Şəmistan Nəzirli və Fərman Eyvazlı - iki görkəmli sənətkar və eyni sonluqlu tale Featured

Ramiz Göyüş,

yazıçı, publisist, “Ədəbiyyat və incəsənət” üçün

  

Bu günlər sosial şəbəkələrin gündəliyini zəbt edən bir olay-görkəmli tədqiqatçı, yazıçı-publisist, hərbi jurnalist, polkovnik-leytenant Şəmistan Nəzirlinin Qazaxda, Müəllimlər Seminariyasının binasında, ADA Universitetinin Böyük bəstəkarımız Üzeyir Hacıbəylinin 140 İllik yubileyinə həsr olunmuş tədbirində qəfil dünyasını dəyişməsi hamıda dərin bir təəssüf doğurmuşdur. Şəmistan Nəzirlinin ölümü həqiqətən də istər ədəbiyyatımız, istər hərbi junalistikamız, istərsə də hərb tariximizin öyrəniləsində müstəsna xidmətləri olan bir tədqiqtçınının itkisi kimi böyük itkidir. Onun ailəsi və sevənləri üçün çətin olan, itkisi ilə barışmaq istəməyən, onu sevən insanlar üçün bu ağır günlərdə mən də istədim ki, Şəmistan müəllimlə bağlı xatirəmi bölüşüm. Şəmistan  Nəzirlini bir tədqiqtçı və yazıçı kimi qiyabi olaraq 1987-ci ildən tanıyırdım.

 

Həmin il onun məşhur “Vurğun keçib bu yerlərdən” kitabı nəşr olunmuşdu. Səməd Vurğuna  böyük məhbbəti olan bir azərbaycanlı kimi bu nəşr haqqında məlumat alndan dərhal sonra  kitabı əldə edərək böyük həvəs və maraqla oxudum. Kitabda Böyük Səməd Vurğun haqqında o vaxtadək bilmədiyimiz məlumatlar, şairin səfərləri, görüşləri, onun haqqında xatirələr və maraqlı əhvalatlar yer almışdı. Yadımdadır, kitab çox sürətlə yayılmağa, oxunmağa başladı və müəllifinə  böyük populyarlıq gətirdi. O gündən məndə Şəmistan müəllimə qarşı dərin bir rəğbət və sevgi yaranmış, onunla əyani tanış və həmsöhbət olmaq arzusu baş qaldırmışdı. Belə bir gün 10  ildən sonra yetişdi. 1996-cı ilin noyabrı idi. Mən onda Mingəçevir Şəhər İcra hakimiyyətində başçının müavini vəzifəsində işləyirdim. Həmin il Xalq şairi Səməd Vurğunun 90 illik yubileyinin  keçirilməsi barədə Ümmilli liderimiz Heydər Əliyevin sərəncamı var idi. Şairin Mingəçevirlə sıx bağlılığını nəzər alaraq (Böyük şairin məşhur “Muğan” poeması Mingəçevirin qurucularına həsr olunmuşdu və onun qəhrəmanı Sarvan Salmanov Mingəçevirdə yaşayırdı) həm də onun yaradıcılığına və şəxsiyyətinə olan böyük sevgidən doğan bir həvəslə mən də Şairin 90 illik  yubileyinin keçirilməsi barədə təşəbbüs qaldırdım və mənim təşəbbüsüm şəhər rəhbərliyi  tərəfindən hərtərəfli dəstəklə qarşılandı.

Yubileyin keçirilməsi üçün Şəhər İcra Hakimiyyəti başçısının vəzifələrini icra edən Dilqəm Alıyevin sərəncamı ilə, mənim sədrliyimlə təşkilat komitəsi yaradıldı və yubileyin yüksək səviyyədə keçirilməsi barədə tapşırıq verildi. Mən bütün qabiliyyətimi və bacarığımı səfərbər edərək yubileyin ən yüksək səviyyədə keçirilməsi üçün hər şeyi edirdim. Yubiley noyabrın 27-nə təyin edildi. Şəhərin baş küçəsi - indiki Heydər Əliyev  prospekti girişdən sonadək, eyni zamanda həmin prospekti perpendikulyar kəsən, şairin adını, daşıyan digər bir mərkəzi küçə Səməd Vurğun küçəsi başdan başa şüarlarla, Şairin “Muğan” poemasından yazılan plakatlarla, bayraqlarla, şairin trafaret şəkilləri ilə bayramsayağı bəzədilmiş,  minlərlə şəhər sakini və qonaqlar küçələrə çıxmışdı. Yubiley tədbirində iştirak etmək üçün Qazaxdan, Gəncədən, qonşu Ağdaş, Yevlax, Bərdə rayonlarından qonaqlar dəvət olunmuşdu.

Tədbirdə Qazax Xeyriyyə Cəmiyyəti böyük heyətlə iştirak edirdi. Akademik Teymur Bünyadov, Qazax Xeyriyyə Cəmiyyətinin sədri Vidadi Bayramov, Xalq şairi Vaqif Səmədoğlu, şair Həmid  Abbas, yazıçı Fərman Eyvazlı və digərləri var idi. Qonaqlar arasında Şəmistan Nəzirli də gəlmişdi və mən bütün qonaqlar kim onu da böyük hörmətlə qarşıladım.

Şəmistan müəllimlə arada bir az zaratlaşdıq da. Məndən soruşdu ki, sən Qazağın hansı  kəndindənsən. Mən cavab verdim ki, Abbasbəyli kəndindən. Dedi ki, mən elə bilirdim, sən Daş  Salahlıdansan. Aradan xeyli müddət keçdi. O, bir də mənə Daş Salahlı balası deyə müraciət  elədi. Mən gülə-gülə dedim ki, mən Daş Salahlıdan deyiləm. O da cavabında dedi ki, Daş Salahlı  olanda nə olar ki? Mən dedim, ay Şəmistan müəllim, Daş Salahlı Qazağın ən böyük və ən qədim kəndidir. Ancaq indi mən neyləyim ki, oralı deyiləm. Xeyli gülüşdük. Həmin gün o mənə  avtoqrafı ilə “Vurğun keçib bu yerlərdən” kitabını bağışladı. Avtoqrafda yazmışdı: “Əziz eloğlum, Ramiz Göyüşova xoş arzularla. P.S Daş Salahlı olmaq istəməyən vətənpərvər eloğluma müəllifdən.  27 noyabr 1996-cı il”...

 ... Səhərdən başlayıb, bütün günü davam edən yubiey tədbirləri axşam Mərziyə Davudova adına Dövlət Dram Teatrının böyük salonunda yekunlaşacaqdı. Salon ağzınadək dolmuşdu.

Çıxışlar və bədii proqramla qarışıq şəkildə aparılan tədbir sürəkli alqışlarla davam edirdi. Qonaqlar əvvəlcədən tərtib olunan ssenari üzrə çıxış edirdiər. Yazıçı Fərman Eyvazlı çıxışa yazılmamışdı.

Arada Vidadi Bayramov mənə dedi ki, Fərman Eyvazlı çıxış etmək istəyir. İmkan olan kimi onun da  çıxışına imkan yarat. Mən də bu barədə tədbirin aparıcılarına tapşırıq verdim və elə növbəti  nömrədə Fərman Eyvazlı çıxışa dəvət edildi. Fərman müəllim aramla səhnəyə qaxdı. Təxminən 5-6 dəqiqə çıxış edərək Səməd Vurğundan bir xatirə danışdı. Çıxışının sonunda üzünü Şairin səhnədən asılmış böyük portretinə tutaraq: ”Allah sənə rəhmət eləsin, Ustad”- deyib, qalxdığı  kimi də səhnədən düşərək yerinə keçdi. Aparıcılar növbəti nömrəni elan etdilər. Salonda  işıqlar söndü və “Vaqif “ dramından bir səhnə oynanılmağa başladı. Fərman Eyvazlı Vidadi müəllimlə yanaşı oturmuşdu. Birdən Vidadi müəllim mənə səsləndi ki, Ramiz burda həkim varsə təcili çağır bura gəlsin. Mən onlar tərəfə çevriləndə gördüm ki, Fərman müəllimin başı çiynindən aşağı düşüb.

Təcili onu salondan çıxartdıq. Həkimlər tökülüşdü, ancaq neynədiksə artıq iş-işdən keçmişdi.  Hər şey bir andaca baş vermişdi...

 2025-ci il Sentyabrın 20- də Şəmistan Nəzirli ilə onun həyatın son gününü, son dəqiqələrini birlikdə keçirmiş dəyərli mətnşünas, dilçi alim professor Ədalət Tahirzadənin öz Feysbuk səhfəsində böyük kədərlə qeydə aldığı Şəmistan Nəzirlinin əbədiyyətə gedən yolunun təfərrüatlarını oxuduqdan sonra Mingçevirdəki olayı bir daha kədərlə xatırladım. Şəmistan müəlim də Fərman Eyvazlı olayının şahidi olmuşdu və çox qəribədir ki, həmin tale onun da qismətinə yazılıbmış.

... Şəmistan müəllim bədii yaradıcılığa başladığı 1958-ci ildən bu günədək 67 illik bir dövrdə  bütün fəaliyyətini hərb tariximizə, Cümhuriyyət tarixinə, Azərbacan generallarının həyat və fəaliyyətinə, xalqımızın və dövlətçiliyimizin tarixində müstəsna xidmətləri olmuş görkəmli  şəxslərin həyat və fəaliyyərinə, Səməd Vurğun ocağına, Vəkilovlar nəslinə aid faktlara söykənən,  obyektivliyi ilə fərqlənən, dərin araşdırmalara həsr etmişdi. O, ağır zəhmətin, fədakar vətəndaşlıq  mövqeyin məhsulu olan 30-dan cox iri həcmli, çox dəyərli kitabaların müəllifidir və bu kitablarda  yazılan sətirlərin hər birinin altında tariximiz yatır. Onun “Vurğun keçib bu yerlərdən”, “Vurğun  ömrü”, “Ellər vurğunu”, ”Yaddaşlarda yaşayan Vurğun”, “Qacarlar”, “Cumhuriyyət generalları”, “Azərbaycan generaları”, ”General Əli ağa Şıxlıniski”, “ General Cəmşid Naxçıvanski”, ”Topoqraf general İbrahim ağa Vəkilov”, ”Tam artileriya generalı Səməd bəy Mehmandarov”, “General Yadigarov qardaşları”, ” Krım dəftəri”, “Qoridən gələn qatar”, “1920-ci il Qarabağ döyüşləri”,  “Nüfuzlu nəsillər tarxindən” və digər kitablarında toplanmış materiallar arxiv sənədlərinə, tarixi faktlara əsaslanmaqla tariximizin qızıl məqamlarını özündə əks etdirir. Heç şübhəsiz gələcək nəsillər tariximzin yeni səhfəlrini yazarkən hökmən Şəmistan Nəzirlinin bu  əvəsiz mənbəələrinə müraciət edəcəklər.

Bununla yanşı mən onun “ Qoridən gələn qatar” kitabı üzərində xüsusi olaraq dayanmaq istədim.

...İndi hər kəsə məlumdur ki, Azərbaycan təhsilinin tarixində Qazax Müəllimlər Seminariyasının  müstəsna yeri olmuşdur. 1918-ci ildə Qori müəllimlər seminariyasının Azərbaycan bölməsinin Qazağa köçürülməsi, onun bazasında Qazax Müəllimlər Seminariyasının təşkili Qazaxda yeni bir  zümrənin –müəllimlər dəstəsinin yaranmasına səbəb oldu. Müəllimlər Seminariyasının ilk buraxılışları əsasən Qazax mahalından olan insanlar idi. Və sonrakı tariximizdə Qazax müəllimlər Seminariyası təkcə müəllimlər ordusu yetişdirmədi, həm də bütöv bir ziyalılar nəslinin yaranmasına  səbəb oldu. Müəllifin, yarandığı tarixdən başlayaraq, sonrakı dövrlərdə zaman-zaman Azərbaycanımızın  tarixində mühüm rol oynamış Seminariyanın tarxi, onun yaradılması, təşəkkülü, inkişafı və Azərbaycan təhsilnin tarixindəki mövqeyi barədə əvəzsiz bir mənbə olan “Qoridən gələn qatar” kitabının  müstəsna bir əhəmiyyəti var və o özü bu elmi-tarxi kitabına böyük bir sevgi ilə yanaşırdı. Sonrakı  illərdə xalqımızın görkəmli ziyalısı, ictimai-siyasi və dövlət xadimi, təhsilimizin fədaisi ADA Universitetinin rektoru Hafiz Paşayevin təşəbbüsü ilə indi yeni dövrünü yaşayan, ölkəmizin mədəni və təhsil həyatında hadisəyə çevrilən Qazax Müəllimlər Seminariyasının bərpasında Şəmistan Nəzirlinin  “Qoridən gələn qatar”kitabının və Şəmistan Nəzirlinin fikirləri əsas göstəricilərdən idi. Son vaxtlar Şəmistan Nəzirli tez-tez Qazax Müəllimlər Seminarisyasında olur, Seminariyanın tarixi haqqında  dəyərli söhbətlər edir, onun tələbələri, müəllimləri və məzunları haqqında maraqlı müsahibələr verir və bundan özü də xüsusi bir məmnunluq duyurdu. Çox təəssüf ki, onun bu gedişi sonuncu gediş oldu və onu sevənlərin qəbində bir sızıltı yaratdı.

Professor Ədalət müəllim qeydlərinin sonunda yazır: “Şəmistan Nəzirli Allahın ən sevimli bəndəsi imiş -o, ata, anası qədər sevdiyi Qazaxda, vurğunu olduğu Səməd Vurğunun torpağında və hədsiz sevdiyi Firudin bəy və Badisəba Köçərlilərin ruhunu yaşadan Qazax Müəlimlər Seminariyası kimi müqəddəs bir ocaqda və çox sevdiyi insanlar arasında həyatla vidalaşdı, özü də ağrısız- acısız, ağlı ən son anadək üstündə olaraq”...

Ruhun şad olsun, Böyük İnsan! Xatirən qəlbimizdə yaşayacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2025)

 

    

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.