Könül, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasında dərc edilən növbəti məktub Mehman İmanovdandır. O, “Sənə bir söz deyim heç kimə demə” adlı şeirini göndəribdir. Şeiri bəyəndik və məmnuniyyətlə dərc edirik. Bir qədər yumorla, bir qədər zarafatyana yazılmış kimi gəlir ilk baxışda adama. Amma burada dərin bir lirika, qara sevdanın gətirdiyi qüssə, kədər, həsrət qövr edir.
Xoş mütaliələr.
Sənə bir söz deyim heç kimə demə
Sənə bir söz deyim heç kimə demə,
Son vaxtlar yuxumu yaman qatıram.
Hicrin güc gələndə, yuxum qaçanda,
Gözəlim, rəsminə baxıb, yatıram.
Sənə bir söz deyim heç kimə demə,
Bunu mən hamıya sirr eyləmişəm.
Səninlə ilk görüş yerimizi mən,
Ocaq eyləmişəm, pir eyləmişəm.
Sənə bir söz deyim heç kimə demə,
Əlim gəlmir siləm rəsmini sənin.
Sənə bir söz deyim heç kimə demə,
Qizima vermişəm ismini sənin.
Sənə bir söz deyim heç kimə demə,
Gizli nömrədən zəng vuran mən idim.
Sən dərsə gəlməyən günü, birdənəm,
Gözləri yollarda qalan mən idim.
Sənə bir söz deyim heç kimə demə,
Hərdən xəyalınla danışıram da.
Hərdən küsürəm də özüm-özümdən,
Hərdən taleyimlə barışıram da.
Sənə bir söz deyim heç kimə demə,
Göz yaşım söndürmür odunu sənin.
Yoldaşım yuxudan hirslə oyadır,
Nə vaxt sayıqlasam adını sənin.
Sənə bir söz deyim heç kimə demə,
Eşitsə tanışlar qınayar məni.
Sənə bir söz deyim heç kimə demə,
Hələ də, hələ də, hələ də səni...
Heçkimə demə...
“Ədəbiyyat və incəsənət”
(08.10.2025)