Keçmiş Fransa prezidenti özü ilə həbsxanaya hansı kitabları götürüb? Featured

Varis, “Ədəbiyyat və incəsənət”

 

Orta statistik Sovet Azərbaycanı vətəndaşından “kitab nədir” deyə soruşulsaydı,  düşünmədən “kitab bilik mənbəyidir” cavabını verərdi, üstəlik, Lenin babasının “Oxumaq, oxumaq, yenə də oxumaq” şüarını sitat gətirərdi. Orta statistik müstəqil Azərbaycan vətəndaşı isə bu suala yaşından, zümrəsindən, cinsindən asılı olaraq ən müxtəlif cavablar verəcək, kimisi üçün kitab dərs ləvazimatı, kimisi üçün motivasiya, şəxsi inkişaf və karyera vasitəsi, kimisi üçün başqatma aləti, kimisi üçün lazımsız kağız topası, kimis üçünsə artıq arxaikləşmiş, keçmişdə qalmış bir nəsnədir.

 

Əlbət ki, mən kitabın əsl dəyərini bildirmək üçün bu yazını yazmadım, kitabın əsl dəyərini verənlər veribdir, anlayanlar da anlayırlar, bilənlər də gözəl bilirlər ki, kitabla dostluq edənin qazanacağı itirəcəyindən qat-qat çoxdur.

Bu müqəddəməylə yazıma sadəcə ona görə başladım ki, kitablardan danışacağam, daha doğrusu, keçmiş Fransa prezidenti, dünənki tarixdən Parisdəki "Sante" həbsxanasında beşillik cəza çəkməyə başlamış Nikolya Sarkozinin həbsxanaya özüylə apardığı kitablardan. Təsəvvür edin, Sarkoziyə özü ilə cəmi 3 kitab götürməyə icazə verilibdir. Əcaba, bu hansı kitablardır? Həqiqətən, məni çox ilgiləndirdi mövzu.

Ümumən, iraq olsun, insana 5 illik həbs müddətində özü ilə götürməyə cəmisi 3 kitab icazəsi verilsə, hansı ki bu uzun müddətdə bu kitabları dönə-dönə oxumaq, azı vəqərləmək imkanın olacaqdır, o hansı seçimi edər? Hansı kitabları seçər ki, onları oxuduqca oxumaq mümkün olsun?

Qayıdaq Sarkoziyə, seçdiyi kitablardan əvvəl, məlumatsız xucuya keçmiş Fransa prezidentinin həbsi səbəbini açıqlayım. O, 2007-2012-ci illərdə Fransa dövlətinə rəhbərlik edərkən, cinayətkar razılaşmada iştirakda günahkar elan edilib - seçki kampaniyasını maliyyələşdirmək üçün mərhum Liviya diktatoru Müəmmər Qəddafinin köməyini alıbdır. Və Sarkozi  İkinci Dünya Müharibəsindən sonra nasistlərlə əməkdaşlıq etdiyi üçün məhkum edilmiş marşal Filipp Petendən sonra həbsə düşən ikinci Fransa prezidentidir.

"Xəbsxanaya günahsız insanı salırlar", -deyə "Sante" həbsxanasına gedərkən şikayətlənən 70 yaşlı Sarkozi Fransa qanunlarına görə, yalnız həbs müddətini çəkməyə başladıqdan sonra apellyasiya məhkəməsinə azadlıq üçün müraciət edə bilər və məhkəmə onun müraciətinə baxmaq üçün iki aya qədər vaxt ala bilər.

Euronews-dan izlədiyim süjetdə keçmiş prezidentin 5 il yaşayacağı 11 kvadrat metr ölçüsündə olan hücrəsini gördüm, burada yemək hazırlamaq üçün plitə, kiçik masa və duşlu tualet var. Ona ayda 14 avro müqabilində televizordan habelə idman zalından istifadə hüququ da verilibdir.

İndi isə vəd verdiyim kitablar barədə. Sarkozi "Le Figaro"ya bildirib ki, özü ilə Aleksandr Dümanın 2 cildlik "Qraf Monte-Kristo" kitabını və İsanın biografiyasını götürübdür.

Yəqin ki, məşhur "Qraf Monte-Kristo”nu oxuyanlar az deyildir, 1846-cı ildə yazılmış bu roman simvolikdir: onun qəhrəmanı Edmon Dantəs ədalətsiz şəkildə 14 il həbsdə qalıbdır və birinci cildin sonunda həbsxanadan qaçaraq intiqam planı qurubdur. Sarkozinin Dantəs kimi həbsdən qaçıb-qaçmayacağını demək çətindir, amma məhz bu kitabın seçimi, düşünürəm ki, heç də təsadüfi deyil, çünki keçmiş prezident Dantəs kimi durmadan günahsız olduğunu iddia etməkdədir.

İkinci kitab –“İsa”Jan-Kristian Petifis tərəfindən 2011-ci ildə nəşr olunubdur və İsa Peyğəmbərin həyatına mükəmməl şəkildə sənədləşdirilmiş bir yanaşma təqdim edir. Petifis tarixi mənbələrə və araşdırmalara əsaslanaraq, dini hekayələrdən fərqli bir portret çəkməyə müəssər olubdur. Olsun ki, dini kitabın seçimi isə ağır təcrid rejimində mənəviyyatın qorunub saxlanılmasına xidmət edəcəkdir.

Sarkozi onu da bildirib ki, həbsxanada özü də bir kitab yazmaq niyyətindədir.

Bax belə bir aqibət. Trium, zirvə, sonra fiasko, həyatın dibi. Və dada yetən iki təsəlli kitabı.

Kitabları ən azı ona görə mütaliə etmək, sevmək lazımdır ki, dar ayaqda hansıları  seçəcəyimizi müəyyənləşdirə bilək.

 

Foto: David Mounriquard, AP

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.