Oğluma - ESSE Featured

 

İndira Şəmsivari, “Ədəbiyyat və incəsənət” üçün

 

Mənə tez-tez deyirlər: “Oğlun sənə çox bənzəyir…” Bu sözləri eşitdikcə qəlbim sevinclə dolur. Çünki oğlumu sevirəm!

 

Oğullar analara Allahın ən əvəzsiz, ən dəyərli hədiyyəsidir. Qadına bəşəriyyətin ən böyük komplimentidir. Bu, eyni zamanda bir yük deyil, bir məsuliyyət tacıdır. Onu hərtərəfli insan, əsl kişi kimi böyütmək məsuliyyəti.

Nə çox sərt olmaq mümkündür, nə də həddən artıq yumşaq… Bu yolda tarazlığı qorumaq, addım-addım irəliləmək çətindir. Və heç kəs bilmir bu yolun sonu hara aparacaq…

Bəzən özümə sual verirəm: Necə sevim oğlumu ki, sevgimlə onu yormayım? Axı elə məqamlar olur ki, düşünürsən: o sanki yalnız sənin mükafatındır. Amma yox… O, bu dünyaya azad olmaq üçün, qanadlarını möhkəmlədib bir gün uçmaq üçün gəlib.

Qoy həyat ona ən gözəl arzularımı bəxş etsin, qoy o, xoşbəxtlərin ən xoşbəxti olsun. Amma bilsin: harada olursa olsun, mən onu həmişə gözləyəcəyəm və Tanrıya onun üçün daim dua edəcəyəm.

Qoy bu inam ona güc, əminlik versin. O bilsin ki, heç vaxt tək deyil. Mənim dualarım həmişə onunladır.

Ana sevgisi sonsuzdur, əvəzsizdir…

Qoy cismim bu dünyada olmasa belə, ruh kimi, mələk kimi onu qoruyum.

Qızlar, oğulları, oğullar, qızları qoruyun! Və oğullarımıza xatir! Bizi sevə bilməsəniz də, sadəcə qəbul edin. Çünki biz o oğulların anasıyıq.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.