Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Tarix bəzən böyük addımlarla irəliləyir. Amma o addımların altında kimlərin qaldığını göstərmir. Kosmosa gedən yol da belə oldu. İnsan ayağını orbitə qoymamışdan əvvəl, bir itin ürəyi orada dayandı. Onun adı Layka idi. Layka qəhrəman olmaq istəmirdi. O, Moskvanın küçələrində yaşayan adi bir küçə iti idi. Soyuğa, aclığa öyrəşmiş, həyatı səssizcə qəbul edən minlərlə sahibsiz itdən biri. Məhz buna görə onu seçdilər. Çətinliyə dözümlü, sakit və təkcə olan canlı.
1957-ci ildə insanlar kosmosdan qorxurdular. İnsan kosmosa getsə, orada sağ qalmaq mümkün olmayacaqdı. Bu qorxunun qarşısına isə bir can qoyuldu - insan yox, bir it.
Layka Sputnik-2 raketindəki dar, nəfəs almaq belə çətin olan kapsula yerləşdirildi. Kapsul geri dönməyə nəzərdə tutulmamışdı. Sadəcə, Layka üçün heç kim “sən sağ qalacaqsan” deyə bilmirdi.
Təlimlər aylarla davam etdi. Kiçildilən qəfəslərdə hərəkət edə bilmirdi, nəbizləri ikiqat artdı, qan təzyiqi yüksəldi. Onu santrifuqa ilə sınağa çəkdilər, raket səsləri ilə qorxutdular. Həyat artıq qorxu ilə ölçülürdü. Layka sakit idi. Digər itlərlə mübahisə etmirdi. Sovet alimləri onu “cazibədar və sakit” adlandırırdı. Bəlkə də məhz bu sakitliyi onun taleyini müəyyənləşdirdi.
Uçuşdan bir neçə gün əvvəl alimlərdən biri Laykanı evinə apardı. O, uşaqlarla oynadı, bəlkə ilk dəfə özünü sadəcə it kimi hiss etdi. Vladimir Yazdovski yazırdı: “Onun üçün gözəl bir şey etmək istəyirdim. Çünki yaşamaq üçün çox az vaxtı qalmışdı”.
3 noyabr 1957-ci il. R-7 raketi havaya qalxdı. Yer üzündə alqışlar vardı, qürur dolu radio dalğaları yayıldı. Amma kapsulun içində Layka tək idi. Səs, istilik, titrəyiş və anlamadığı bir yolçuluq.
Uzun illər onun sakitcə oksigeni bitdiyi üçün öldüyü deyildi. Amma həqiqət 2002-ci ildə açıqlandı: Layka uçuşdan bir neçə saat sonra hipertermiya — həddindən artıq istilik səbəbilə ölmüşdü. Sistem nasazlığı və çıxış yolu olmayan bir ölüm.
Onun ölümü kosmik proqramı dayandırmadı. Əksinə, yol açdı. Dörd il sonra Yuri Qaqarin kosmosa göndərildi. İnsanlar sevindi, tarix yazıldı. Layka kosmosa getdi. Geri dönmədi. Amma insanlığın vicdanında həmişəlik qaldı.
Mövzu ilə bağlı müraciət etdiyimiz Bakı Slavyan Universitetinin müəllimi Aynurə Əhmədova (foto onunkudur) bildirib ki, etika əxlaq haqqında elm olsa da, bu o demək deyildir ki, etika yalnız insan və insanlararası münasibətlərə aid problemləri tədqiq etsin:
"Etika, həmçinin insanın bütün fəaliyyət sahələrini əhatə edir. “Tətbiqi etika” adlı etikanın bölməsi məhz bu zərurətdən yaranıb. “Alimin etikası”, “ekoloji etika”, “bioetika” və s. kimi sahələri əhatə edir. XX əsrdə yaranmış bu sahələr insan davranışını tənzimləmək, müəyyən bir məqamda “dur!” deməklə, insanlığa, bəşəriyyətə və təbiətə zərər vurmamağa çağırır. Elmi tədqiqatlarda heyvanlardan istifadə müasir elmdə ən mürəkkəb etik dilemmalardan biridir. Bəzi tədqiqatçılar insanlara zərər olmaması üçün şüursuz varlıq olan heyvanlardan istifadə edilməsini məqsədəuyğun hesab etsələr də, bəziləri bunun tam olaraq əleyhinə çıxış edirlər".
Aynurə Əhmədovanın sözlərinə görə, heyvanlar üzərində aparılan tədqiqatlar saysız-hesabsız tibbi nailiyyətlərə və elmi kəşflərə töhfə versə də, digər növlər qarşısında mənəvi öhdəliklərimiz və məqbul elmi təcrübənin hüdudları ilə bağlı fundamental suallar doğurur:
"1957-ci ildə Sovet İttifaqı zamanı Kosmosa göndərilən Laykanın (əsl adı Kudryavka) taleyi bir çox insanlar tərəfindən kədərlə xatırlanır. Kosmosun canlı orqanizmlərə təsirini öyrənmək üçün həyata keçirilən tədqiqatda Layka - yeddi gün nəzərdə tutulsa da, - bir neçə saatdan sonra tələf olur. Bu hadisənin etik dəyəri minimal zərərlə maksimum faydanın əldə olunmasındadır. Onun hekayəsi bizi insanlığımızı və bütün həyata hörmətimizi qoruyaraq bilik əldə etməyə çağırır.
Laykanın “elmə töhvəsi” isə kosmosa insanın göndərilməsinin mümkünlüyü ümidini artırması oldu. Belə ki, 1961-ci ildə Yuri Qaqarin adlı adlı kosmonavtın uğurlu uçuşu gerçəkləşdirildi. Hazırda qarşıda duran məqsəd Marsın “fəth” edilməsidir.
Elmi nailiyyətlərin əldə olunması və inkişafı üçün elmə hər zaman qurban lazımdır".
A.Əhmədova qurban ifadəsinə əsasən vurğulayıb ki, bundan sui-istifadə etmək, “qurbanları” ifrata çatdırmaq, onlara zülm və əziyyət etmək olmaz:
" Uca Allah Quranda: “Yer üzündəki heyvanlar da, qanadları ilə uçan quşlar da ancaq və ancaq sizin kimi ümmətlərdir”.(Ənam surəsi, 38-ci ayə) -deyə buyurur".
“Ədəbiyyat və incəsənət”
(19.12.2025)


