Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
İnsan qarşısındakını anladığını nə zaman hiss edər? Empatiya qurandamı, gözlərinə baxandamı, yoxsa dinləyərkən?
Empatiya quranda özünü onun yerində hiss edib eyni duyğunu yaşamağa çalışırsan. Sanki bu, sənin də başına gəlmiş hadisədir. Bu zaman qarşındakı insanın içində nələr baş verdiyini sən də hiss edirsən.
Gözlərinə baxmaq — sükutun dilini anlamaqdır. Səssizcə, danışmadan gözlərindən oxumaqdır. Hər baxışın səssizliyində gizlənən sözü tapmaqdır.
Dinləmək — deyilən hər kəlmənin, hər sözün arxasında gizlənəni axtarıb tapmaqdır. Ona görə də kiminsə baxışını, danışığını, hisslərini, yaşamını sadəcə görmək yox, onu hiss etmək lazımdır. O zaman nəyin doğru və ya saxta olduğunu daha yaxşı fərqinə varırsan.
Necə hiss etdiyin deyil, nə hiss etdiyindir önəmli olan.
Bəzən insanlar səni anlayır kimi görünür, amma səssizliyini eşitmirlər.
Bəzi insanlar susqunluqları ilə kömək istəyirlər.
Hər kəlmənin, hər baxışın arxasında bir hekayə gizlənir.
Və sadəcə anlayan insan bu hekayəni oxuya bilir.
Bəzi insanlar anlamadan, dinləmədən cavab verməyə çalışar. Halbuki dinləmək — anlamanın başlanğıcıdır.
O zaman anlayırsan ki, həyat sənə bütün rəngləri göstərir. Sən isə daha çox ən sevdiyinə baxırsan...
“Ədəbiyyat və incəsənət”
(16.10.2025)