Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Hər son yeni başlanğıcdır, deyirlər. Kim üçün bu dünyada, kim üçün isə cənnət, cəhənnəm adlandırdığımız bir başqa aləmdə. Amma hər iki halda son bitmək deyil, keçməkdir. Bəzən isə seçməkdir.
Hər hekayənin sonu eyni bitmir. Hər son nə tam xoşbəxtlik, nə də tam bədbəxtlik gətirər. Önəmli olan başımıza gələnlərin boşuna olmadığını anlamaqdır. Anlamağı bacarmaq həm keçməyi, həm də seçməyi bacarmaqdır. Seçimlər səni növbəti mərhələyə hazırlayar, keçidlər isə əbədi həyata…
Əslində hər ikisi həyatdan xəbər verir. İnsan isə bu iki yolun arasında dayanandır: keçən də odur, seçən də.
Keçmək cəsarət istəyir, seçmək isə məsuliyyət. Hər ikisi insanı dəyişir. Çünki həyat elə budur: eyni qalaraq davam etmək deyil, dəyişərək yol almaqdır. Bitən sadəcə mərhələdir, insan yox. İnsan hələ burdadırsa, demək ki, hələ düşünür, seçir, qərar verir. Başlanğıc üçün bir seçimi, keçid üçün isə bir ümidi var.
Bəzən ən böyük başlanğıc, bir sonu olduğu kimi qəbul edə bildiyin andan başlayır.
“Ədəbiyyat və incəsənət”
(25.12.2025)


