“Rəşad deyirdi ki, gecələr quşlar uçmaz...” Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin MiG-29 qırıcı təyyarəsinin pilotu, polkovnik-leytenant, Vətənə sədaqəti və peşəkarlığı ilə yadda qalan zabit Rəşad Atakişiyevin doğum günüdür.

 

“Rəşad Atakişiyevin şərəfli xidmət yolu, vətənpərvərliyi və peşəkarlığı gənc pilotlar üçün nümunədir. Onun xatirəsi Azərbaycan xalqının qəlbində əbədi qalacaq.” General-mayor Həsən Əlövsədov (HHQ komandanı)

Rəşad Atakişiyevin 1985-ci il yanvar ayının 7-də Şəmkir rayonunun Pravda (hazırkı Qılıncbəyli) kəndində anadan olub. Ailədə üç qardaş olublar. O, ilk təhsilini Şəmkir rayonunun Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb.

Oxuduğu müddətdə təlim-tərbiyəsi, bilik və bacarığı ilə seçilib. Orta məktəbi yüksək qiymətlərlə bitirən Rəşad, ali təhsil almaq arzusu ilə 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə üz tutub. O, 2006-cı ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini "Uçuş Mühəndisi" ixtisasına yiyələnərək yüksək nəticələrlə başa vurub.

İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub. Seçilmiş 35 nəfərlə birgə təhsil alan Atakişiyev diplom alan cəmi 5 nəfərdən biri olmağı bacarıb. O, 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.

Aprel döyüşlərinin qəhrəman iştirakçılarından biridir. Qısa zaman ərzində təcrübəli pilotlar sırasına və hərbi hissə komandirinin müavini vəzifəsinə yüksələn Rəşad Atakişiyev 2018-ci ilin oktyabrında Real TV-də yayımlanan "Şahinlər" filmində iştirak edərək, havada ən çətin, təhlükəli manevrlərin öhdəsindən gəlib.

 Həmçinin Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən paradda səmada bacarıqlarını göstərib. Ayrıca Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "Turaz Qartalı" devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində iştirak edib.

2019-cu il, Bakı vaxtı ilə iyul ayının 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.

 

Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olunub. Azərbaycan Müdafiə Nazirliyinin avqustun 19-da verdiyi məlumata görə təyyarənin qara qutusu, 20 avqust tarixində isə pilotun nəşi tapılıb.

21 avqust tarixində Rəşad Atakişiyevin nəşi ikinci Fəxri xiyabanda dəfn edilib. 07.05.2021-ci ildə Hərbi Pilot Polkovnik Leytenant Rəşad Atakişiyevə Şəhid statusu verilib.

“Rəşad uşaqkən deyərdi ki, gecələr quşlar uçmaz... Böyüyəndə pilot oldu, o da quşlar kimi səmanın əngəlliklərində uçdu. Quşlar gecələr uçmaz deyirkən, o, bir dəfə gecə uçuşuna çıxdı. Elə bu uçuş da onun üçün sonuncu oldu.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.