Unutma, hər şey beyində başlayır və beyində bitir -ESSE Featured

Aynur İsmayılova. “Ədəbiyyat və incəsənət”

 

Fikrimin ən qaranlıq küçəsində anladım: ən gözəli getməkdir — kimsəyə hesab vermədən, nəfəsini tükətmədən, ruhunu incitmədən, dönüb geriyə baxmadan. Nə istədiyini bilməyən, nə yaşadığını görməyən birilər üçün özünü sübut etməyə çalışmaq bir divara danışmaq kimidir.

 

Qoy o divarlar sənin nə istədiyini, nə yaşadığını görməsin, duymasın. Sənin üçün önəmli olan şey — sənin nə istədiyini bilməkdir. Onlara bənzəmədiyini anladığın an onlara arxanı çevir; çünki bu bir gediş deyil — bu sənin özünə qayıdışındır. Bəzi şeylər arxada qalmalıdır ki, yeni başlanğıcların təməli qoyulsun. Əksi baş verəndə tükənən sən olursan.

Hər dəfə səsini duyurmağa çalışırsan, amma səsin yalnız sənə əks-səda verir. Kimsə duymaq, anlamaq istəmir, çünki sən qayalara bağırırsan. Və səsini səndən başqa nə duyan, nə də eşidən var. Bir müddət sonra artıq sən də öz səsini eşidə bilmirsən, çünki boğulmağa başlayırsan. O anda anlamağa başlayırsan ki, yanlış yerdəsən. Və oradan uzaqlaşmağa başlayırsan. İndi içindən nə səsini duyurmaq gəlir, nə də onların səsi səni narahat etməyə başlayır; çünki sən artıq nə istədiyini bilirsən.

Həmin gündən sən yoluna yalnız sənlə davam edirsən.

Artıq anladım ki, bu yol təkcə mənə aiddir. Gediləcək yalnız bir yol vardı — kimsəyə hesab vermədən, səssizcə arxamı dönüb getdiyim həmin yol… Unutma: hər şey beyində başlayır və beyində bitir.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.