Mənim üçün illərin qovuşuğu nədir? - esse Featured

 

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

İllərin dəyişməsi, yenisinin köhnəni əvəz etməsi, köhnə ilin bitməsinə saniyələr qalması, bax, illərin qovuşuğu dediyimiz məqam məhz budur. Zamanın nə qədər sürətlə axıb getdiyini dərk etdiyimiz o an...

 

Səsinə heyran qaldığımız çayın şırıltısı kimi axıb gedən, görünüşünə aşiq olduğumuz şəlalənin axınıtək sürətli, vaxtı bitəndə isə vətən səmasına qayıdan köçəri quşlar kimidir illər. Şırıltı sürəti ilə itir, dayanmaq nədir, heç bilmir. Elə buna görə də deyirik: “Bu il nə tez keçdi"

Bu həyatda ən məsuliyyətli anlayış elə zamandır. O, heç vaxt gecikmir. Yeni ilə girərkən bir çox insanın içində qəribə bir hüzur yaranır. Bunun adı keçmişdir.Keçmişin artıq keçmişdə qalması, bir yoxa bərabər olması və geri qayıtmayacağını bilmək hissi. O an bir cümlə səslənir: “Kaş belə olmazdi”. Amma “kaş”lar sadəcə insanı kədərləndirir.

İllər qovuşmaq üzrəykən əslində qovuşmur. Qovuşa bilmir. Sanki 2025 yaxınlaşır, 365-ci addımdan sonra 366-cı addım atılacaq. Yox-yox.O addım alınmır. Artıq 2025 geri çəkilir və yerini 2026-ya verir. Onlar eyni anda var olmaq istəsələr də, qismət deyil. Lakin illər əbədi olaraq insanların qəlbində qovuşur.

İli başa vurduqda xatirələr canlanır. Bir gün sürət qatarına çatmadığın üçün, səni gözləyən müəllimə verdiyin sözü tuta bilmədiyin üçün pilləkənlərdə oturub ağladığın an yadına düşür. Hətta bir insanı pişiyi sığallamağa məcbur etməyin verdiyi o saf sevinc belə xatırlanır.

Və anlayırsan ki, illərin qovuşuğu gəlməmiş, qısa bir zamanda hər kəsdən daha doğma bir mənanı ürəyində əbədiləşdirmisən.

O, özünü tənha hiss edəndə dərhal dərsdən çıxar, aylar öncə bağlanmış, ünvanı dəyişmiş köhnə ofisin olduğu yerə gedərdi. Yol boyu aylar əvvəl gördüyü hər şeyin eyni qaldığına şahid olardı: evsiz kişinin hələ də eyni yerdə oturması, pişiklərin eyni bucaqda gizlənməsi.  Bir şey bu qədərmi dəyişməz?

 

Min bir xatirəsi olan köhnə ofisə gedərdi, amma içəri girə bilməzdi. Çünki artıq ora bir yerə deyil, bir xatirəyə çevrilmişdi. Buna görə də həyətindəki skamyada oturar, ilin ən gözəl xatirələrini yada salardı. Ən pisi isə o idi ki, gözəl xatirələr ağlayaraq xatırlanardı.

Pəncərələri toz basmış, sahibsiz qalmış o məkanda yaşanan xoş anlar gözünün önünə gələrdi. Halbuki ona son deyilən söz bu olmuşdu: “Əvvəlki ofisdəki kimi deyilsən artıq” O isə öz-özünə deyərdi: Kaş əvvələ dönsəm.Kaş yenə bu yerin ən dəli, ən enerjili, eyni zamanda ən küsəyən insanı olardım. Hətta məni “mavibaş” deyə çağırardılar...

Şükür ki, dünyasını dəyişən yaxınlarının məzarına gedib dərdləşəcək kimsəsi yox idi. Amma itirdiyi insanla ən xoş günlərin yaşandığı məkanın qarşısındakı skamyada oturub hönkür-hönkür ağlayarkən, sanki bütün dərdlərini ona demiş olurdu. Bu da ilin ona ən çox təsir edən anı idi.

İllər bəlkə bir gün qovuşar.

O zaman -qovuşması imkansız olanların qovuşması diləyi ilə…

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.