Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Hərdən özünü dünyanın ən xoşbəxti hərdən isə ən bədbəxti kimi hiss edirsən. Xoşbəxtlik yeni doğan günəşə ümidlə baxmaq ikən, bədbəxtlik qaranlığın ardından gələn işığı görsən belə ona çata bilməməkdir. Çünki hər işıq ümid deyil, bəzən yalnız qaranlığını aydınladan bir şəfəqdir.
İnsan üçün yaşam hər zaman xoşbəxtlik gətirmir. Bəzən bunu bilə bilə yaşamaq, hər nə qədər çətin olsa da yoluna davam etməkdir. Getmək qədər durmaq da çətindir. Bu iki duyğunun arasında ömür adlanan bir kitab yazılır. Səhifələri bəzən gülüş, bəzən də ağrıyla dolu. Hər sözü, hər cümləsi seçimlərimizin, susqunluqlarımızın, ümidlərimizin üstündə qurulur. Bəzi günləri səhifələrə sığdıra bilməzsən. Bu səni ən çox xoşbəxt edən, bitməsini istəmədiyin anları yazdığın, amma qəlbinin belə sığışdıra bilmədiyi xatirələrdir. Bəzi günləri isə heç bir səhifəyə yazmaq istəməzsən. Çünki o səhifələri heç vaxt açıb oxumaq istəməyəcəksən. Keçmişin tozlu künclərinə atarsan. Nə oxumağa, nə də xatırlamağa cəsarətin çatar.
Hər insan öz kitabını yazar. Ya qəhrəman olarsan, ya da öz hekayəsində belə söz haqqı olmayan bir kölgə. Hər hekayə yadda qalmır, yalnız hekayəsi qəlbə toxunanlar unudulmaz olur.
İndi düşün, əziz insan. Sən bu hekayədə hansı roldasan?
“Ədəbiyyat və incəsənət”
(24.11.2025)


