Amma bu fədakarlıq sakit, səs-küysüz bir fədakarlıqdır Featured

 

 

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Əziz dostum, bilirsən, sən bu sözləri oxuyanda yalnız ekrana, sətirlərə baxmırsan. Burada danışılan, həyatın özü, baxışların dəyişdiyi anlar və ruhun içində yavaş-yavaş yanan işıqlardır. Həyat bir məktəbdir və hər gün onun içində yeni dərslərlə qarşılaşırsan. Bəzi dərslər açıq olur, sanki lövhədə yazılıb, bəziləri isə sükutda, baxışlarda, gözlərin önündə görünməz bir işıq kimi sənə yol göstərir.

 

Sənə bir sirr deyim?! Hər insan müəllim ola bilər. Bəli, hər insan. Bir baxışın dərinliyi, bir sözün səmimiyyəti, bir hərəkətinin nümunəsi, bunlar həyatını dəyişə bilər. Amma hər savadlı insan dərs deyə bilməz. Dərs sadəcə biliyi çatdırmaq deyildir, dərs ruhu oyatmaq, düşüncələri genişləndirmək, baxışını dəyişmək, həyatın özünü göstərməkdir.

Bəzən sən müəllimi görməzsən, amma təsirini hiss edərsən. Onun sözləri qulağına deyil, qəlbinə çatır. Onun nümunəsi hər gündə öz əksini tapır. Onun baxışı isə sənin ruhunu işıqlandırır. Sən bunu dərhal anlamaya bilərsən, amma bir gün dönüb geriyə baxanda görəcəksən ki, bütün həyatını dəyişdirən o kiçik anlar, o kiçik dərslər olmuşdur.. Dostum, sən bilməlisən ki, müəllimlik müqəddəsdir. Müəllim yalnız dərs deyən deyil.. Müəllim ruhun işığını açan, qəlblərə toxunan, baxışları genişləndirən, həyatın mənasını göstərən bir işıqdır. Sözlər yalnız söz deyil, onlar qəlbin dərinliynə toxunur, baxışına istiqamət verir, ruhunu isladır. Hər bir dərs, hər nümunə, hər söhbət, sənə birbaşa həyatın özündəndanışır. Və sən bilməlisən ki, müəllimlər yalnız sinifdə dərs deyənlər deyil. Onlar həyatın hər anında yanındadır, səssizcə öyrədir, baxışını genişləndirir, ruhunu işıqlandırır. Sözləri ilə, nümunəsi ilə, varlığı ilə sənə yol göstərir. Sən bəlkə bunu dərhal hiss etmirsən, amma bir gün dönüb baxanda görəcəksən ki, həyatını dəyişən o kiçik anlar, o görünməz işıqlar müəllimlərin verdiyi ən böyük dərslərdir.

 İnsan ömrü qəribə bir səhnədir. Bu səhnədə hər kəs sanki rolunu axtarır, hər kəs bilmədən tamaşanın içindədir, amma ssenarini kimsə əvvəlcədən bilmir. Uşaqlıq dövründə ilk dəfə gözlərini açan körpə, heç nəyi anlamadan, amma hər şeyi hiss edərək dünyaya baxır. O baxışda təəccüb var, qorxu var, eyni zamanda gizli bir sual var. "Mən kiməm? Mən hara düşdüm?" Və bu sual insanın taleyini müəyyənləşdirən ilk qaranlıqdır. Həmin qaranlığın içində işıq yandıran bir varlıq peyda olur, müəllim. Bəzən o, sadəcə bir kəlmə ilə uşağın ruhuna toxunur, bəzən isə ömür boyu davam edən bir yol göstərir. Amma müəllimin kim olduğunu anlamaq üçün, əvvəlcə onun mahiyyətinə enmək lazımdır. Müəllim, yalnız məktəb otaqlarında lövhənin qarşısında dayanan insan deyil. Müəllim, insanın taleyində, həyat yolunun dönüş nöqtələrində qəfil üzə çıxan bir işıq daşıyandır. Bəli, işıq. Bu söz çox sadədir, amma onun yükü ağırdır. Çünki işıq həmişə qaranlığa qarşı var olur. Qaranlıq olmasa, işığın varlığı da hiss edilməzdi. İnsan ömrünün qaranlıq dəhlizlərində irəlilədikcə qarşısına çıxan müəllimlər, məhz bu işığın təcəssümüdür. Lakin paradoks ondadır ki, o işıq çox zaman öz sahibini yandıraraq başqasına yol göstərir. Şam öz-özünü əridərək başqasına işıq verdiyi kimi, müəllim də öz ömrünü əridərək başqasının ruhunu aydınladır. Müəllimlik, əslində, bir növ fədakarlıqdır. Amma bu fədakarlıq sakit, səs-küysüz bir fədakarlıqdır. Müəllim qəhrəmandır, amma qəhrəmanlığını hayqırmaz. O, döyüş meydanında qılınc qaldırmır, amma hər gün görünməz bir müharibənin içindədir, cahilliyə, tənbəlliyə, həqiqəti görmək istəməyən gözlərə qarşı mübarizə aparır. Və çox vaxt bu müharibədə tək qalır. İnsanlar müəllimi çox vaxt sadələşdirirlər, "dərs deyən adam", "məktəbdə işləyən şəxs". Halbuki, müəllimlik, insanın vicdanı qarşısında məsuliyyətdir. O məsuliyyət ki, hər gün şagirdlərin zehnində yeni bir toxum əkmək, hər toxumun da sabah hansı ağaca çevriləcəyini əvvəlcədən bilmədən, ümidlə gözləməkdir. Müəllim bilmir, onun dediyi bir cümlə sabah hansı insanın taleyini dəyişəcək. Amma o, hər gün danışır. Sanki taleyə meydan oxuyur, "Bəlkə bu sözüm kiminsə yolunu işıqlandıracaq".

Müəllimlik həm də iztirabdır. Çünki insan öz qaranlığı ilə çarpışmaqda acizdir, amma müəllim başqa insanların qaranlığı ilə də mübarizə aparır. Uşaqların qorxuları, gənclərin tənbəlliyi, cəmiyyətin laqeydliyi, bütün bunlar onun qarşısında dağ kimi dayanır. Amma müəllim geri çəkilmir. Hər səhər sinif otağına girir, lövhənin qarşısında dayanır və yenidən başlayır. Çünki o bilir, susmaq, onun varlığına xəyanət olardı. Dostoyevskinin qəhrəmanları kimi müəllim də çox vaxt görünməz, anlaşılmayan, iztirablı bir qəhrəmandır. O, öz həyatını çox zaman başqalarının yoluna sərf edir. Və çox zaman dəyərləndirilmədən yaşlanır. Amma müəllimin böyüklüyü də elə bundadır. O, təltif üçün yox, minnətdarlıq üçün yox, sadəcə həqiqət naminə danışır. Çünki, reallığı nəzərə alsaq, normal əməkhaqları yoxdur və indiki dövr, keçən əsrin sonlarına bu əsrin əvvəllərinə bənzəmir. Valideyn daha "əti sənin sümüyü mənim" demir. Həqiqətin özü isə heç vaxt asan olmur. Tarixə baxsaq, görərik ki, bütün böyük mədəniyyətlərin mərkəzində müəllim anlayışı dayanır. Qədim yunan filosofları, Sokrat, Platon, Aristotel sadəcə filosof deyildilər, həm də müəllim idilər. Onların şagirdləri əsrlər boyu düşüncənin istiqamətini dəyişdi. İslam dünyasında isə müəllim anlayışı daha da müqəddəsdir. Çünki elm öyrədən, insana haqq yolunu göstərən insan Peyğəmbərin varisi sayılır. "Alimlərin mürəkkəbi şəhidlərin qanından üstündür" deyiləndə, əslində, müəllimlik məqamı tərif olunur. Çünki müəllim, elmin daşıyıcısıdır, elmi isə Allahın nurundan bir parıltıdır. Bütün bunları düşündükcə, müəllim obrazı sadəcə sosial bir peşə olmaqdan çıxır. O, metafizik bir varlığa çevrilir. Müəllim, insanın varlığında ikinci dəfə doğulmasına səbəb olan şəxsdir. Birincidə insan dünyaya fiziki olaraq doğulur, ikincidə isə müəllimin sözü ilə ruhi doğuluş yaşayır. Bu səbəbdən müəllim, əslində, ikinci doğumun vasitəçisidir. Amma insan təbiətinin nankorluğu da buradadır. Biz çox vaxt öz müəllimlərimizi unuduruq. Uşaqlıqda hər gün üzünə baxdığımız, hər sözünü dinlədiyimiz müəllim, illər sonra yadımıza belə düşmür. Və bu unudulmuşluq müəllimin taleyini daha da faciəvi edir. Çünki onun bütün zəhməti, bütün əməyi çox zaman görünməz qalır. Müəllimlər gününü təqvimdə qeyd etmək asandır. Amma müəllimin həyatdakı yerini dərk etmək çətindir. Çünki müəllim insanın ruhuna o qədər dərindən nüfuz edir ki, çox vaxt biz onun təsirini hiss etmədən yaşayırıq. Yalnız illər sonra, bir qərar anında, bir çətinlik qarşısında müəllimin bir vaxt dediyi bir cümlə beynimizdə səslənir. Və həmin an anlayırıq. "Bəli, o mənim həyatımın gedişini dəyişərdi" deyirik..

 Müəllim, həm də körpüdür. O, bizi cahillikdən biliyə, qaranlıqdan işığa aparan körpüdür. Körpü isə hər zaman üstündən keçilən, amma özü geridə qalan bir varlıqdır. İnsan körpüdən keçir, yoluna davam edir, amma körpünün özünü çox vaxt xatırlamır. Müəllimin faciəsi də bundadır. Amma eyni zamanda, onun böyüklüyü də. Çünki körpü öz varlığını xatırlatmaq üçün deyil, yol göstərmək üçün qurulub. Bütün bunların fonunda müəllim obrazı bizə həm qəhrəman, həm də qurban kimi görünür. Qəhrəmandır, çünki işıq daşıyır. Qurbandır, çünki o işığın alovu əvvəlcə onu yandırır. Amma müəllim buna boyun əyir, çünki bilir..  İnsan yalnız müəllimin kölgəsində böyüyə bilər.

 Beləliklə, bu məqalə müəllimin mahiyyətinə bir baxışdır. Bu yazı, müəllim obrazını yalnız bir günün təntənəsinə sığışdırmaq istəmir. Çünki müəllim bayramı, təqvimin deyil, insanın vicdanının bayramıdır. Onun təsiri bir günlə məhdudlaşmaz. O, ömür boyu insanın içində gizlənən bir səs kimi yaşayır. Hər kəsin həyatında bir müəllim var ki, onun dediyi bir söz illər sonra vicdanın qaranlıq dəhlizində işıq kimi peyda olur. Müəllimlik budur, susqun qəhrəmanlıq, gizli işıq, görünməz körpü. Və bu işıq heç vaxt sönməz, çünki hər şagirdin qəlbində yenidən alışar.

Bilirsən dostum?! İnsan ömrü hər şeydən əvvəl bir məktəbdir. Biz doğulduğumuz andan etibarən öyrənməyə məhkumuq. Və hər öyrənmənin arxasında bir müəllim dayanır. Bəzən biz bunu hiss edirik, bəzən də fərqinə varmadan yaşayırıq. Amma bütün müəllimlərin içində iki varlıq var ki, onların adı heç vaxt unudulmur, heç vaxt silinmir onlar, ata və anadır. Onlar insanın ilk müəllimləridir. Bəli, məktəb başlamadan əvvəl, kitab açılmadan, lövhə qarşısında ilk dəfə təbaşir tutulmadan əvvəl insanın həyatında ən böyük dərslər baş verir, evin içində. Körpə uşaq ilk dəfə anasının üzünə baxır, onun gözlərində isti bir işıq görür. O işıq, ömrü boyu heç bir müəllimin verə bilməyəcəyi dərsdir.. Mərhəməti, sevgini hiss etməyin, insanı insan edən ən təməl duyğuların dərsi.

 Ana, insanın ilk kitabıdır. Onun hər baxışı, hər hərəkəti, hər sözü körpənin ruhuna yazılır. İnsan öz ilk sözlərini anadan öyrənir. Amma bu sadəcə dil deyil, ana insana yaşamağı öyrədir. Qucağında verdiyi sakitliklə öyrədir, gecənin yarısında körpəsinin ağlamasına qalxaraq göstərdiyi səbrlə öyrədir. Ana, öyrətməyin ən sakit, ən gizli, amma ən güclü yoludur. Onun müəllimliyi sükutun içindədir. İslamın ən dərin həqiqətlərindən biri də budur. İnsanın valideynə borcu heç vaxt ödənmir. Qurani-Kərimdə dəfələrlə "ata-anaya itaət"dən danışılır. Və hədislərdə Peyğəmbərin (s.ə.s.) "Ananın haqqı üç dəfə atanın haqqından üstündür" buyurması, əslində, bu həqiqəti təsdiqləyir. Ana övladın ilk müəllimidir, həyatının ilk dərslərini onun ruhuna yazan varlıqdır. Onun öyrətdiyi dərslər bəzən sözlə olmur, bəzən sadəcə susaraq, sadəcə baxaraq, sadəcə nəfəs alaraq insanın varlığına hopur.

Amma ata da müəllimdir. Əgər ana insanın ruhuna mərhəmət və sevgi öyrədibsə, ata ona məsuliyyət və intizam öyrədir. Atanın baxışında bir sərtlik var, amma bu sərtlik qəlbin dərinliyindəki sevgidən gəlir. O, övladını həyatda qorumaq, onu sabaha hazırlamaq üçün bəzən sükutla, bəzən qəzəblə, bəzən də sakit bir nəsihətlə öyrədir. Ata, insanın ilk intizam müəllimidir. Onun hərəkətləri ilə verdiyi dərs çox zaman sözlərdən daha güclü olur. Mənim üçün də ilk müəllimlər, atam və anamdır. Onların hər biri həyatımın ən mühüm məqamlarında mənə bir söz, bir baxış, bir hərəkət ilə dərs verdilər. Və mən indi geriyə baxanda anlayıram ki, məktəb müəllimlərinin, universitet professorlarının dedikləri dərslər bəlkə zamanla unudulur, amma atanın və ananın öyrətdikləri heç vaxt silinmir. Çünki o dərslər kitabın səhifələrində yazılmır, onlar ruhun dərinliyinə yazılır. Ana, Allahın insana mərhəmət üzündən verdiyi ən böyük nemətdir. Hər bir insan anasının qarnında doqquz ay yaşayır, onun qanı ilə qidalanır, sonra onun əllərində böyüyür. Və bu müddətdə ana öz varlığını unudur, övladının varlığına çevrilir. Onun müəllimliyi həm də fədakarlığı ilə ölçülür. Heç bir müəllim şagirdinə öz canından bu qədər pay vermir. Ananın müəllimliyi, insanı insan edən ilkin mərhələnin özüdür. Ata isə evin dirəyi, ailənin qoruyucusu olaraq insanın taleyində başqa bir müəllimlik rolu oynayır. O, övladına həyatı çətinlikləri ilə öyrədir. Bəzən atasız böyüyən insan öz taleyində böyük bir boşluq hiss edir, çünki onun həyatında məsuliyyət və intizamı öyrədən müəllim olmayıb. Atanın varlığı, uşağın ilk dəfə üzləşdiyi qanun kimidir. Onun dediyi "olmaz"lar, "gərək"lər,  sabah insanın həyat yolunu müəyyən edən qaydalar olur. İslam ənənəsində valideynə hörmətin bu qədər uca tutulmasının səbəbi də budur. Çünki valideyn, sadəcə ailənin üzvü deyil, həm də müəllimdir. Ata və ana, insanın ilk müəllimləri olaraq, həyat boyu unutmayacağı dərslər verirlər. Ona görə də ata-ananın haqqı heç vaxt ödənməz deyilir. Onlar insana sadəcə yaşamağı öyrətmirlər, insan olmağı öyrədirlər. Müəllim anlayışının mahiyyətinə baxanda görürük ki, bütün sonrakı müəllimlər, məktəbdə, universitetdə, həyatda qarşılaşdığımız hər kəs, əslində, ata və ananın qoyduğu təməl üzərində qurulur. Əgər ana uşağın ruhuna mərhəmət toxumu əkməsəydi, müəllim dediyi heç bir dərs onun qəlbində cücərməzdi. Əgər ata uşağın içində məsuliyyət və intizam hissini yaratmasaydı, müəllim öyrətdiyi heç bir qaydanı ona aşılaya bilməzdi. Ata və ana, insanın həyat kitabının ilk səhifələridir. Və bu səhifələr necə yazılırsa, bütün kitabın gedişi də ona uyğun olur. Kiminsə həyatında sevgi və mərhəmət azdırsa, bilin ki, o, bu dərsi anasından ala bilməyib. Kiminsə məsuliyyətsiz, qaydasız yaşadığını görürsünüzsə, bilin ki, onun atası ona bu dərsi verə bilməyib. Ona görə də ata-ana müəllimliyi, insanın bütün həyatını müəyyən edən başlanğıcdır.

 Amma paradoks ondadır ki, uşaqlar böyüdükcə bu müəllimliyi çox zaman unudurlar. İnsan böyüyür, məktəblər dəyişir, müəllimlər artır, amma ata-ana müəllimliyini çox vaxt sadə bir "valideynlik" kimi qəbul edirik. Halbuki, insanın ömründə ən fundamental müəllimlik elə burada baş verir. Və çox zaman biz bunu yalnız itirəndə anlayırıq. Valideynin yoxluğuz insanın ömründə qopmuş bir səhifə kimidir. Atasını itirən uşaq bir gün içində böyüyür, çünki artıq öz məsuliyyətini özü daşımalı olur. Anasını itirən isə bir ömür boyu mərhəmət və şəfqət susuzluğu çəkir. Bu acı gerçəklikdə bir dərsdir. Amma bu dərs müəllimin yoxluğu ilə öyrədilir. Mən inanıram ki, ata və ana müəllimliyini dərk etməyən insan, heç vaxt məktəb müəllimlərinin də dəyərini anlaya bilməz. Çünki insan öyrənməyi elə valideynindən öyrənir. Valideyn insana öyrənməyin ilk zövqünü verir. Əgər ana uşağına "oxu" sözünü sevgi ilə öyrədibsə, o uşaq ömrü boyu kitabdan qorxmaz. Əgər ata uşağına "məsuliyyət" hissini sevgi ilə öyrədibsə, o insan ömrü boyu qaydalardan qaçmaz. Ata və ana, insanın ömründəki ilk müəllimlərdir. Onların dərsləri kitablarla yazılmır, amma ömürlə yazılır. Onların müəllimliyi çox vaxt sözlə deyil, hərəkətlə olur. Amma bu hərəkətlər insanın bütün taleyini müəyyən edir. Və insan böyüyüb kim olursa olsun, içində həmişə ata və ana müəllimliyinin izi yaşayır.

 İnsanın həyatında bəzi adamlar da var ki, onlar nə gündəlik təqvimə yazılır, nə də rəsmi sənədlərdə adları çəkilir. Amma yaddaşın və qəlbin gizli küncündə onların izi həkk olunur. Həmin adamlar insana mütləq dərs verirlər, amma o dərs nə sinif otağında yazı lövhəsində yazılır, nə də imtahan sualında soruşulur. O dərs həyatın öz dilində, insanın ruhuna toxunan kəlmələrlə öyrədilir. Mənim üçün belə insanlardan biri Abgül müəllimdir. O mənə birbaşa müəllimlik etməyib. Mənim qarşısına oturub gündəlik dərs dinlədiyim, imtahan verdiyim müəllim olmayıb. Amma bəzən insanı ən çox dəyişdirən də elə bu cür adamlar olur,  rəsmi müəllimik deyillər, amma həyatın öz dərsliyini sənin üçün açırlar. Abgül müəllim mənim üçün məhz belə bir obrazdır. O, sanki tarixlə dinin qovşağında dayanmış bir bələdçidir. Onun söhbətlərində insan özünü həm qədim zamanların qoynunda, həm də əbədi həqiqətlərin qarşısında hiss edir. Abgül müəllim danışanda bir qəribəlik olur nəsə.. O, tarixi hadisələri sadəcə fakt kimi danışmazdı. Bir şəxsiyyətin həyatını çəkib göstərəndə sanki onun gözləri ilə baxırdın. O, tarixin arxasındakı mənanı açırdı. Misal üçün, bir döyüşdən danışanda, sadəcə kim qalib gəldi, kim məğlub oldu demirdi. O, insanın niyyətini, Allah qarşısındakı mövqeyini göstərirdi. Sanki hər hadisənin altında bir imtahan vardı, insanın imanı, iradəsi, vicdanı sınanırdı. Onun İslamdan danışığı isə ayrıca bir aləm idi. Abgül müəllim Qurandan ayə gətirəndə, Peyğəmbərin (s.ə.s.) hədisini söyləyəndə sanki söz öz yerini tapırdı. Çünki o, həmin kəlmələri kitabdan oxuyub sadəcə çatdırmırdı, yaşayaraq danışırdı. Hər sözü həyatla yoğrulmuşdu. Mən onun yanında hiss edirdim ki, İslam sadəcə namaz və oruc qaydaları deyil, İslam, həyatın mənasının açarıdır. Və bu açarı sənə müəllimlər yox, bəzən elə belə, həyatın ortasında rastlaşdığın insanlar verir. Abgül müəllim mənim üçün sadəcə öyrədən deyil, həm də əzizimdir. Çünki hər insanın içində bir gizli ehtiyac olur. Kiminsə sözündə özünü tapmaq, kiminsə baxışında öz yolunu görmək. Mən bunu onun yanında hiss etmişəm. Bəlkə də heç özü də fərqinə varmadan, sadəcə bir söhbət, bir fikir mənim ruhumda dərin iz buraxıb. Bu, adi bir müəllimin işi deyil, bu, insanın insanla olan qismətidir. Onun yanında çox düşündüyüm bir həqiqət var. Bəzən insanın müəllimi onun dərsini keçmədiyi adam olur. Çünki sənin rəsmi müəllimin sənə məlumat verir, amma qeyri-rəsmi müəllimin sənə yön verir. Abgül müəllim mənim yoluma işıq tutanlardan oldu. Onun yanında olan bir başqa insan isə Musa müəllimdir. Mən Musa müəllimi yaxından tanımıram. Onun dərsini dinləməmişəm, onun səsini çox eşitməmişəm. Amma bir şeyi bilirəm. Dost dostun güzgüsüdür. Əgər Abgül müəllim mənim üçün bu qədər əziz və dəyərli idisə, onun dostu Musa müəllim də mənim üçün hörmətə layiqdir. Musa müəllim sanki səssiz bir güc idi. Mən onu az gördüm, az tanıdım, amma hər dəfə Abgül müəllimlə birgə görəndə anladım ki, onların dostluğu təsadüfi deyil. İnsanın kimliyi bir az da dostunun simasında görünərmiş. Əgər Abgül müəllim sözün və düşüncənin adamı idisə, Musa müəllim o sözləri sükutla tamamlayan bir güzgü kimidir sənki. Mən bəzən düşünürəm ki, müəllimlik sadəcə bilik ötürmək deyil, həm də münasibətlər öyrətməkdir. Abgül müəllim tarixdən, İslamdan danışırdı, Musa müəllim isə onun yanında dayanaraq bir başqa dərs verirdi. Şagirdlərinə dilimizin mexanikasını, ədəbiyyatımızın dərinliyini, mənə isə Abgül müəllimin timsalındq dostluq dərsini. Onların yaxınlığı mənə göstərdi ki, insan təkbaşına nə qədər güclü olsa da, dostsuz yol gedə bilmir. Dost, insanın ruhunun güzgüsüdür. Musa müəllim barədə çox danışa bilmirəm, çünki çox tanımıram. Amma bəzən az bilmək kifayətdir. Onun Abgül müəllimlə olan dostluğu, onun yanında olması artıq hər şeyi danışır. Mənim üçün Musa müəllim, sanki Abgül müəllimin başqa tərəfini göstərən bir günəşdir. Əgər Abgül müəllim tarixin dərinliyindən gələn işıq idisə, Musa müəllim o işığın əksini göstərən ədəbi bir güzgü idi. İndi geriyə baxanda görürəm ki, Abgül və Musa müəllimlərin həyatımda yeri rəsmi müəllimlərdən fərqli olub. Onlar mənim qarşıma lövhə ilə yox, həyatın öz dili ilə çıxıblar. Və bu, daha təsirli olub. Çünki həyatın dərsi heç vaxt unudulmur. Mən Abgül müəllimi həmişə əzizim kimi xatırlayacağam. Onun sözləri mənim içimdə sönməyən bir çıraq kimi yanır. Musa müəllimi isə dostluğun sükutunda yadda saxlayacağam. Onların hər ikisi mənim həyat kitabımın görünməyən səhifələrindədir. Və bəlkə də mənim üçün müəllimlik anlayışının ən saf nümunəsi də elə buradadır. Müəllim, sənə rəsmi dərs deyən deyil, ruhuna toxunan, yoluna işıq tutandır.

Bir də, dostum, hər birimizin həyatı yalnız yaxın və əziz müəllimlərlə tamamlanmır. Universitet illəri gəlir və burada bizə yalnız texniki bilik deyil, həm də dünyagörüşü, baxış bucağı və həyat dərsləri verən müəllimlər var. Gəl indi onların yanına gedək və onların verdiyi işığı hiss edək

İnsanın həyatında universitet illəri xüsusi bir mərhələdir. Orada insan yalnız bilik öyrənmir. İnsan özü ilə, dünyayla, baxışları ilə üzləşir. Hər dərs otağı bir sınaq, hər müəllim isə sənin ruhuna işıq tutan bir çıraqdır. Mənim üçün bu çıraqlardan bir neçəsi xüsusi parlaqdır.. Onlar sadəcə bilik verən deyil, həm də insanın dünyagörüşünü, baxışını, duyğularını dəyişdirən bələdçilər oldular.

Gəl Allahverdi müəllimlə başlayaq. O, sadəcə "Avtomobil yolları" fənnini öyrətmirdi. O, həyatın özünü öyrədirdi. Onun ən böyük dərsi insanın baxış tərzini dəyişmək idi. Allahverdi müəllim deyirdi ki, hər şey insanlara görə fərqli görünür, hər hadisə, hər görüntü fərqli gözlərlə fərqli anlam daşıyır. Onun bir misalını heç vaxt unutmaram. Dayanacaqda dayanan gənc bir cütlüyü görən qoca cütlük öz keçmişini xatırlayır, xatirələrin istisi ilə titrəyir, təravətli keçmişlərinə baxırlar sanki. Avtobus sürücüsü isə onları yalnız iki gediş haqqı kimi görür. Eyni mənzərə, amma fərqli baxışlar. Allahverdi müəllim bizə öyrətdi ki, həyat sadəcə bir fakt deyil. Həyat, baxışın, düşüncənin və duyğuların məhsuludur. Onun sözləri mənim demək olar dünyagörüşümü dəyişdi.  İnsanı sadəcə obyekt kimi deyil, hər anı fərqli anlamlar daşıyan bir varlıq kimi görməyə başladım.

Hələ Ziyafət müəllimdən deyim sənə.. Texnikanın sirrlərini açarkən bizi yaradılışın möcüzələri ilə tanış etdi. O, bizə deyirdi ki, bütün ixtiralar canlılara baxaraq yaradılıb, amma ən möhtəşəmi Allahın yaratdıqlarıdır. Məsələn, mühərrik, insan bədəni kimi işləyir, karbürator qidanı, porşen və silindirlər həzm prosesini təqlid edir, sürətlər qutusu isə insanın qidasının enerji sisteminə bənzəyir. Ziyafət müəllimin dərsi sadəcə texnologiyanı öyrətmək deyildi. O, bizə öyrədirdi ki, hər bir yaradılışın arxasında bir məqsəd, bir məna var və insan yalnız bunları dərk edəndə əsl ixtiraçı ola bilər. Onun hər izahı mənim düşüncələrimi genişləndirirdi, hər müqayisəsi, yaradılışın heyrətamiz harmoniyasını göstərirdi.

Bir də gənc Nofəl müəllimiz vardı. Mənə ekoloji şüuru aşıladı. "Yaşıl enerji" dərslərində o, sadəcə texnologiya öyrətmirdi. Təbiəti sevməyi, qorumağı, insana qarşı səmimiyyətlə yanaşmağı öyrədirdi. Nofəl müəllim deyirdi ki, insan təbiətin bir hissəsidir və onu incitmək, özü ilə, ruhu ilə ziddiyyətə girmək deməkdir. Onun dərsləri yalnız fakt və formulalarla bitmirdi. Hər dərs bir həyat dərsi idi. Mən onun yanında öyrəndim ki, hər ağac, hər çiçək, hər canlı insana Allahın bir hədiyyəsidir və onları qorumaq, əsl mənəviyyatın təcəssümüdür.

Qoşqar müəllim isə özünü ixtisasın çərçivəsində məhdudlaşdırmırdı. "Maşın hissələri və konstruksiya etmənin əsasları" dərslərindən sonra o, istirahət vaxtını bizə ayırır, ixtisasdan kənar, həyati suallar verirdi. Bəzən bu suallar sərt görünürdü amma hər biri həyatın öz dərsi idi. Qoşqar müəllim deyirdi, "Mühəndis yalnız maşını bilməklə kifayətlənməməlidir. O, həyatı, insanı, məsuliyyəti bilməlidir." Onun bu yanaşması bizə göstərdi ki, bilik yalnız texnika ilə bitmir. Bilik həm də insanı, cəmiyyəti, dünyanı anlamaq deməkdir. Bu dörd müəllimin hər biri mənim üçün fərqli bir işıq idi. Allahverdi müəllim dünyaya baxışımı genişləndirdi, Ziyafət müəllim yaradılışın möcüzəsini göstərdi, Nofəl müəllim ekoloji şüuru və səmimiyyəti aşıladı, Qoşqar müəllim isə həyatı və insanı anlamağı öyrətdi. Hər bir dərs yalnız fənn öyrətmirdi; hər bir dərs mənim ruhuma toxunurdu, düşüncəmi dəyişdirirdi, baxışımı formalaşdırırdı. Mən indi geriyə baxanda görürəm ki, universitet illəri yalnız kağız üzərində keçmiş imtahanlardan ibarət deyildi. Onlar mənim ruhumun, dünyagörüşümün, baxış tərzimin formalaşdığı illər idi. Bu müəllimlərin hər biri sadəcə bilik verən yox, həm də həyatın özünü öyrədən bələdçi idi. Onlardan öyrəndiklərim və öyrənəcəklərim sadəcə texnika, mühəndislik və ekoloji bilik deyil. Onlar mənə insan olmağı, dünyaya, həyata və başqalarına baxmağı öyrətdilər.

Və hər dəfə həmin müəllimləri görəndə hiss edirəm ki, bilikdən daha böyük bir hədiyyə var. Müəllimin ruhu. Onlar yalnız kitabdan öyrətmirdilər. Onlar bizə baxış tərzini, düşüncəni, həyatı öyrədirdilər. Mənim üçün universitet müəllimləri, yalnız audiotoriyada deyil, ruhumun dərslərində də iz buraxan insanlar oldular. Onların hər biri mənim ömrümün dərin və daimi işıqlarıdır.

  Müəllim, sadəcə lövhədə yazı yazan, dərs planını izah edən şəxs deyil. Müəllim, ruhun yolunu işıqlandıran, baxışları dəyişdirən, insanı öz iç dünyasına və xarici aləmə baxmağa vadar edən müqəddəs bir varlıqdır. Hər insan müəllim ola bilər. Həyatın hər anında bir söz, bir davranış, bir nümunə ilə başqasına dərs vermək mümkündür. Amma hər savadlı insan müəllim ola bilməz. Çünki dərs vermək yalnız biliyi çatdırmaq deyil. Dərs vermək, insanın ruhuna toxunmaq, onun düşüncəsini, baxışını, hisslərini zənginləşdirməkdir.

 Ata və ana, bizə həyatı öyrədən ilk müəllimlərdir. Onların qayğısı və sevgisi sadəcə uşaqlığımıza istiqamət vermir. Onlar ruhumuzun, vicdanımızın təməlini qoyurlar. Abgül müəllim və Musa müəllim, həyatın öz dərsini verən bələdçilərdir. Onlar mənə göstərdilər ki, müəllimlik yalnız auditoriyada deyil, insanın həyatında, onun düşüncəsində də davam edir. Universitet müəllimlərim isə mənim baxışımı, dünyagörüşümü, yaradıcı və etik düşüncələrimi formalaşdırdılar. Onlar öyrətdilər ki, bilik sadəcə faktlar və formullardan ibarət deyil. Bilik düşüncədir, məsuliyyətdir, həyatın özünü dərk etməkdir. Müəllimlik müqəddəsdir, çünki müəllim insan ruhunu toxunur, gələcəyi formalaşdırır, ümid və işıq verir. Bir müəllim bir anlıq sözü ilə, bir nümunəsi ilə, bir baxışı ilə insanın həyatını dəyişə bilər. Hər bir dərs, hər bir təlim sadəcə keçici məlumat deyil. O, insanın iç dünyasında sarsılmaz bir iz buraxır.

Buna görə də hər 5 Oktyabrda, Müəllimlər Günündə, biz yalnız rəsmi müəllimləri deyil, həyatımızda iz qoyan hər bir bələdçini, hər bir işıq saçanı xatırlamalıyıq. Çünki müəllimlik, sadəcə peşə deyil. Bu, insanın ruhunu böyütmək, ona doğru yolu göstərmək, həyatın mənasını dərk etdirməkdir. Müəllimlər olmasa, dünya yalnız bilik yığınından ibarət olar amma insanlıq, vicdan, baxış və ruh qaranlıqda qalardı. Müəllim, insanın qaranlığında yanan işıq, yolunu aydınladan bələdçidir. Onlar sayəsində biz təkcə öyrənmirik, biz düşünürük, hiss edirik, həyatımızı dərk edirik. Hər insan müəllim ola bilər, amma hər savadlı insan dərs deyə bilməz. Dərs vermək, ruhun işığını paylaşmaq, baxışını dəyişmək, qəlbinə toxunmaqdır. Buna görə müəllim müqəddəsdir. Ona qarşı hörmət, minnətdarlıq və sevgi heç vaxt kifayət etməz. Və mən şükür edirəm ki, həyatım bu müqəddəs işıqlarla doludur.  Atam və anam, Abgül və Musa müəllim, universitet müəllimlərim. Eləcə də hamınızın tanıdığı Varis müəllim.. Onlar mənim həyatımın işığıdır. Həyatın ən qiymətli dərslərindən biri budur ki, müəllimlik yalnız bilik vermək deyil, insan ruhuna toxunmaqdır. Hər insan müəllim ola bilər. Bir söz, bir nümunə, bir davranışla başqasının həyatına istiqamət vermək mümkündür. Amma hər savadlı adam dərs deyə bilməz. Dərs vermək yalnız faktları çatdırmaq deyil. Dərs vermək ruhu öyrətməkdir, baxışları genişləndirməkdir, həyatın mənasını göstərməkdir. Bu baxımdan müəllim müqəddəsdir.  Onlar mənim üçün yalnız bilik mənbəyi deyil, həm də ruhun yolunu işıqlandıran bələdçilərdir. Onların sözləri, davranışları, baxışları həyatımın hər dönəmində mənə yol göstərib. Onların verdiyi dərs yalnız texnika, tarix və ya bilik deyildi. Onlar, insanlığı, məsuliyyəti, düşüncəni və dünyaya olan münasibəti öyrədən dərslərdir.

Bu məqalə vasitəsilə mən bir daha adını çəkdiyim, çəkmədim bütün müəllimlərimi eləcə sə Varis bəy Yolçuyev və bütün redaksiyanı təbrik edirəm. Siz yalnız məlumat vermirsiniz; siz oxucuların ruhuna toxunursunuz, onların baxışlarını genişləndirirsiniz, düşüncələrini zənginləşdirirsiniz. Sizin hər birinizin işi bir müəllim kimi müqəddəsdir, çünki siz insanlara yol göstərirsiniz, onları düşündürürsünüz, gələcək üçün zəmin hazırlayırsınız. Sizin zəhmətiniz, səmimiyyətiniz və bələdçiliyiniz hər bir oxucunun ruhunda iz buraxır.

Müəllimlər! Sizin hər biriniz bir işıqsınız. Bu işıq sadəcə bilik vermir, o, insanın qaranlığında yol göstərir, ruhunu işıqlanrır, düşüncəsini genişləndirir. Müəllimlərin verdiyi dərs yalnız kitabdan öyrənilən faktlar deyil, dərs  elə məhz həyatın özüdür. Hər birinizin sözündə, hər baxışında, hər nümunəsində həyat dərsi var. Hər biriniz mənim üçün müqəddəssiniz. Bu müqəddəsliyi biz hər gün hiss etməliyik. Hər öyrənən insan bilməlidir ki, müəllimlərin təsiri yalnız sinifdə bitmir. O, insanın iç dünyasında, düşüncəsində və baxışında davam edir. Müəllimlərin sözləri və nümunələri ruhumuzun torpağında dərin kök salır. Onlar bizə göstərirlər ki, həyat yalnız bilik yığınından ibarət deyil. Həyat həm də dəyərlər, məsuliyyət, sevgi və insanlıqdır. Mən şükür edirəm ki, həyatım bu müqəddəs işıqlarla doludur. Onlar , o müəllimlər ki, mənim yolumu işıqlandırdılar, düşüncəmi böyütdülər, baxışımı genişləndirdilər. Onlar mənim üçün yalnız müəllim deyil, həm də dost, həm də bələdçi və həm də ruhun işığıdır.

Bir gün üstündən ötsə belə, 5 Oktyabr Müəllimlər Günü münasibətilə mən bütün müəllimləri - rəsmi və qeyri-rəsmi, yaxın və uzaq - ürəkdən təbrik edirəm. Sizə səadət, ruhani zənginlik, işıq dolu ömür arzulayıram. Hər birinizin sözləri, hər birinizin nümunəsi bu dünyada sarsılmaz iz qoyur. Hər birinizin verdiyi dərs gələcək nəsillərə yol göstərir və insanlığı yaşadır. Müəllimlər! Sizə minnətdaram. Sizin işiniz müqəddəsdir. Sizin sözünüz, baxışınız, sevginiz və sədaqətiniz həyatın özü qədər dəyərlidir. Bu gün sizin gününüzdür, sizə təşəkkür edir, hörmət və ehtiramımı bildirirəm. Dünyanın hər guşəsində müəllimlər olmasa, həyat yalnız məlumat yığınından ibarət olardı, bəlkə də heç dünya olmazdı.  Amma sizin sayənizdə həyatın özü, insanlıq, sevgi və işıq var.

Hər birinizə sonsuz təşəkkürlər və hörmətlə!

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.