Yalnızlığın səsi – ESSE Featured

 

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Hər yeni başlanğıc özündə yeni arzular, yeni ümidlər, yeni insanlar gətirir. Başlanğıclar insana fərqli həyəcan, fərqli hisslər yaşadır. Ancaq bir hiss var ki, səndən qopmur. Harada olduğundan, kimlə olmağından asılı olmayaraq səni özünə çəkir. Sən onu basdırmağa çalışsan da, o bir söz, bir səs, bir baxışda sənə varlığını xatırladır.

 

Sanki deyir: “Qaçma, bu sənsən, özündən xəbərsiz yaşama.” Görməkdən məmnun olmadığın tərəflərin içində gizli gücünü də daşıyır. Qəbul etdikcə güclənəcək, azadlaşacaqsan. Çünki insan qaranlığın arxasındakı işığı tapanda özünə rast gəlir. Sən isə qaranlıqda özünə yer tapmağa çalışırsan. Amma işıq çox uzaqda deyil, özünə imkan versən, o sənə parlayacaq.

Bu hiss hər insanın varlığında kök salır, amma hər kəsdə fərqli ölçüdə. Sən bunu daha çox hiss edirsən və bir o qədər də ondan qaçırsan. Amma ən çox da ona ehtiyac duyursan. O yalnızlıqdır — insanın həm qorxduğu, həm də özünü ən çox tanıdığı aynası. Yalnızlıq bir sınaq kimidir: ya özünü dərk edirsən, ya da özündən qaçırsan. Qaçdıqca o səni geri çağırır. Çünki sən orada özünlə baş-başa qalırsan. Özünü tapırsan. Kimsə olmasa da, sən özünə bəs etməyi öyrənirsən. Hansı duyğu olduğundan asılı olmayaraq, öz həqiqətlərini, öz xoşbəxtliyini, öz səsini, öz hisslərini qucaqla. Çünki yalnızlıq sənə öz iç dünyanı dinləməyi öyrədir. Və sən özünə yaxın olduqda, dünya da sənə yaxınlaşır…

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.