Həyatın üç fəsli -ESSE Featured

 

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

 

Həyat dediyimiz uzun yol əslində üç mərhələdən keçir: uşaqlıq, gənclik və ahıllıq.

1.

Uşaqlıq – hər şeyin ilk dəfə yaşandığı bir dövrdür. İnsan bu dönəmdə təmiz və safdır, bəyaz vərəq kimidir. Dünya onun üçün həm sirrdir, həm də oyundur. Uşaqlar heç nəyi tam anlamasa da, hər şeyi hiss edirlər. Duyğuların ən səmimi və ən dəyişkən halına məhz bu zamanda rast gəlinir. Hər kəlmənin bir anlamı olmasa da, qəlbdə bir duyğu oyadır. Uşaqlıq hər kəsin doymadan yaşamaq istədiyi bir dövrdür.

2.

Gənclik – həyatın ən qarışıq, ən dəyişkən səhnələrini bu dönəmdə yaşayırsan. Gerçək həyatı dərk etdiyin, duyğularını həm daha dərin, həm də daha kəskin hiss etdiyin çağdır. İlk risklər, ilk cəsarətlər burada baş verir. Arzular böyüyür, qorxular baş qaldırır. Kim olduğunu anlamağa başlayırsan. Həyatla bağlı sualların çoxalır, hər şeyi sorğulamağa başlayırsan. Qərarsızlıq da artır. Bu, həm ən həssas, həm də ən dərin dövrdür. Dostluqlar səmimi, ayrılıqlar isə çox ağır gəlir. Gənclik gələcəyinə yön verəcək qədər güclü bir zamandır.

3.

Ahıllıq – payız kimidir. Yaz günəşindən gələn istiliyi hələ də içində saxlayır, ancaq artıq küləyin səsində daha çox keçmişin xatirələri eşidilir.

Ahıllıq üzləşməkdir – dünəninlə, bu gününlə, sabahınla. Hər keçən gün səni bir az daha yorur, amma eyni zamanda sənə sükut gətirir. Bu zaman anlayırsan ki, zaman heç yerə tələsmir. İnsan gəncliyin səs-küyündə onun nəbzini duymur. İndi isə öz yolunu, öz səsini daha aydın eşidirsən.

Çünki artıq zamanla barışırsan. Heç kim heç hara tələsmir — elə sən də.

 

Hər dönəm bir xatirəyə çevrilir; içində həm sakitlik, həm də bir az kədər daşıyan…

 

“Ədəbiyyat və incəsənət”

(17.11.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.