Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Salam, əziz " Psixologiya və Şair" rubrikasının sevimli izləyiciləri, xoş gördük sizləri. Bu dəfə də gözəl şeir və dəyərli psixoloqumuzla sizlərin qonağıyıq.
Hər birimizin içində görünməyən bir dünya var. O dünyada duyğularımız səssiz danışır. Gəlin elə sizinlə birlikdə o gizli dünyaya səyahət edək.
Bu gün şair qonağımız dəyərli Sakit İlkin, psixoloq qonağımız isə Telan Təlim Tədris və Nitq inkişaf mərkəzinin təlimçi psixoloqu Həmidə Əliyevadır.
-Əziz Həmidə xanım, buyurun, Sakit bəyin şeirinə psixoloji təhlil verin.
Sapand atdım, o daş dağa dəymədi,
Dil qurudu, yaş damağa dəymədi...
Ha çarpışdım, yaşamağa dəymədi,
Gördüm kimin dünyasıymış bu dünya....
***
Ölüm çıxır yaxşıların ovuna,
Mənim könlüm çətin bir də ovuna....
Çox çalışdım, yenə düşdüm toruna,
Gördüm kimin dünyasıymış bu dünya...
***
Bu dünyanın qışı qar yox, dərd yağır,
Ömrə sevinc dost dolanır, dərd...yağı...
Qəgəh-qədəh ürək içir dərd yağı.
Gördüm kimin dünyasıymış bu dünya...
***
Allah bilir bu dünyada tək, nədi...
Mən doldurdum, o boşaltdı təknəmi,
Tək atanı, tək oğulu təklədi,
Gördüm kimin dünyasıymış bu dünya....
***
Gecə keçir,ulduz səssiz, Ay...sakit,
Ömrün keçir ahu-vayla, say...sakit...
Bu dünyaya belə bağlama, ay SAKİT,
Gördün kimin dünyasıymış, bu dünya...
-Əziz Ülviyyə xanım, bu dəyərli dəvət üçün təşəkkür edirəm. Şair Sakit İlkinin şeiri dərin mənalarla doludur. Şeir boyu müəllifin həyatın mənası, dünya ilə insanın mübarizəsi və taleyin qaçılmazlığı üzərində düşüncələrini görürük.
Burada psixoloji olaraq diqqət çəkən məqam ümidsizlik, daxili yorğunluq və həyatın çətinlikləri qarşısında insanın özünə verdiyi suallardır. “Yaşamağa dəymədi” kimi ifadələr insanın emosional yanğısını, daxildəki məyusluğu göstərir. Bu, depressiv duyğuların poeziyada poetik dillə ifadəsidir.
Digər tərəfdən, şair bir növ təslimiyyət və qəbul etmə mərhələsinə keçir. “Gördüm kimin dünyasıymış bu dünya” misrası bir insanın nə qədər çalışsa da, bəzi şeylərin onun gücündən kənarda olduğunu qəbul etməsi ilə bağlıdır. Bu isə psixoloji baxımdan insanın həyatın faniliyini anlama prosesidir.
Şeirdə həm də tənhalıq və ədalət axtarışı güclü şəkildə hiss olunur: “Tək atanı, tək oğulu təklədi” misrası insanın özünü dünyada yalnız hiss etməsini, həyatın bəzən ədalətsiz görünməsini ifadə edir.
Son bənddə müəllif bir mesaj verir: “Bu dünyaya belə bağlama, ay Sakit”. Bu sətirlərdə artıq özünə və oxucuya müraciət var. Yəni, bütün çətinliklərə baxmayaraq, həyata çox bağlanmamaq, amma eyni zamanda yaşamağa davam etmək lazımdır.
Psixoloji baxımdan bu, insanın yaşantılarını ifadə edərək yüngülləşməsi və özünü təsəlli etməsi kimi görünür. Poeziya burada həm yaradıcılıq, həm də sağalma vasitəsinə çevrilir.
“Ədəbiyyat və incəsənət”
(08.09.2025)