“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün sizlərə NDU- Jurnalistika ixtisası üzrə I kurs tələbəsi, TEC Yazarlar klubunun üzvü Yusif Əhmədin hekayəsi təqdim edilir.
Yusif Əhməd
Travmaların şahzadəsi
Hekayə
Bu gün də o işdən evə yorğun gəlmişdi. Hər dəfə evinə gələndə sanki içini boşluq hissi bürüyürdü. Bəli, çünki heç kimi yox idi. Nə atası, nə anası…
Əlində görünüşündən bahalı içkiyə oxşar nəsə var idi. Ayaqqabılarını çıxardıb evinə girdi. Səssizcə mətbəxə girib dünən hazırladığı yeməyi qızdırdı. Süfrə qurdu. Masada 3 stul var idi. Atası-anasını qəzada itirəndən sonra stulları yerindən qaldırmamışdı. Hətta stulların başında bir atasının köynəyini, bir də anasının köynəyini qoymuşdu. Yemək çəkdi, amma təkcə özünə yox, əlavə 2 boşqaba da.
Oturdu, yeməyə başladı. Nəyisə xatırladı sanki, sonra gülməyə başladı. Atasının bir zamanlar oturduğu stula baxdı:
— Bax, atacan, gör nə almışam, sən istədiyindən. — Əlində atasının sevdiyi içki var idi.
— Anacaan, bəsdi də. — Sanki anası bu hala əsəbləşmişdi, qulaqlarında anasının səsi canlanırdı.
— A bala, bax, içir o zəhrimarı, sonra pis olur.
— Ay arvad, sən işinlə məşğul ol, olan mənə olur da, pay atonndan.
— Nə deyirəm, nə istəyirsən, elə.
— Ay arvad, ürəyimdən sənə bir şeir deməyim keçir.
— Sən Allah… — Sonra gülüşlər…
Birdən sükut yenidən çökdü ortaya. Yeməklər olduğu kimi qalmışdı. Atası bu dəfə o ən çox istədiyi içkidən bir qram belə olsun içməmişdi. Deyəsən, həyat yoldaşının xətrinə bu dəfə dəymək istəməmişdi — belə fikirləşdirdi o.
Zəng gəldi, ona işdən zəng vurmuşdular. Danışdı, söndürdü telefonu. Üz ifadəsi getdikcə dəyişirdi. İçi o qədər dolu idi ki… Gün də batmaq üzrə idi, bu isə onu lap darıxdırırdı.
— Mənim qarnım axı niyə doymur, anacan? Nə vaxta kimi özümü ovundurum axı? — Gözündən yaş süzülməyə başladı. — Niyə belə edirsən axı, atacan, niyə içmirsən? Halbuki sən bu içkini görəndə necə də sevinirdin, indi niyə içmirsən?
Qalstukunu açdı, köynəyinin ilk 2 düyməsini açdı. Boğulurdu sanki bu sükutun içində. Ayağa qalxdı, pəncərəni açdı, siqaret yandırıb gözünü əngilliklərə dikdi. Bəzən bir takkıltı gələndə qorxurdu ki, anası-atasa onun siqar çəkdiyini görüb söz edərlər. Sonra bir anlıq tutulurdu…
Çəkib bitirəndən sonra masada olan içkiyə baxdı. Heç vaxt içki içməmişdi. Bu gün isə o yoxlamaq istəyirdi, çünki artıq dözə bilmirdi. Masaya yaxınlaşdı, bir qədəh içki süzdü özünə. Arada qalmışdı: içsinmi, içməsinmi? Amma artıq bunu fikirləşmək gec oldu, qədəhi başına çəkdi. Sonra birini də. Birini də. Beləliklə, içki qanına qarışdı. Soyuqluğu damarlarında axmağa başladı, bədənini titrəmə bürüdü. Damarlarında axan soyuq içki başına keçdi.
Başı gicəlləndi, ayaq üstə qalmağa çətinlik çəkirdi. Atası və anasının köynəyini götürüb yan otağa keçdi, pəncərəni açdı. Sanki anası və atasının ruhu o qədər əsəbləşmişdi ki, ona soyuq, bir o qədər də sərt külək əsməyə başladı. O, köynəkləri bərk-bərk ürəyinə sıxıb yatağa uzanaraq büzüşdü. Köynəkləri qoxlayaq sanki valideynlərini daha canlı hiss edirdi.
Sonra birdən gözünə valideynləri görünməyə başladı. Nə qədər eləsə də bu travmalarına qarşı gələ bilmirdi. Birdən ayağa qalxdı. Qoca bir səhnə qarşısında yol ayrıcında qalmışdı. Bir tərəfdə atası, bir tərəfdə isə anası. Gözləri bərəlməyə başladı. Dodaqları, əlləri, bədəni titrəyirdi. Qışqırmaq istəyirdi, çıxmaq istəyirdi bu təsirdən, amma çıxa bilmirdi ki, bilmirdi.
— Anaa, anaa, tut əllərimi, xahiş edirəm! — Sanki anası ondan küsmüşdü. Axı hansı ana istəyər ki, oğlu içki içsin? O bu yoxluğa alışmalı idi.
— Ata, heç olmasa sənn, heç olmasa sənnn, buraxma məni, xahiş edirəm! — Atası da küsmüşdü ondan.
Getdikcə bədənini müdhiş həyəcan bürüyürdü. Yoxsa dəlimi olurdu? Yox, yox… onda taqət qalmamışdı artıq. Yerə çökdü, iki əlini yana açdı — birini anasına, birini atasına. Amma onlar getdikcə ondan uzaqlaşırdılar.
— Anaaaaa! — deyə bərkdən qışqırdı cənab. — Analar övladlarını buraxmaz axı!
— Ataaa, ataaa! Anam niyə belə edir? Ataaa, ataaa, hara getdin, ataaa?! Yoooox, ola bilməəəzz!
Bəli, ata və anası ondan aralandılar. Tək qoydular onu. Qoca səhnədə tək qaldı cənab. Çökdü yerə, dəli kimi çığırmağa başladı.
Bir müdedət keçdi.
Artıq sakitləşməyə başlamışdı. Gözündən yaş süzülürdü.
Titrək dodağının altında: -Analar övladlarını buraxmaz… — deyə təkrar-təkrar söyləməyə başladı.
Bu dəfə də o şık kostyumda idi. Onu qapı ağzında qarşılayan xanımı var idi, bir də balaca oğlu.
—Happy birthday to you, happy birthday to you— xanımı tortu masaya qoyur və şamları travmaların şahzadəsi üfürür. Şamları sönməsilə yanaşı işıq da söndü və şahzadə birdən gözlərini açdı. Masada içki şüşəsi və həmin boş qalan o iki stul…
Şahzadə əlinə içki şüşəsini alıb: - Travmaların şahzadəsinin sağlığınaaaaaa— deyə qışqırdı.
“Ədəbiyyat və incəsənət”
(07.10.2025)