“Şərəf lövhəsi” rubrikasında çəkməçi Muxtar Nəzərov Featured

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Məcburi köçkün həyatı hər kəs üçün çətin və sınaqlarla doludur. Lakin bu sınaqlar bəzən insanlarda güclü iradə, peşəyə sevgi və əmək əzmi formalaşdırır. Qubadlı rayonunun Mərdanlı kəndindən məcburi köçkün düşmüş Muxtar Nəriman oğlu Nəzərov da belə insanlardandır.

 

2000-ci ildən ayaqqabı ustası - əvvəllər çəkməçi deyilərdi - kimi fəaliyyət göstərən Muxtar usta artıq 25 ilə yaxındır ki, bu sənətlə məşğuldur. O, hazırda Sumqayıt şəhərinin 1-ci mikrorayonunda yerləşən ayaqqabı təmiri köşkündə çalışır. Kiçik bir köşk olsa da, Muxtar ustanın əlləri ilə orada böyük işlər görülür, köhnə ayaqqabılar yenilənir, dəlik-dəlmək ayaqqabılar yenidən geyilə biləcək vəziyyətə gətirilir. Hər cür təmir işinə ustalıqla yanaşan Muxtar usta, işinə göstərdiyi dəqiqlik və səliqə ilə müştərilərinin rəğbətini qazanıb.

Sənətinə böyük sevgi bəsləyən Muxtar Nəzərov üçün bu iş sadəcə bir qazanc vasitəsi deyil, həm də onun həyat tərzidir. O, öz peşəsinə hörmətlə yanaşır və bu sahədə daim inkişaf etməyə çalışır. Ona müraciət edən insanlar ustanın həm peşəkarlığından, həm də insanlığından razılıq edirlər.

Muxtar usta kimi insanlar cəmiyyətimizdə zəhmətkeşliyin, dürüstlüyün və sənətə bağlılığın nümunəsidir. Onların əməyi, səbr və zəhməti sayəsində bir çox dəyərlər yaşamaqda davam edir.

Biz Muxtar Nəzərovdan “ayaqqabının uzunömürlü olması üçün bir neçə sadə qaydalar” öyrənib oxucularımıza ərməğan edirik, təki ustanın və bizim yazının onlara bir faydası dəysin:

Düzgün qulluq: Ayaqqabılarınızı mütəmadi olaraq təmizləyin və nəmləndirin. Xüsusilə dəridən hazırlanmış ayaqqabılar üçün dərini qoruyacaq sprey və ya yağlardan istifadə etmək faydalıdır.

Ayaqqabı üçün uyğun mühit: Ayaqqabıları uzun müddət nəm və ya çox isti yerdə saxlamayın. Bu, materialların zədələnməsinə səbəb ola bilər. Ayaqqabılarınızı hər zaman havalandırılmış, quru bir yerdə saxlayın.

Ayaqqabılarınızı dövrü olaraq dəyişdirin: Hər gün eyni ayaqqabını geyməyin. Ayaqqabıların nəfəs alması və formalarını itirməməsi üçün onları mütəmadi olaraq dəyişmək yaxşıdır.

Ayaqqabının altını yoxlayın: Ayaqqabının altındakı rezin və ya dəridən ibarət hissələrin vəziyyətini izləyin. Zədələnən hissələri tez bir zamanda təmir etmək, ayaqqabının daha uzun müddət davam etməsini təmin edər.

Baxım üçün düzgün vasitələrdən istifadə edin: Ayaqqabının növünə görə (dəri, qumaş, süet və s.) düzgün təmizləyici və qoruyucu vasitələrdən istifadə etmək vacibdir. Ayaqqabınızın formasını qorumaq üçünsə içliklərdən istifadə etmək faydalıdır. Bu, xüsusilə sərt dəridən olan ayaqqabılar üçün vacibdir.

Bunlara riayət etməklə ayaqqabınızın ömrünü xeyli uzada bilərsiniz!

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.