Milli Qəhrəman Allahverdi Bağırovun ailəsi və sevgi hekayəsi Featured

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Allahverdi Bağırov beş bacıdan sonra doğulmuşdu. Lakin bacıları ondan böyük olsalar da, onun qarşısında özlərini uşaq kimi hiss edirdilər.

 

Bacısı Svetlana Bağırova deyir: “Son dərəcə mehriban, amma zəhmli görkəmli idi. Allahverdi əyləşən süfrədə onunla oturub yemək yeməmişik. Məndən kiçik olmasına baxmayaraq hamımız ona böyük kimi hörmət edirdik”.

Anası rəhmətə gedəndə Allahverdi Bağırov çox sarsılmışdı. Axşamlar gizlicə qəbiristanlığa gedərək anasının məzarını ziyarət edirmiş. Atası da dünyadan vaxtsız köçdüyündən Allahverdi Bağırov ailənin qayğılarını üzərinə götürüməli olur. Müharibə başlayanda onun 46 yaşı vardı. Ağdamın imkanlı, varlı adamı iş-gücünü atıb cəbhəyə yollanmışdı...

Digər bacısı Almaz Bağırova deyir: “Sevdiyi qız vardı. O qız ailənin yeganə övladı idi. Onlar uzun illər bir-birlərini sevdilər. Lakin qızın ali məktəbə daxil olması gənclər arasında problem yaratdı. Allahverdi sevgilisindən fərqli olaraq həmin il ali məktəbə daxil ola bilməmişdi”.

Gənclər ayrılırlar. İllər sonra Allahverdi Bağırov keçmiş sevgilisinin vəfat etdiyini eşidir. O, hər dəfə doğmalarının məzarını ziyarət edəndə keçmiş sevgilisinin məzarına da baş çəkirmiş.

Həmin qız Allahverdi Bağırovun şəhid olmasından az əvvəl onun yuxusuna girir. Milli Qəhrəman bu barədə bacısına danışır: “Yuxumda gördüm ki, o qız məni zorla özünə doğru çəkdi”.

Bacısı onun bu yuxusundan qorxur, kövrəlir. Bunu görən Allahverdi Bağırov tez sözlərinə düzəliş edir: “Narahat olma, qız məni buraxdı”.

Amma yuxusu çin çıxır, bir neçə həftə sonra şəhid olur.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.