TƏLƏBƏ YARADICILIĞI – Nahidə İsmayılın essesi Featured

 

“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında növbəti tələbə yazısını təqdim edirik. ADA Universiteti 2-ci kurs tələbəsi Nahidə İsmayılın yazdığı “O yollar” essesi 8 Noyabr - Zəfər Gününə həsr edilibdir.

 

NAHİDƏ İSMAYIL

“O YOLLAR”

 

“Barıt qoxulu o yollar, o yollar

Səni bəs nə vaxt qaytarar, qaytarar?”

 

Qarabağ…İşğal…Qaçqınlar…Gündəliyin arxasındakı işğal tarixləri… Böyüklər sözlərində yaşatdılar bizə o günləri. O vaxtlar yaşamamamıza, o acıları gerçəkdə çəkməməmizə rəğmən Qarabağ bizim də qəlbimizdə böyük bir yara olmuşdu.

Bir mətn xatırlayıram dərslikdən. Diyarından didərgin düşmüş bir Qarabağ atı haqqında idi. O at sanki Qarabağdan yox, həyatdan didərgin düşmüşdü. Yemirdi, içmirdi, vətənsiz yaşamaq istəmirdi. Bir yarış günü uzaqdakı dağı Qarabağa oxşatmışdı. Vətəndən ayrı düşmüş varlıq üçün hər uzaq, əlçatmaz məsafə vətənəmi bənzəyərdi? Çünki vətən də çox uzaqlarda idi.

O dağa qaçarkən yolda ölmüşdü o at. Gedib çata bilməmişdi öz Qarabağına. Ən son göydəki günəşə baxanda bir təsəllisi vardı. Eyni günəş onun Qarabağına da işıq saçırdı.

Atın zülüm yaşadığı həmin həyatdan insanlar nələr çəkmişdilər? Onlardamı hər üfüqə baxdıqda “O uzaqlarda Qarabağ var” deyərdilər? Onlardamı eyni səma, eyni günəş altında olmaqdan ümid görərdilər? Onlardamı tək torpaqdan deyil, öz həyatlarından qaçqın düşmüşdülər? İnsanlar həqiqətən nələr çəkmişdilər?

O gün ilk dəfə nifrət nədir başa düşdüm. Düşmən nədir daha yaxşı anladım. Qəzəb hissim ilk dəfə o qədər qabardı. İntiqam almaq istəyirdim, amma gücüm sadəcə əlimdəki kitaba çatırdı…

Divarda Azərbaycan xəritəsi asılmışdı. Qalxıb xəritəyə, Qarabağa baxdım. Qarabağ uzaqlarda… Qarabağ səssiz… Qarabağ hüzünlü… Qarabağ bizsiz… İnsanlar düşmənin əlindən qaçqın düşdülər o torpaqlardan. Qarabağ, sən düşmənin əlində nələr çəkirdin?!

Bu hadisənin üstündən aylar keçdi. Divardan asılmış hər Azərbaycan xəritəsində ilk Qarabağı görürdüm. Vətənsiz qıvrılan o atı görürdüm. İçimə hüzün, bir az da ümidsizliklik dolurdu.

2020-ci il, sentyabr ayı… Səfərbərlik vaxtı idi. “Müharibə olacaq” - deyirdilər. Müharibə… Bu söz ürəyimi əsdirirdi. Müharibə tökülən qan demək idi, müharibə göz yaşı demək idi, kimi üçün atasız, kimi üçün balasız qalmaq demək idi. Müharibə kədərin başqa adı idi.

Çox keçmədən deyilənlər gerçək oldu. Sentyabrın 27-si müharibə başladı. O günlərdən bir filmdən xatırlayırmış kimi kadrlar xatırlayıram. Gülərək müharibəyə gedənləri xatırlayıram. “İllərdir bu günü gözləyirdik” deyənləri xatırlayıram. Mən müharibə olacaq deyə üzülərkən şəhid olacaq deyə gülənləri xatırlayıram. Hər gün şəhid saylarını eşitdiyimizi xatırlayıram. Ağlayan anaları, “Atam hanı?” deyən uşaqları xatırlayıram. Havanı xatırlayıram. “Əsgər fəslidir” deyirdilər. Nə yağış yağırdı, nə şaxtalı soyuq, nə də qızmar isti var idi. Hava da dəstək olurdu əsgərlərimizə…

Sonra bir gecə xatırlayıram. Həyətdən səslər gəlir, kimsə göyə fişəng atırdı. Anam otağa sevinclə gəlib “Cəbrayıl azad olub!” dedi. Gecə idi. Yuxulu idim. Bəlkə, elə gördüyüm də yuxu idi.

Səhər oyananda gerçək olduğunu öyrəndim. İlk dəfə bir ümid hiss etdim. Sanki donaraq izlədiyim o filmdə mən də canlanmışdım. Artıq ümidim var idi. Cəbrayıl çoxu üçün ümid olmuşdu. Bəlkə… bəlkə Qarabağın hamısı qayıdardı…

O vaxtlar hər gün günlük yazırdım. Hər gün yaşadığım o filmdən yazırdım. O cəsur əsgərlər adımızı tarixə qızıl hərflərlə yazərkən mən də öz dəftərimə öz hislərimdən yazırdım. Azad olunan hər torpaqdan yazırdım. Füzuli... Zəngilan... Qubadlı… 30 il əvvəl uşaqların tüfəng səsləri ilə oyandığı gecələr biz fişəng səsləri ilə oyanırdıq.

Filmin 44-cü kadrı idi. “Şuşa azad olub!” deyə qışqırdılar. İlk dəfə mən də həyətdə idim. Bitmişdi hər şey. Qarabağ bizim idi. Kimi qışqırır, kimi gülür, kimi əlində bayraq qaçırdı. Mən isə evə tələsirdim. Axşam yazmaq gec olardı, elə indi olanları günlüyə yazmalı idim.

Evə çatan kimi əlimə aldım günlüyü. Bu günlüyün ən xoşbəxt səhifəsi olacaqdı. Boş səhifə açdım. Başlıq: 08.11.2020

Əllərim əsirdi. Hardan başlayacağımı bilmirdim. İki söz yazdım: “Bu gün”. Qələmi geri çəkdim. Nə yazım, necə yazım? Gözümü tarixə zilləyib düşünürdüm. İlk dəfə günlük yazmaq bu qədər çətin idi.  Ağlıma bir şey gəlir, qələmi kağıza yaxınlaşdırır, amma tez geri çəkirdim. Tarixə baxdıqca kövrəlirdim. 90-cı illərdə insanların çəkdiyi zülümlər, məktəb dərsliklərindəki şəkillər, bir də həyətdəki “Qarabağ azaddır!” qışqırıqları beynimdə canlanırdı. Dəftər önümdə göz yaşlarımla islanırdı.  Qələmi son dəfə vərəqə yaxınlaşdırdım. Bacarmırdım, içimdəki duyğunu sözlərə tökməyi bacarmırdım. “Bu gün” dən sonra 3 nöqtə qoyub dəftəri bağladım və hönkürtü ilə ağlamağa başladım.

Birdən xəritə yadıma düşdü. Ayağa qalxıb divardakı həmin xəritənin önündə dayandım. Bir neçə ay bundan əvvəl xəritənin önündə bizə həsrət qalan Qarabağa ağlamışdım. İndi yenə eyni xəritənin önündə Qarabağa “Ağlama, biz qayıtdıq!” dedim.

O yollar…

Bəlkə hələ də barıt qoxuyan o yollar…

Vəfalı idi o yollar…

Sözündə durmuşdu o yollar…

Cənab leytenant, nəhayət, o yollardan bizə hay verdi…

Və nəhayət, savaşdan xoş müjdəli pay verdi…

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.