Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”
Mənim üçün illərin qovuşuğu vaxtın özünü ifşa etdiyi andır. Biz hər dəfə bu gecəyə elə məna yükləyirik ki, sanki bir ilin bitməsi ilə həyat da dayanacaq, hər şey sıfırlanacaq, taleyimiz başqa cür axmağa başlayacaq. Halbuki dəyişən yalnız təqvimdəki rəqəmdir. Keçmiş olduğu yerdə qalır, yaşananlar silinmir, yarımçıq qalanlar da öz ağırlığını itirmir...
Sadəcə biz bir gecəlik buna inanmaq istəyirik.
Bununla belə, bu inanma halı təsadüfi deyil. İllərin qovuşuğu insanı istər-istəməz özü ilə üz-üzə qoyur. Günlərin axarında qaçdığımız suallar bu gecə qapını döyür. Kim nə itirdi, kim nədən vaz keçdi, hansı yolda susduq, hansı anda geri çəkildik? Bu gecə insan özünü mühakimə edir. Burada kənardan baxan yoxdur. Hakim də özümüzük, ittiham da, müdafiə də.
Bu anın qəribə tərəfi onun ikili hisslər doğurmasıdır. Bir tərəfdən nostalji gəlir, ardınca kədər və gecikmiş peşmanlıqlar. İnsan geriyə baxıb görür ki, neçə arzu yarımçıq qalıb, neçə söz vaxtında deyilməyib, neçə hiss qorunmaq üçün içə basdırılıb. Digər tərəfdən isə ümid var. Səbəbsiz, izahsız, bəzən hətta əsassız bir ümid. Elə bil yeni ilin adı belə insana yaşamaq üçün bəhanə verir.
İllərin qovuşuğu yaddaşla da qəribə oyun oynayır. Bu gecə insan hər şeyi xatırlamır, yalnız seçdiklərini xatırlayır. Kiçik anlar böyüyür, böyük hadisələr arxa plana çəkilir. Elə bu anda başa düşürsən ki, həyatı formalaşdıran vaxt deyil, yaddaşdır. Vaxt keçir, amma yaddaşımız qərar verir.
Mən bu gecəni nə keçmişə, nə də gələcəyə aid edirəm. Bu, iki zamanın arasında qalan doldurula bilməyən bir boşluqdur. İnsan burada heç bir yerə tam məxsus deyil. Bu asılı qalma hissi insanı həm narahat edir, həm də ona azadlıq verir. Çünki hələ heç nə bağlanmayıb, heç nə yekunlaşmayıb. Hər şey açıq qalır.
Bəlkə də illərin qovuşuğunun əsas dərsi budur: dəyişən vaxt deyil, dəyişən insanın özüdür. Bu dəyişikənlik səssiz olur, gözə görünmür, amma geri dönüşü olmur. Təqvimlər sadəcə bəhanədir. İllərin qovuşuğu isə o nadir anlardandır ki, insan bir anlıq dayanır və içində baş verənləri hiss edir. Sonra isə yenə yoluna davam edir. Elə bil heç nə olmamış kimi, amma əslində mən əvvəlki mən olmuram...
Könül sarayımın dirəyi sındı,
Vurduqca yorulan ürəyi sındı.
Bəxtimin ən şirin diləyi sındı,
Məni məndən alıb apardı illər.
Arzular qurudu göl kənarında,
Boğuldu duyğular ilk baharında.
Yandım öz ömrümün intizarında,
Məni məndən alıb apardı illər.
Gözümə bir mələk xəyalı gəldi,
Gəldi də ammaki aralı gəldi.
Bir ceyran o dağdan yaralı gəldi,
Məni məndən alıb apardı illər.
Hərə bir ümidin itirdi getdi,
Ölüm öz qonağın götürdü getdi.
Şair misrasını bitirdi getdi,
Məni məndən alıb apardı illər.
“Ədəbiyyat və incəsənət”
(29.12.2025)


