Sahibə Yusif, “Ədəbiyyat və incəsənət” üçün
Hər bir xalqın tarixində elə günlər var ki, illərin yaddaşına yalnız tarix kimi deyil, nəfəs kimi yazılır. 8 noyabr bizim üçün belə bir gündür. O, sadəcə qələbənin tarixi deyil həm də səbrin, haqqın, duaların və göz yaşlarının zirvəyə çevrildiyi gündür. Uzun illər boyu torpaq dilsiz bir dərd daşıdı. Yurd adları xəritələrdə qara kölgələr kimi qaldı. Biz bu həsrəti yaşadıq ... amma heç vaxt qəbul etmədik. Torpaq bizim onuuntmamağımız üçün, sanki inildəyirdi. Biz də unutmadıq.
VƏTƏN UNUDULMAZ ki.
Zəfərin özü isə səssiz gəlmir.
Onun arxasında anaların gecəyarısı pozulan yuxuları, ataların içindən çıxa bilmədiyi ahlar, bacıların gizlətdiyi göz yaşları, nişan üzüyü payızda masanın üzərində soyuq qaldığı qızların susqunluğu var.Və bir də — əsgər addımı.
Ən ağır yükləri çiyninə qoyub, ən çətin sözləri içində saxlayıb irəli gedən bir addım.
Torpaq, mən qaytardım səni, deyən o addım.
Və bu təkcə sevinc deyil həm də başımızı aşağı salıb əbədiyyətə köçənlərin adını pıçıldamaqdır. Şanlı əsgərin bir də məqamı uca Şəhidin zəfəridir o gün.
Onlar getməsəydi, bu gün bu torpağın küləyi belə başqa cür əsəcəkdi.
Torpaq azad olanda yalnız sərhədlər dəyişmir ... insanın içində də bir çox şey dəyişir. Hər şey öz yerinə dönür. Sanki ruh nəfəs alır, sanki ağaclar budaqlarını daha məğrur açır, sanki günəş bu torpağın üzərinə daha isti doğur.
Biz bəzən “Qələbə bizimdir” deyirik.
Amma əslində qələbə bizi seçdi.
Çünki biz ona layiq idik.
Dalğalan mənim üç rəngli Bayrağım!
Yaşa mənim Şanlı Əsgərim.
İndi dağların başı dumana yox, bayrağa bürünüb... bunu sən etdin mənim məğrur ŞƏHİDiM
İndi yollar geri yox, irəli aparır bizi.
İndi bu torpaq yalnız torpaq deyil — şəhid nəfəsi, qazi izi, əsgər addımının səsidir.
ZƏFƏRİN MÜBARƏK AZƏRBAYCAN!!!
“Ədəbiyyat və incəsənət”
(08.11.2025)


