“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün Ebru Bayramovadır, Naxçıvan Dövlət Universitetinin Filologiya ixtisası üzrə III kurs tələbəsi, Gənc Yazarlar və Ədəbiyyatşünaslar klubunun üzvü.
STEFAN SVAYQIN QADIN QƏHRƏMANLARI VƏ EMOSİONAL ZƏKA ANLAYIŞI – DUYĞULARIN BİLİK FORMASI KİMİ TƏZAHÜRÜ
XX əsr Avropa ədəbiyyatının ən incə psixoloji yozum ustalarından biri olan Stefan Svayq insan təbiətinin, xüsusilə də qadın duyğularının dərinliklərinə enməyi bacaran yazıçılardandır. Onun əsərlərində hisslər yalnız emosional təcrübə kimi deyil, həm də idrakın, yəni bilik formalaşdırma prosesinin bir parçası kimi təqdim olunur. Svayqın qadın qəhrəmanları həm ağılın, həm də duyğuların harmoniyasını təcəssüm etdirir. Bu baxımdan onun yaradıcılığında emosional zəka anlayışı mühüm yer tutur.
Emosional zəka, insanın özünün və başqalarının duyğularına həssas olmaq, öz duyğularını idarə etmək bacarığının keyfiyyətidir. Fərqli keçmiş və düşüncə tərzinə sahib olan şəxslərin bir-biri ilə səmərəli bir səkildə çalışmalarına imkan verir. Emosional zəka fərdin həm özünün, həm də başqalarının emosiyalarını izləmək, onları müqayisə etmək və məlumatı, bilgini düşüncə və davranışlarına yönləndirmək üçün istifadə edə bilmək bacarığını ehtiva edən bir sosial zəka növüdür.
Svayq Vyana psixoloji məktəbinin, xüsusilə Ziqmund Freydin təsiri altında formalaşmış yazıçıdır. Onun üçün insanın davranışı yalnız sosial amillərlə deyil, dərin emosional impulslarla izah olunur. Yazıçının qəhrəmanları, xüsusilə qadınlar, duyğularını təhlil edir, onları dərk etməyə çalışır və nəticədə bu duyğulardan mənəvi bilik formalaşdırırlar. Svayq duyğuları sadəcə hiss kimi deyil, biliyə çevrilən idrak vasitəsi kimi çıxış edir. Onun qəhrəmanları rasional düşüncə ilə emosional dərinliyi birləşdirərək həyatın mənasını duyğuların təcrübəsində tapır. Beləliklə, “duyğuların bilik forması kimi təzahürü” anlayışı Svayqın bədii dünyasının mərkəzi elementlərindən birinə çevrilir.
Svayqın bir çox əsərində qadın qəhrəmanlar hadisələrə duyğusal reaksiya verməklə yanaşı, bu reaksiyanı şüurlu şəkildə dərk edir, nəticə çıxarır və dəyişir. Duyğular burada bilik mənbəyinə çevrilir: qadınların qərarları ağılın deyil, emosional idrakın məhsulu olur.
“Bir qadının həyatından 24 saat” əsərində duyğuların idraka çevrilməsi fikri öz əksini tapır. Svayqın bu əsəri qadın psixologiyasının ən incə bədii portretlərindən biridir. Burada qəhrəman öz keçmişindəki bir hadisəni – bir gənc qumarbazla keçirdiyi birgünlük hisslərini etiraf kimi danışır. Qadın qəhrəman hadisələri xatırlayarkən onları emosional analizdən keçirir. O, keçmişini sadəcə nəql etmir, hər bir hissini, reaksiyasını dərk etməyə çalışır. Gəncin faciəsini müşahidə etdikdə o, empati göstərir, onun psixoloji vəziyyətini “öz dərisi altında” hiss edir. Bu, emosional zəkanın əsas komponentlərindən biri olan empati bacarığıdır. Lakin bu empati sadəcə mərhəmət deyil, həm də bilik formasıdır: qadın həmin an insanın zəifliyinin, tənhalığının, həyatın təsadüfiliklərinin dərin mənasını anlayır. Duyğular onun üçün əxlaqi və idraki təcrübəyə çevrilir.
Çünki, o insanın o an hara getdiyini anlamışdım:ölümə.
Bu mənim üçün xəyal qırıqlığı idi… Özümə nə o vaxt nə də sonra itiraf edə bildiyim bir xəyal qırıqlığı. Amma bir qadının duyğuları, sözə tökmədən və bilincində olmadan da hər şeyi bilər.
İnsanların ayıb dediyi, sayğı duyduğu hər şeyi görməzdən gələrdim, əgər ağzından bir söz çıxsa, mənə doğru bir addım atsa, məni anlamağı yoxlasa, o an ona bütün qəlbimi verərdim
“Bilinməyən bir qadının məktubu” sevginin bilik forması kimi təqdimatına nəzər yetirdikdə isə görürük ki, bu əsərdə Svayq sevgi duyğusunun insanın varlıq dərkini necə dəyişdirdiyini göstərir. Qadın qəhrəman öz sevgisini yazılı formada etiraf etməklə onu biliyə, idraka çevrir. Məktub sadəcə emosional ifadə vasitəsi deyil, həm də bir təhlildir. Qadın öz duyğularını analiz edir, uşaqlıqdan ölümünə qədər keçdiyi psixoloji mərhələləri dərk edir. O, sevdiyi kişini tanımaqla bərabər, özünü də tanıyır.
Svayq bu əsərdə göstərir ki, qadın duyğularının dərinliyi və davamlılığı bir növ “duyğusal bilik” yaradır. Bu bilik rasional deyil, lakin mənəvi baxımdan daha doğrudur. Qadın duyğuları vasitəsilə həyatın mənasını, sevginin və insan münasibətlərinin dəyərini anlamağa çalışır. Əsərin sonundakı faciə – qadının ölümündən sonra məktubun oxunması – Svayqın ən əsas fikrini vurğulayır: duyğular, onları dərk edən insan üçün ölümsüz bilik formasıdır.
Və deyəsən, məni ölüm döşəyində belə çağırsan, yataqdan qalxıb səninlə gəlmək üçün gücümü toplayardım.
“Amok qaçışı” – qadın obrazının emosional təsir gücü diqqəti cəlb edir. Bu hekayədə qadın əsas qəhrəman kimi deyil, hadisələri hərəkətə gətirən təsir qüvvəsi kimi göstərilir. Onun davranışı emosional zəkanın sosial komponentini – başqasının emosiyalarını tanımaq və yönləndirmək bacarığını aydın şəkildə əks etdirir. Qadın həkimin psixoloji vəziyyətini, onun zəif nöqtələrini, tənhalığını incəliklə hiss edir və bu fərqindəlik onunla dialoqunu formalaşdırır. Həkim qadının emosional nüfuzu altına düşərək öz duyğularını idarə etmə gücünü itirir və nəticədə amok vəziyyətinə düşür. Bu proses duyğunun sosial dinamika yaratma, hətta psixoloji dağıdıcı gücə çevrilmə potensialını göstərir. Svayq qadın obrazı vasitəsilə emosional təsirin insan iradəsinə nə dərəcədə nüfuz edə biləcəyini göstərir.
Məni tanımadan təxmin etmiş və məni satın almışdı.
Əgər istərsə, şəhər, kənddən həmin an ayrılacağıma dair and içirəm : Dünyadan belə ayrılardım.
Ama artıq o evdə, o şəhərdə yaşaya bilməzdim. Hər şeyin mənə onu xatırlatdığı bu dünyada.
Stefan Svayq – “Qorxu” əsərində qadın psixologiyası və emosional zəkanın deqradasiyası diqqəti cəlb edir.
Stefan Svayqın “Qorxu” əsərində mərkəzi qadın qəhrəman İrene Vaqner psixoloji gerilim, daxili parçalanma və emosional nəzarətin itirilməsi prosesini yaşayan mürəkkəb bir fiqurdur. Bu hekayə Svayqın qadın obrazlarının psixoloji dərinliyini göstərən ən bariz nümunələrdən biridir. Əsərin özəlliyi ondadır ki, burada duyğular – sevgi, günahkarlıq, panika, qorxu – bilik forması kimi fəaliyyətini itirir və qadının emosional zəka sistemi tədricən çökməyə başlayır.
Öz baxışlarındakı güvənsizliyi görmə qorxusu ilə aynaya baxmağa cəsarət edə bilmirdi.
Artıq heç bir şeyi başa düşmürdü, bu məsələdəki hər şeyə yad idi, özünə belə.
Qorxu bütün varlığını gəmirərək boşalmış, bədənini zəhərləmişdi.
“Keçmişə Yolculuq” – yaddaşın duyğusal biliyə çevrildiyi məkandır. Əsərdəki qadın obrazı əsər boyunca sevginin zamansal fasilələrlə necə dəyişdiyini, emosional yaddaşın real hisslərlə ziddiyyətini, həsrətin isə bilik halına gəlməsini təmsil edir. Qadının Lüdviqə olan sevgisi zaman keçdikcə xatirə olaraq yaşayır. Keçmiş hiss real münasibətdən daha güclü olur. Qadın, Lüdviqin daxili parçalanmasını, müharibə və ayrılığın yaratdığı kimlik sarsıntısını sözsüz olaraq hiss edir. Bu, Svayqa xas yüksək empati modelidir: duyulan, lakin ifadə olunmayan bilik. Svayq sanki, əsərlərini bizim daha çox düşünüb, anlamağımız üçün qısa yazır…
Onların görüşündəki gərgin sükut emosional zəkadan doğan bir “dil”dir. Qadın qəhrəman, hisslərini ifadə etmək əvəzinə dərin daxili müşahidə aparır. Svayq üçün sükut – duyğusal analizin ən incə formasıdır.
Qəlbim niyə birdən tez-tez atmağa başladı, niyə belə cəsarətsizəm?
Hər şey əvvəlki kimidir, sadəcə biz deyilik, biz deyilik!
Bir şey deyilməli idi indi, boğmaması üçün bir şey bu səssizliyi sarsıb atmalı idi-ikisi də bunu hiss edirdi.
Susqunluqla keçirdikləri bu iki dəqiqə sonsuz imiş kimi gəldi.
Keçmişlərini axtaran, artıq gerçəkdə var olmayan keçmişə boğuq suallar yönəldən bu kölgələr onların özləri deyildi? Kölgələr, canlanmaq istəyən amma bunu başara bilməyən kölgələr…
Svayqın qadın qəhrəmanları duyğularını təhlil etmək, onları ifadə etmək və onlardan nəticə çıxarmaq bacarığına malikdirlər. Bu, bədii şəkildə emosional zəkaya bərabər bir şüur formasıdır. Onların davranışları çox vaxt hisslərin gücü ilə idarə olunsa da, bu impulsivlik deyil. Əksinə, Svayqın qadınları duyğularını anlamadan qərar vermirlər. Onlar hisslərin səbəblərini və nəticələrini dərk edərək mənəvi qərar verirlər. Svayqın qəhrəmanları üçün duyğu – həm mənəvi, həm də bilik qaynağıdır. Onlar ağılın sərt sərhədlərini aşır və göstərirlər ki, insanın ən dərin həqiqətləri bəzən yalnız hisslər vasitəsilə dərk oluna bilər. Zveyqin dünyagörüşündə insan mənəvi bütövlüyə yalnız ağıl və duyğunun birləşməsi ilə çata bilər. Əgər ağıl insana faktları, məlumatı verir, duyğular isə ona anlam verir. Bu baxımdan Svayq üçün emosional zəka sadəcə psixoloji bacarıq deyil, həm də insani bilikliyin fəlsəfi formasıdır. Duyğuların dərin təhlili, empati, başqasını anlamaq bacarığı insanın mənəvi kamilliyinə aparan yoldur.
Svayqın qadın qəhrəmanları bu kamilliyin simvollarıdır – onlar hiss edərək anlayır, anlayaraq dəyişirlər. Stefan qadın obrazlarını yaratmaqla insan duyğularının dərinliklərinə elə bir şəkildə enmişdir ki, bu, bədii ədəbiyyatla psixologiya arasında körpü yaratmışdır. Onun qadın qəhrəmanları duyğuların idarə etdiyi, lakin eyni zamanda duyğular vasitəsilə dərk edən varlıqlardır. Svayq üçün duyğular nə yalnız ağrıdır, nə də romantik həssaslıq. O, duyğulara bilik forması kimi baxır: insan hiss edərək tanıyır, hiss edərək anlayır və nəticə etibarilə hiss edərək mənəvi kamilliyə çatır. Beləliklə, Svayqın qadın qəhrəmanları emosional zəkanın bədii təcəssümü kimi insan idrakının yeni bir səviyyəsini təmsil edir. Onların hekayələri duyğuların rasional düşüncədən daha güclü idrak mənbəyi ola biləcəyini sübut edir.
“Ədəbiyyat və incəsənət”
(07.01.2026)


