Ali məktəb tələbələri arasında məqalə müsabiqəsində portalımızın əməkdaşı fərqlənib Featured

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət”

 

Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı, “BDU könüllüləri” təşkilatının dəstəyi ilə ali məktəb tələbələri arasında “Hər qarışı Vətəndir” mövzusunda məqalə müsabiqəsi keçirilib, qaliblər müəyyənləşdirilərək mükafatlandırılıblar.

 

BDU-da keçirilən mükafatlandırılma mərasimində çıxış edən universitetin rektoru Elçin Babayev Qərbi Azərbaycanın əzəli torpaqlarımız, qan yaddaşımız olduğunu bildirib. O qeyd edib ki, Qərbi Azərbaycan məsələsini milli-mənəvi yaddaşımızda daha da möhkəmləndirmək üçün ali təhsil müəssisələrinin, alim və tələbələrin üzərinə böyük məsuliyyət düşür. Bunun üçün arxiv sənədləri, şəkilləri əsasında tədqiqatlar aparılmalı, Azərbaycan dövlətinin bu məsələ ilə bağlı beynəlxalq hüquq istiqamətində atdığı addımlara dəstək göstərilməlidir. Keçirilən müsabiqə bu baxımdan çox önəmlidir. Prezident İlham Əliyev ən yüksək kürsülərdən ölkəmizin mövqeyini bəyan edir. Qərbi Azərbaycan İcması bu istiqamətdə uğurla fəaliyyət göstərir. BDU-da Erməni Araşdırmaları və Təlim Mərkəzi fəaliyyət göstərir. Son illər BDU-da Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi yaradılıb. Hazırda bir neçə fakültənin iştirakı ilə Qərbi Azərbaycanla bağlı tədqiqatlar aparılır.

Milli Məclisin deputatı Hikmət Babaoğlu, MM Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov çıxışlarında müsabiqənin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, milli yaddaşın və tarixin öyrənilməsində ədəbiyyat çox təsirli vasitədir. “Hər qarışı Vətəndir” mövzusunda məqalə müsabiqəsi tarixi yaddaşa qayıdış yolunda önəmli vasitədir.

Sonda müsabiqənin qalibləri mükafatlandırılıb.

1-ci yer. Qasım Xəlilov, BDU

2-ci yer. Hümbət Bədəlov, BDU

3-cü yer, Nigar Xanəliyeva, SDU.

Azərbaycan Dövlət İqtisad Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Dillər Universitetinin tələbələri Aygün Fərzəliyeva, Yasin Salehov və Rahilə Məmmədova isə həvəsləndirici mükafata layiq görülüblər.

Xatırladaq ki, Nigar Xanəliyeva portalımızın əməkdaşıdır, hazırda Türk Mədəniyyəti və İrsi Fondu ilə portalımızın birgə Türk dünyası ünlüləri layihəsini icra edir.

Sonda bütün mükafatçıları, o cümlədən Nigar xanıma elmi və yaradıcı  fəaliyyətlərində uğurlar arzu edirik!

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.