Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Mən əslində xüsusi günlərdə yazı yazmaqda çətinlik çəkirəm. çünki elə bilirəm, məsuliyyəti daha ağırdır. Və buna görə də, bir neçə gündür müəllimlərlə bağlı yazıya necə başlayım deyə düşünürdüm. Lakin mənim üçün xətri çox əziz olan Aytən xanımın mənimlə bölüşdüyü bu fikirlər yazımın başlanğıcı üçün təkan oldu:
“Bu gün ürəyimdə xüsusi bir duyğu var… Çünki bu gün elmə, insana və gələcəyə könlünü verən insanların — müəllimlərin günüdür. Hər biriniz uşaqların gözündə bir ümid işığı, gənclərin yolunda bir bələdçisiniz. Səbrinizlə, sevginizlə, fədakarlığınızla illər boyu minlərlə hekayənin başlanğıcına çevrilmisiniz. Siz təkcə bilik öyrətmirsiniz, siz inam bəxş edirsiniz, gələcəyin insanını formalaşdırırsınız. Hər bir baxışınız, hər bir sözünüz kiminsə yolunu işıqlandırır. Bütün müəllimlərimizi bu dəyərli gün münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizin zəhmətiniz, sevginiz və dəyəriniz daim hörmətlə anılsın.”
Müəllimlik sadəcə bir peşə deyil, bu, həyatın mənasına çevrilən bir missiyadır. Müəllim insanın düşüncəsini oyadır, ruhunu zənginləşdirir, onun dünyaya baxışını formalaşdırır. Uşaqlıq illərimizdə adını həyəcanla çəkdiyimiz müəllimlər, əslində, gələcəyimizin memarlarıdır. Onlar sadəcə dərs demir, həm də bir dəyərlər sistemi qururlar; dürüstlük, mərhəmət, zəhmətkeşlik, vətənpərvərlik kimi dəyərləri insanın qəlbinə hopdururlar.
Müəllim olmaq həm məsuliyyət, həm də sevgi tələb edir. Hər gün eyni səmimiyyətlə sinfə daxil olub, fərqli xasiyyətlərə malik uşaqlarla bir yol gedən, onlara sadəcə “dərs” deyil, “düşünmək bacarığı” öyrədən insanlar cəmiyyətin görünməyən qəhrəmanlarıdır. Onlar üçün ən böyük mükafat şagirdlərinin uğurudur.
Zaman dəyişir, texnologiyalar inkişaf edir, amma müəllimin rolu heç vaxt azalmır. Süni intellekt, rəqəmsal alətlər və virtual dərslər belə, bir müəllimin səmimiyyətini, baxışındakı istiliyi, sözündəki inamı əvəz edə bilmir. Çünki müəllimlik insanın insana toxunduğu, onun içindəki işığı oyatdığı ən ali peşədir.
Bu gün müəllimlər günündə hər bir müəllimə minnətdarlıqla “təşəkkür edirəm” demək sadəcə bir nəzakət ifadəsi deyil, həm də bir borcdur. Çünki hər bir uğurlu insanın arxasında bir zamanlar onun bacarığına inanan, “sən bacararsan” deyən bir müəllim dayanır.
Müəllim zamanın deyil, dəyərlərin daşıyıcısıdır. Onların yaratdığı işıq illərlə sönmür, nəsillər boyu yol göstərir. Və bu səbəbdən müəllim olmaq sadəcə bir sənət deyil, əbədiyyətə yazılan bir izdir.
Elə məhz buna görə də özümün də sevgiylə gördüyüm peşə haqqında yazmaq düz bir həftə məni düşündürdü. Çünki insan hər zaman ən həssas nöqtəsinə çevrilən məqamları təsvir və ifadə etməkdə çətinlik çəkir. Müəllimin günü olmur. Dəyəri hər zaman ən ali olan insandır müəllim. Öz işığıyla yüzlərlə gəncə yol açandır müəllim. Məni müəllim edən müəllimlərimə minnətdaram!
“Ədəbiyyat və incəsənət”
(07.10.2025)