Bəlkə də mən böyüyürəm Featured

 

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Pərakəndə düşüncələr bədənimin hər zərrəsində bir ağırlıq kimi oturub. Sanki bir səssizlik qapayıb içimi. Kölgə kimi yaşayıram. Həyata dönməyə, dəyişən hadisələri izləməyə, toxunmağa nə ehtiyac duyuram, nə də özümü məcbur edirəm.

 

Adını qoya bilmirəm. Bu bir rahatlıqmı, yoxsa narahatlıqmı? Rahat olmaq da bir narahatlıq deyilmi? Hər şey yolunda görünən zamanda nədir içimi qovuran? Nədir mənə toxunmadan toxunan? Bir xatirəmi? Səsmi? Baxışmı? Yoxsa duyğularımın səssizliyində gizlənən bir çağırışmı?

Hər şey gözümün önündə canlanır, mən isə görə bilmirəm. Bəlkə də görmək istəmirəm. Hər şey dumana bürünmüş kimidir. Mən isə dumanda yox olmuş düşüncələrimi səsləyirəm. Nə görə bilirəm, nə də duya. Hər tərəf bir-birinə bənzəyir — sanki bir labirintin içindəyəm. Bütün yollar eyni yerə çıxır.

Bu artıq məni daraltsa da, addımlamağa davam edirəm. Bəzən nə üçün getdiyimi, niyə dayana bilmədiyimi anlaya bilmirəm. Bir tərəfim isə dayanmağımı istəyir. Bu iki düşüncənin ortasında dayanıb ətrafı seyr edirəm.

Durmaq gözəldir, amma nə üçün durduğunu bilsən. Getmək gözəldir, əgər hara getdiyini anlayırsansa. İndi mən olduğum yolda gah dayanıram, gah da addımlamağa davam edirəm. Mən bu yolun mənə nə gətirəcəyini axtarıram. Amma bir şeydən əminəm: dayanmaqla da, getməklə də böyüyür insan.

Bəlkə mən də böyüyürəm?

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.