Sənə xatirəm olsun peşmanlıq nəğmələri... Featured

 

Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”

 

Sənə xatirəm olsun peşmanlıq nəğmələri...

Məhz buna görə yazıram. Çünki yazmaqdan başqa əlimdən heç nə gəlmir. Unutmağı bacarmıram amma yaza bilirəm. Və yazıram. Bəlkə bir gün bu peşmanlıqlar qurtarar, bəlkə də bir gün ürəyim dincələr. Amma o günə qədər qələmim dayanmayacaq.

 

Bu gün etibarilə üçüncü şeirlər kitabım çap olundu. Kitabın ərsəyə gəlməsində məndən öz köməyini əsirgəməyən şair həmkarım Həsən Lütfiyə xüsusi təşəkkür borcluyam. Onunla yanaşı kitabın redaktorlarından olan Əli Xankişiyevə də dərin minnətdarlığımı bildirirəm.

Bu kitabı bitirmək mənim üçün heç də asan olmadı. Bildiyiniz kimi, peşmanlıqdan doğan hisslərin ağırlığı insan həyatında uzunmüddətli təsir buraxır. Keçmişin kölgəsi bu günə qədər uzanır və bəzən elə ağır olur ki, qələmi əldə tutmaq belə çətinləşir. Ancaq məhz bu ağırlıq, bu daxili çarpışma yazdığım şeirləri formalaşdırıb, onlara can verib. Bu nəticədə yazılan şeirlər, oxunan nəğmələr insanın həyat yolunu müəyyən edir.

Kitabın ön sözünü də elə ilk sizlərə təqdim edirəm:

 

MƏN ŞEİRLƏ NƏFƏS ALIRAM

“Bir saat gözlərim şeirsiz qalsa, sanki dünyanın bütün gözəlliklərindən məhrum oluram. Şeir mənim üçün sadəcə sözlərdən ibarət deyil, o, həyatımın özüdür, dərdimin dilidir. Yazdığım hər misra ürəyimin bir parçasıdır, hər bənd isə keçmişimin qanlı səhifəsidir.

Bəzən özümü bu dünyaya aid hiss etmirəm. Sanki başqa bir yerdə həyatım olub, buraya isə sürgün edilmişəm. Bu qəriblik hissi məni boğur. Ətrafımdakılar gülür, amma mən ağlayıram içimdə. Onlar bayram edir, mənim ürəyim matəm tutur. Bəlkə də ona görə yazıram ki, bu dünyanın fəna sərhədlərini aşmaq üçün, bu unutqanlıq dünyasında bir iz buraxmaq üçün.

Üsyanımı yalnız şeirlərlə ifadə edə bilirəm, lakin bəzən bu da kifayət etmir. Sözlərim yorulur, ürəyim isə yorulmur ağlamaqdan. Bəzən qələmi əlimə alıram və özüm də bilmirəm nə yazacam. Sonra baxıram görürəm ki; "Mürəkkəbim də qandı, qələm viran, mən viran."

Elə yazmaq da bir növ qan itirməkdir mənim üçün. Hər şeir bir yaradan açılır..

"Peşmanlıq Nəğmələri" adı da təsadüfi seçilməyib. İnsan ömrünün ən ağır yükü peşmanlıqdır. Gec anlamaqdır hər şeyi.

"Mən sonra anladım ki, hə, bir az gec anladım."

İndi bu gecikmişliklər mənim şeirlərimin ətidir, qanıdır. Peşmanlıq elə bir duyğudur ki, sənin bütün varlığını bürüyür, gecələrini oğurlayır, gündüzlərini əlindən alır.

Neçə dəfə geri dönüb baxmışam keçmişə. Neçə dəfə özümə demişəm ki, kaş o zaman elə desəydim, kaş o anda belə etsəydim. Amma keçmiş dəyişilmir ki. O, daş kimi sərtdir, qayıdılmazdır.

"Gedən "sağ ol" deyəndə, gərək sağ olmayasan."

Amma biz sağ qalırıq axı, yaşayırıq, nəfəs alırıq. Özümüzə düşmanlıq edirik bu sağlığa görə. “Oxuyuram özümə düşmanlıq nəğmələri.”

Bəzən düşünürəm, bəlkə də yazmaq mənim günahımdır. Bəlkə də unutmalıyam hər şeyi, bağlamalıyam o köhnə səhifələri. Amma bacarmıram. Xatirələr qovur məni gecə-gündüz.

 

"O sahildə gözlədim, o son görüş yerində,

içimdən bir ah çəkdim yoxluğuna, bağışla."

 

Etdiyim ahların özü də bir şeirdir, göz yaşlarım ayrıca bir misradır.

İnsan nə vaxt başa düşür ki, əslində nəyisə itirməyib? O şeyi heç əldə etməyib ki, itirsin. Sadəcə xəyal qurub.

 

 "Elə bildim əzəldən tanrı bizi ayırmış,

elə bildim mən səni tanımadım nə vaxtsa."

 

Bu anlama ən acı anlamadır. Çünki göz yaşı tökdüyün insanın həqiqətdə sənin olmadığını, heç vaxt sənin olmayacağını anlamaq ölümdən betərdir.

Oxucularım mənə qol-qanad olur. Şeirlərim sevildikcə, üsyanım bir az da olsa dinə bilir. Hər oxuyan ürək sanki mənim bütün ağrılarıma şərik olur, hər baxış mənim göz yaşlarımı görür. Bəlkə də mənim yazdıqlarım sizin də başınızdan keçib. Bəlkə də siz də eyni döngədə qarşılaşmısınız kiminləsə, baxmısınız onun gözlərinə və heç bir iztirab görməmisiniz.

Bu, üçüncü kitabımdır. Əvvəlki iki kitabda da özümdən yazdım. Hər kitab mənim bir dövrümün şahididir. Birinci kitabda kiçik ümid var idi, ikincidə məyusluq, bu üçüncüdə isə... peşmanlıq. Təmiz, saf, acı peşmanlıq.

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.