur.

Qoy edilən hər xeyir əməl Rəbbin dərgahında qəbul olunan dua olsun. Qoy hər “Nəfəs” bu dünyada min ümidə çevrilsin.

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.