Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Misirdə böyük sərkərdə Məhəmməd Kərim fransız sərkərdəsi Napoleonun başçılıq etdiyi orduya qarşı döyüşərək, ona qarşı güclü müqavimət göstərir. Döyüşlərin birində o, əsir düşür və ona ölüm hökmü çıxarılır.
Onu Napoleonun yanına gətirirlər. Napoleon ona deyir:
- Vətənini belə cəsarətlə müdafiə edən bir adamı edam edəyəcimə görə çox təəssüf edirəm. İstəmirəm ki, tarix məni öz vətənlərini müdafiə edən qəhrəmanların qatili kimi xatırlasın. Ona görə də mən sizi həlak olan əsgərlərimə görə kompensasiya olaraq on min qızıl sikkə müqabilində bağışlayacağam.
Məhəmməd Kərim gülümsəyərək deyir:
- Mənim belə bir məbləğim yoxdur, amma tacirlərin mənə yüz min qızıl sikkədən çox borcu var.
Napoleon deyilən məbləğin çatdırılması üçün ona möhlət verir. Kərim özünü qurban verdiyi insanlara ümid bəsləyərək, ayağı zəncirli və işğalçı əsgərlərinin müşayiəti ilə bazara gedir.
Lakin heç bir tacir ona kömək etməyir, əksinə, onu İsgəndəriyyənin dağıdılmasında və iqtisadiyyatlarının tənəzzülə uğramasında günahkar olmaqda ittiham edirlər.
Məhəmməd Kərim Napoleonun yanına qəlbi qırılmış və kədərli halda qayıdır. Napoleon ona deyir:
- Mən səni bizimlə vuruşduğun üçün yox, vətəninin azadlığından daha çox ticarətə dəyər verən qorxaq xalqa canını qurban verdiyin üçün edam edəcəyəm.
Məhəmməd Rəşid Ridanın dediyi kimi: “Cahil cəmiyyət üçün ayağa qalxan, kor adamın yolunu işıqlandırmaq üçün bədənini yandıran adam kimidir”
“Ədəbiyyat və incəsənət”
(27.08.2025)