Görmədiyin bir şeyi sevmək mümkündürmü? Featured

 

 

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Heç düşünmüsən, görmədiyin bir şeyi sevmək mümkündürmü?

Adını eşitmədiyin bir hissi tanımaq, toxunmadığın bir şeyi məsələn, qırmızı rəngi itirməkdən qorxmaq..

Bəzən insan elə şeylər yaşayır ki, onları izah üçün dil kifayət etmir. Sözlər aciz qalır, cümlələr yarımçıq ölür. Çünki hər şey izah olunmaq üçün yaranmayıb.

 

Bəziləri sadəcə hiss edilmək üçündür. Bu yazı da elə bir cəhddir. Görməyən birinə rəngi başa salmaq qədər çətin, tanımayana bir insanı, mənim Bircəmi, izah etmək qədər imkansız bir cəhd. Əgər oxumağa davam etsən, bəlkə bir insanı tanımayacaqsan. Amma çox güman ki, öz içində çoxdan tanıdığın bir hisslə qarşılaşacaqsan. Və əgər bir anlıq belə ürəyində nəsə tərpənsə.. deməli, bu mətn artıq səni görmədən görüb...

 Kor birinə heç görmədiyi bir rəngi başa salmaq kimidir, ona və onu tanımayan birinə mənim bircəmi izah etmək. Çünki bəzi şeylər izah üçün yaranmayıb. Onlar sadəcə yaşanmaq üçündür. Mənim bircəm də onlardandır. Onu cümlələrə sığışdırmaq, sözlərlə çərçivəyə salmaq istədikcə, əlimdən sürüşüb gedir. Elə bil suyu ovuclayırsan, hiss edirsən, amma saxlaya bilmirsən.

İnsanlar soruşur: "Necədir?" 

 Nəyi necə deyim? Hansı ölçü vahidi ilə? Xasiyyət desəm, yarımçıq qalar. Gözəllik desəm, ədalətsiz olar. Sevgi desəm, çoxlarının ağlında köhnəlmiş, ucuzlaşmış bir söz canlanar. Amma o, bunların heç biri deyil, ya da hamısıdır, amma fərqli şəkildə. Kor birinə rəngi izah etmək üçün gözə yox, bədənə müraciət edirsən. İstiliyə, sərinliyə, titrəyişə. Mənim bircəmi anlatmaq üçün də eyni yolu gedirəm. O, ürəyimin ritmini dəyişən bir varlıqdır. Yanındaykən zaman başqa cür axır,  nə sürətlidir, nə yavaş. Sadəcə yerindədir. O, səs-küylü dünyada qulağına toxunmayan bir sükut kimidir. Elə sükut ki, adam qorxmur. Əksinə, içində gizlənmək istəyir. Hamı nəsə sübut etməyə çalışarkən, onun varlığı sübuta ehtiyac duymur. O, "bax" demir. O, "qal" deyir.

Onu tanımayan birinə izah etmək daha çətindir. Çünki tanımayan insan şəkil istəyir, fakt istəyir, səbəb axtarır. Halbuki mənim Bircəmin təsiri səbəblə izah olunmur. O, həyatımda nəyisə düzəldən bir fəlakət kimidir. Dağıtmadan dəyişdirir. Sındırmadan yenidən qurur. Onun yanında insan öz qüsurlarını gizlətmir. Çünki gizlətməyə ehtiyac qalmır. Mənim gecikmələrimi anlayan, susmağımı söz kimi oxuyan, yorğunluğumu izah etməyimi gözləməyən biridir o. Mən özümə çatmamış, o artıq məni tanıyır.

 Kor birinə sarını başa salmaq olar, ümidlə.

Qırmızını anlatmaq olar, ürək döyüntüsü ilə.

Amma mənim Bircəmi izah etmək.. bu, artıq rəngdən çıxıb varlıq məsələsinə çevrilir. O, mənim üçün məhəbbət, eşq və ya başqa birşey deyil . Saydıqlarım çox vaxt nəticədir. O isə prosesdir. Məni mən edən, məni mənə qaytaran bir haldır. Onun yanında "olmalıyam"  yox olur, "oluram"  qalır. Buna görə də deyirəm… Mənim bircəmi izah etmək, görmədiyin bir rəngi tərifləmək deyil. O rəngin sənsiz də mövcud olduğunu qəbul etdirməkdir.

Əgər hiss etdinsə, artıq gördün.

Əgər hiss etmədinsə, min cümlə də yetməz..

Və bura qədər oxumusansa, artıq bir şeyi etiraf etməliyəm. Bu yazı sənə bir insanı tanıtmaq üçün yazılmadı. Heç vaxt da yazıla bilməzdi. Çünki mənim Bircəm tanıdılacaq biri deyil. O, izah edilmir, təqdim olunmur, sübut edilmir. O, sadəcə olur.

Kor birinə rəngi göstərmək mümkün olar, əgər zaman versən, səbr etsən, hisslərə yol açsan. Amma bir insanı, xüsusən də Bircəmi izah edib, başq salmaq.. Bu, artıq sözlərin yox, ürəyin işidir. Mən burda sadəcə qapını açdım. İçəri girib-girməmək sənin hisslərinin işidir.

Əgər bu sətirlərdə özündən bir parça tapdınsa, deməli sən də kiminsə izah olunmayanısan. Kiminsə cümlələrə sığışmayanı, rəngə çevrilməyəni. Və bəlkə də ilk dəfədir bunu bu qədər aydın hiss edirsən.

Mənim bircəm isə.. o, bu mətn bitəndən sonra da davam edəndir. Sözlər susanda belə içimdə danışan, oxucu getdikdən sonra belə məndə qalandır. Ona görə də bu yazının sonu yoxdur. Sadəcə burada dayanır.

Çünki bəzi şeylər oxunub bitmir.

Onlar sevilib davam edir...

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2025)

 

 

Harun Soltanov.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.