“Ədəbiyyat və incəsənət” portalı Tələbə yaradıcılığı rubrikasında sizlərə BDU Jurnalistika fakültəsinin tələbəsi Fatimə Məmmədovanın bir essesini təqdim edir.
İnsan həyatında ən çox nəyi səhv edir? Deyirlər ki, insan səhv etmək üçün yaradılıb. Amma bəlkə də ən böyük səhv ürəyini elə birinə verməkdir ki, gün gələr o ürəyi susdurar, sındırar, paramparça edər. Ən böyük yanılmaq güvəndiyin birinə inanmaq, sonra yolun ortasında tək qalmaqdır. Yaşam olmayan bir adaya aylarla yol gedib, səni orada qoyub geri dönmək kimi.
Bəzən aylarla qurduğun xatirələrin üstünə çıxıb basırlar, sanki onların heç bir mənası yoxmuş kimi. Hər kəs səhv edir, bəli, amma bəzən bu səhv insanın həyatının qalan bütün illərinə damğa vurur. Elə an gəlir ki, səhvini yalnız o yeri görəndə anlayırsan bir zamanlar ən çox görmək istədiyin adam gözlərinə görünəndə yenidən dağılır ürəyin. Birinə dəyər verirsən, amma o, güvənini və sevinclərini əlindən alır. İçindəki saf duyğuları ən sərt sözlərlə boğur. Və sən bacarmırsan - nifrət etməyi bacarmırsan. Nifrət etməyə özünü məcbur edirsən, amma ürəyin yenə də bağışlamağa meylli qalır. İnsan ən çox bu məqamda əzilir: nə sevməkdən vaz keçir, nə də nifrət edə bilir. İki dünyanın arasında boğulur.
Sonra yaddaşla mübarizə başlayır. Xatirələrdən qaçmaq olmur. Addımlar səni yenə də tanış küçələrə aparır - artıq izi-tozu silinmiş məkana. İçində gizli bir ümidlə: bəlkə bu dəfə ağrı azalacaq. Gedirsən o yerlərə, saatlarla oturursan. Düşünürsən: “Burada tanımışdım...” İndi isə həmin küçələr sənin səssizliyinə şahidlik edir. Bir vaxtlar gülüşlərinin səsləndiyi divarlar indi göz yaşlarını dinləyir.
Əvvəllər “bitməsin” dediyin xatirələr indi qəlbinə yük kimi çökmüşdür. Əvvəllər bütün gücünlə “mənim” dediyin insan indi səni acı sözləri ilə boğur. Və sən anlayırsan: insan ən çox sevdiyi yerdə, ən çox güvəndiyi insanda yanılır. Ən çox inandığı yerdə səhv edir. Amma bu səhv dərs olmur. Çünki qəlb yalnız bir dəfə qırılmır - qəlb hər gün bir az da dağılır.
Amma bütün bunlara baxmayaraq, yenə də ümid edirsən. Düşünürsən ki, bir gün həyat səni başqa bir səhvə deyil, düz yola aparacaq. Çünki insan yaşadığı acı ilə böyüyür. Və bəlkə də onun ən böyük səhvi - bütün bu ağrıların içində yenə də sevə biləcəyinə inanmasıdır.
Nifrət etmək asan deyil. Çünki nifrət üçün əvvəlcə sevməyi tam unutmaq lazımdır. Amma yaddaşdan silinməyən xatirələr var: bir səs, bir baxış, bir cümlə... Onlar heç vaxt itmirlər. Ona görə də insan bəzən nifrət edə bilmir. Bəzən bir baxış, bir etinasızlıq, bir laqeydlik - ən ağır qırıq olur. O qırıq içində qalır və daim sızılayır.
Paramparça olmuş duyğuları yığmaq çox çətindir. Hər parça kəsikdir - əlinə batır, canını acıdır. Toplasan da əvvəlki kimi olmur. İçində daimi bir çat qalır. Və o çat sənin yeni “mən”ini yaradır. Daha ehtiyatlı, daha susqun, amma həm də daha güclü bir “mən”.
Xatirələri unutmaq bu qədər asan idisə, insan niyə onların yaranmasına imkan versin? Əgər sonda o xatirələrin uğrunda bir qəlb qırılacaqdısa... Və sonda yalnız bir söz deyə bilirsən: “Mən onu heç vaxt bağışlamayacam".
“Ədəbiyyat və incəsənət”
(03.10.2025)


