Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalını Qarabağ təmsilçisi
"Həyat öpüşü" kimi tanınan bu əfsanəvi foto tamamilə təsadüfən ortaya çıxmışdır. Fotoqraf Rocco Morabito həmin gün tətil edən işçilərin fotosunu çəkmək üçün gedibmiş...
"Bərkdən bir çıgırtı eşitdim, dəhşətlə ətrafa baxdım və işçilərdən birinin elektrik xəttinin dirəyində hərəkətsiz olaraq asıldığını gördüm" - deyə o sonradan xatırladır. Morabito ilk hərəkəti təcili yardım çağırmaq, sonra isə yenidən kameranı götürmək olur.
Həmin gün elektriklər Rendall Çampion və Cey Di Tompson profilaktik işlər görürmüşlər. Elektrik dirəyinə çıxan Çampion təsadüfən 4000 volt gərginliyi olan elektrik xəttinə toxunur. Nəticədə güclü cərəyan onu vurur və ürəyi dayanır. Təhlükəsizlik kəmərləri onun yerə yıxılmaqdan qoruduğu üçün, hərəkətsiz olaraq dirəkdən asılı qalır. Onun arxasınca qalxan Tompson yoldaşına çata bilir. Tompson yoldaşını elə orada həyata qaytarmağa çalışır və onun zəif nəbzi hiss edilənə qədər süni nəfəs verməyi davam etdirir. Daha sonra onu çətinliklə də olsa yerə endirir və həmkarları ilə birlikdə xilasetmə işini yerdə davam etdirirlər. Təcili yardım gələnə qədər artıq Rendall Çampion həyata qayıtmışdı. Bir müddət sonra işə o, yenidən işinə qayıdır.
Həmin anda çəkilən şəkil dünyanı sarsıdır. Qəzetlər onu nəşr etmək hüququ uğrunda mübarizə apardılar. Rocco Morabito bu fotoya görə Pulitzer mükafatını (jurnalistika, ədəbiyyat, musiqi və teatr sahələrində mükəmməl nailiyyətlərə görə verilən prestijli bir mükafatdır) alır.
Bu şəkil əbədi olaraq həlledici anda cəsarət və insan sədaqətinin hətta ölümü də məğlub edə biləcəyinin simvolu olaraq qalacaq.
“Ədəbiyyat və incəsənət”
(26.08.2025)