Qələmlərin qatili - jurnalistlər, yaxud ChatGPT basqısı Featured

 

Nigar Həsənzadə, "Ədəbiyyat və incəsənət"

 

Əslində, jurnalistlər, yazıçılar “süni intelekt”i özləri üçün bir növ, əllərindən qələmlərini alacaq təzyiq vasitəsi kimi hesab edirlər və onu  qazanclarnı, peşələrini əllərindən alacaq bir vasitə kimi görürlər. Buna baxmayaraq, ən çox “süni intelekt”dən faydalananlardan və süni intelektin işlərini əllərindən ala biləcək şəraiti yaradan da jurnalistlərin özləri olur. Çünki indiki dövrdə məqalə, esse tələb edəndə bir çox yazılara baxanda dərhal başa düşülür ki, burada “süni intelekt” imzası var.

 

Hətta qəzetdə çıxan yazılarda da buna şahid olmuşam. Bəzi yazıçılar da kitablarında və ya öz adlarına çıxardıqları şeir və hekayələrdə kifayət qədər “süni intelekt”dən istifadə edirlər. Əslində, onlar cəmiyyət içərisində danışarkən, əllərində qələmlərini alacağını iddia etdikləri “süni intelekt”ə bir növ özləri şans verirlər və onu sehrli çubuq kimi istifadə edirlər. Lakin onlar unudurlar ki, sehrli çubuğları olan “süni intelekt”ə onlar nə qədər çox şans versələr, bir o qədər də rahat onlar öz peşələrini ona bağışlayırlar və o sehrli çubuq onlara heç də yaxşı sürprizlər gətirmək niyyətində deyil.

Doğrudur, süni intelektdən durğu işarələrinin düzgün istifadəsində və müəyyən vaxt tələb edən digər məqamlarda istifadə etmək olar ki, bundan həm jurnalistlər, həm yazıçılar, həm də ümumi digər peşə sahibləri istifadə edə bilərlər. Bu süni intelektdən bu kimi mövzularda, vaxt itkisinin azaldılması üçün istifadə etmək ondan ən səmərəli istifadə etmək üsuludur. Ancaq problem ondadır ki, insanlar öz beyinlərinin məhsulunu süni intelekdə satırlar və zamanla öz beyinlərinin düşünməli olduğu hər şeyi oradan da ucuza almağa cəhd edirlər. Belə olduqda isə artıq özləri ideya yarada bilmirlər, beyinlərini hazıra, rahat öyrəşdirirlər.

Əslində, jurnalistikamızın qatili elə ən çox belə jurnalistlər olacaq.

 

İstədim ki, bu mövzuda həmkarım İlkin Məmmədkərimlinin də fikirlərini öyrənim.

Mövzu ilə bağlı media eksperti İlkin Məmmədkərimli bildirib ki, süni intellekt bir çox sahələrdə uğurla tətbiq olunsa da, mətbuat sahəsində tətbiq olunması heç yaxşı hal deyil:

"Ümumiyyətlə, mən düşünürəm ki, mətbuat sahəsində süni intellektə ehtiyac yoxdur.

Bəzi jurnalistlər var ki, məqalələri hətta ChatGPT-yə yazdırırlar. Məsələn, iki cümlə qura bilməyən, fikrini düzgün ifadə edə bilməyən insanlar birdən-birə mükəmməl yazılarla çıxış edirlər. Təbii ki, bu süni intellektin nəticəsidir. Amma süni intellektdən istifadə edən jurnalist, mənim fikrimcə, jurnalist adını daşıya bilməz. Əgər jurnalistin yazmaq qabiliyyəti yoxdursa, o jurnalist deyil.

Mən media sahəsində çalışan bir jurnalist olaraq deyə bilərəm ki, heç vaxt süni intellektdən istifadə etmərəm. Əgər kimsə ChatGPT-yə yazı yazdırırsa, o zaman o şəxs niyə maaş alsın ki, bu artıq jurnalistin işi deyil. Əgər jurnalist öz yazısını yazmırsa, o zaman niyə media orqanında çalışsın ki?!

Başqa sahələrdə yəni təhsil, səhiyyə  və texnologiya sahələrində istifadə etmək olar. Süni intellekt texnologiyası bank, texnologiya və digər sahələrdə çox faydalıdır, amma media sahəsində, xüsusilə yazılı mətbuatda ehtiyac yoxdur. Hər bir jurnalist illərlə öz üzərində çalışmalıdır, yazı bacarığını inkişaf etdirməlidir. Süni intellekt son 2-3 ildə mövcuddur, amma jurnalistika onillərlə formalaşıb.

Əgər yazını süni intellekt yazacaqsa, onda həmin jurnalist işdən çıxmalı və yerini bir kompüterə verməlidir. Saytlar da insanları işə götürmək əvəzinə, bir kompüterlə işi idarə etsinlər. Bu artıq “ChatGPT jurnalistikası” olar.

Bu səbəbdən mən birmənalı şəkildə süni intellektin mətbuat sahəsində istifadəsinin əleyhinəyəm".

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.