Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”
İnsan yeganə varlıqdır ki, hekayələrlə yaşayır. Heyvanlar bunu etmir, onlar faktlarla yaşayır. Ac oldum, yeməyi tapmalıyam. Təhlükə var, qaçmalıyam. Sadə, birbaşa, real.
İnsan isə fərqlidir. Biz hekayələr yaradırıq və sonra bu hekayələrə inanırıq. Millət - hekayədir. Pul - hekayədir. Dövlət, din, ədalət anlayışı - bunların hamısı hekayələrdir.
Yuval Harari "Sapiens" kitabında yazır ki, insanı digər heyvanlardan ayıran əsas xüsusiyyət dil və ya hansısa alətin istifadəsi deyil, mücərrəd hekayələrə inanma qabiliyyətidir. Bu qabiliyyət sayəsində min naməlum insanı bir araya gətirmək, onları ortaq məqsəd ətrafında birləşdirmək mümkün olur.
Misal üçün "Azərbaycanlı" olmaq. Bu fiziki xüsusiyyət deyil, hekayədir. Biz hamımız ortaq tariximiz, dilimiz, mədəniyyətimiz olduğuna inanırıq. Və bu inam bizi birləşdirir. Amma reallıqda hər birimiz fərqli DNT-yə malikik, fərqli ailədə, fərqli mühitlərdə böyümüşük. "Azərbaycanlı" olmaq isə kollektiv hekayədir. Və ya pul. Kağız parçasına baxırsan ki, niyə bu qiymətlidir? Çünki hamımız buna inanırıq. Əgər sabah hamı inanmasa, pulun heç bir dəyəri qalmaz. Pul ən böyük kollektiv xəyaldır.
Amma hekayələrin gücü yalnız bunda deyil. Hekayələr bizim kim olduğumuzu da müəyyənləşdirir. Hər kəsin özü haqqında hekayəsi var - "mən kiməm, nə istəyirəm, həyatımın mənası nədir". Və bu hekayəyə əsasən yaşayırıq.
Narrativ psixologiya deyir ki, insan öz həyatını hekayə kimi qurur. Hadisələr baş verir, amma biz onlara məna veririk, onları bir-biri ilə əlaqələndiririk, səbəb-nəticə münasibətləri yaradırıq. Və bu proses sonu yaşadığımız həyatı deyil, danışdığımız hekayəni xatırlayırıq.
İki insan eyni hadisəni yaşaya bilər, amma fərqli hekayə danışa bilər. Biri deyəcək: "O gün həyatım dəyişdi, mən güclü olduğumu anladım". Digəri deyəcək: "O gün hər şey pozuldu, mən məğlub oldum". Eyni fakt, fərqli hekayə.
Və indi əsas bir sual ortaya çıxır: əgər biz öz hekayəmizi özümüz yaradırıqsa, onu dəyişdirə bilərikmi?
Cavab, bəli. Narrativ terapiya bu prinsipi işlədir. Psixoloqlar müraciətçilərə kömək edir ki, öz həyat hekayələrini yenidən yazalar. "Mən məğlub olmuşam" hekayəsini "Mən sınaq keçirmişəm və dərs almışam" hekayəsinə çevir.
Amma burada təhlükə də var. Biz o qədər çox hekayə yaradırıq ki, bəzən real ilə xəyalı ayırd edə bilmirik. Sosial media bu problemi daha da dərinləşdirir ki, hər kəs öz həyatı haqqında mükəmməl hekayə yaradır, amma bu hekayə reallığa uyğun deyil. Və biz başqalarının hekayələri ilə öz həyatımızı müqayisə edirik, özümüzü uğursuz hesab edirik. Amma unuduruq ki, onların hekayəsi də qurmadır, montajdır.
Deməli, hekayələr bizə güc verir, amma eyni zamanda bizi aldada da bilər. Kritik düşünmək lazımdır, hansı hekayələrə inanırsan? Kimin tərəfindən yaradılmışdır bu hekayələr? Onlar səni azad edir, yoxsa məhdudlaşdırır?
Və ən vacib hekayə insanın özü haqqında yaratdığı hekayədir. O, səni müəyyənləşdirir. Onu diqqətlə yazmaq lazımdır.
“Ədəbiyyat və incəsənət”
(28.11.2025)


