“Sizlər əbədi yaşayacaqsınız” - Ramiz Quliyevin xatirəsinə Featured

 

Elçin Əliyev,

Azərbaycan Milli Konservatoriyasının 1-ci kurs  magistr  tələbəsi, “Ədəbiyyat və incəsənət” üçün

 

Yeni nəslin nümayəndəsi kimi mənim üçün musiqinin gələcəyi, onun taleyi daim narahatlıq doğurur. Uşaqlıq illərimizdə televiziyadan izlədiyimiz, sənətə marağımızı oyadan, bizə stimul verən ustad sənətkarlar bir-bir aramızdan köçürlər. Azərbaycan musiqi mühitində ağır itkilərlə üzləşirik: Muğamımızın Arifi indi isə Ramiz Quliyev… Onlar təkcə ifaçı və ya müəllim deyil, həm də milli musiqi yaddaşımızın canlı daşıyıcıları idilər.

 

Ramiz Quliyev bir müsahibəsində demişdi: “Dinləyin bu aləti — bu, sizin mənəvi ruhunuzun təcəssümüdür.” O, təkcə tarın səsini deyil, Azərbaycan xalqının ruhunu səsləndirirdi. Quliyev təkcə üstad ifaçı kimi deyil, həm də musiqi maarifçisi kimi nəsillər arasında körpü rolunu oynadı. Onun “Ləpələr”-i artıq sadəcə musiqi deyil, milli identitetin səsli ifadəsi idi.

Bu gün musiqi cameəsində bizi sənətə, ruha, milli dəyərlərə bağlayan üstadların sayı getdikcə azalır. Onlar Azərbaycan musiqisinin sütunlarıdır, Azərbaycan musiqi mədəniyyətini ayaqda saxlayan mənəvi dayaqlardır. Biz bu sütunların sayəsində öz mənəvi aclığımızı doyururuq. Lakin sual yaranır: bəs bu sütunların hər biri bir-bir yıxıldıqda nə olacaq? Bu, həyatın qanunudur, zaman hər kəsi aparır. Amma itkilərin qarşısını ala bilməsək də, onların mirasını qorumaq bizim vəzifəmizdir.

Bu baxımdan, müasir etnomusiqişünaslığın qarşısında duran ən mühüm vəzifələrdən biri, hələ də həyat və yaradıcılıq fəaliyyətini davam etdirən sənətkarlarımızla müntəzəm görüşlər təşkil edərək onların şifahi ənənəli xalq yaddaşını, sənət təcrübəsini və ifa üslubunu yazılı şəkildə sənədləşdirməkdir. Eyni zamanda, artıq dünyasını dəyişmiş üstad sənətkarların tələbələri, ailə üzvləri və yaxın mühitləri ilə əlaqə yaradılmalı, onların xatirələri, söylədikləri faktlar və sənət haqqında şəxsi müşahidələri toplanmalıdır.

 

Belə materiallar yalnız bioqrafik məlumat deyil, həm də xalq musiqisinin sosial və mənəvi kontekstini anlamaq baxımından dəyərli mənbələr sayılır. Bu məlumatların sistemləşdirilməsi və elmi dövriyyəyə daxil edilməsi, gələcək nəsillər üçün şifahi ənənədən yazılı etnomusiqişünaslığa keçidin mühüm mərhələsi olacaq.

Eyni zamanda, ucqar bölgələrimizdə, kəndlərimizdə yaşayan istedadlı gənclərin də aşkara çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi mühüm vəzifə kimi qarşıda durur. Biz bu addımları atmaqla təkcə keçmişi qorumuş olmuruq, həm də gələcək musiqi mədəniyyətimizin təməlini möhkəmləndiririk.

Təkcə bu il baş tutan ağır itkilər məni yazmağa vadar edir. Ramiz Quliyevin timsalında- Azərbaycan musiqisini adları ilə yaşadanlar, sizin kimi sənətkarların xatirəsi bizim üçün yalnız nostalji deyil. Bir məktəbdir, bir missiyadır. Sizlər Azərbaycan musiqisinin yaddaşında əbədi yaşayacaqsınız.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.