İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Əlbət ki sosial mediada Kəramət Böyükçöl adı çox məşhurdur. Facebook-da statusunu 1000 plyus adam oxuyur, internet televiziyalarında müsahibəsini 20-30 min insan izləyir. Statusman kimi daha məşhurdur. Amma “yazıçı Kəramət Böyükçöl” kimi təqdim edilir, demək, yazıçılarımız arasında Çingiz Abdullayevdən sonra ən məşhurudur
Kəramət Böyükçöl 17 oktyabr 1987-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Atası, məşhur şair Qəşəm Nəcəfzadə tələbə yoldaşı və şair Kəramət Şükürovun adını ona qoyub. Səbail rayonu 51 saylı orta məktəbi bitirib. 2007–2011-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olub. 11 noyabr 2015-ci ildə sərt tənqidləri və çıxışları səbəbilə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən kənarlaşdırılıb.
Kəramət Böyükçöl üzvlükdən kənarlaşdırılqdan sonra da davamlı olaraq Azərbaycan Yazıçılar Birliyini və onun üzvlərini tənqid edir. O, koronavirus dönəmində - 18 avqust 2020-ci ildə kirayə qaldığı evdə sərxoş halda "Facebook" hesabından açdığı canlı yayımda hökuməti sərt tənqid edərkən bir günlük həbs həyatı da yaşayıbdır, bir gün sonra sərbəst buraxılıb və xəstəxanada məcburi müalicəsinə başlanılıb.
"YouTube" kanalında "Kəramətinə şükür" adlı həftəlik proqram hazırlayıb və bu proqramda siyasi və ictimai mövzular müzakirə edilib. 7 oktyabr 2021-ci ildə sağlamlıq problemləri ilə əlaqədar olaraq təkrar məcburi müalicə üçün Bakı Şəhər Narkoloji Dispanserə yerləşdirilib və 3 həftə sonra, 26 oktyabr 2021-ci ildə müalicəsini tamamlayaraq buraxılıb.
2023-cü ildə "Elçibəyin sirri" adlı kitabını oxucularına təqdim edib
Uzun müddət fəaliyyətini səyyar kitab satıcısı kimi davam etdirib, 31 yanvar 2024-cü ildə Kerazon adlı kitab mağazasını açıb. O, daha sonra bu mağazanı bağlayıb və"yeriyən kitab mağazası" ilə ölkənin regionlarında kitablarının satışını təşkil edib.
O, 2025-ci ilin avqustundan "Böyükçöl" adlı mikroavtobus səyyar kitab evini açıb.
Kitabları
1. Çatlamış fincan
2. Çöl
3. Səkkizinci gün
4. Məni kim tapa bilər?
5. Əlqəmə
6. Səs
7. Fərarinin həyat sevgisi
Və mütləq onu da deyim ki, Kəramətin status tənqidindən qorxan əksər məmur kitab festivallarında qapı ağzında stol qoyub kitab satan Kəramətin kitabını almağa minimum 50 manatlarından keçirlər.
“Ədəbiyyat və incəsənət”
(17.10.2025)