Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru
Türk dünyasının görkəmli ədəbiyyat və ictimai xadimi Məmməd İsmayılın “Ruhani” saz havası və özünün anlamlı şeiri ilə haqq dünyasına yola salınması birmənalı qarşılanmamış ola bilər, lakin bu, nə ilk deyil, yəqin nə də son olacaq. Uzağa getməyək, nə vaxtsa, mənim özümüm sonərk etmək fürsətim olsa, bir qızılbarmaq aşığın ifasında “Dilqəmi”ni istərdim…
Demək istəyirəm, Azərbaycanımızda, özəlliklə də Tovuz bölgəsində, ümumən Günbatar bölgəsində bu cür törənlər az olmayıb.
Əslində, burada əsas meyar insanın öz istəyi və doğmalarının münasibətidir. Əgər mərhumun özü belə bir vəsiyyət edibsə, yaxud ailəsi, yaxınları bu ruhani ahəngi münasib biliblərsə – bu, artıq sayğı duyulmalı seçimdir. Biz ərəb deyilik, fars deyilik, türkük və türkün tarixində də, mədəniyyətində də, sənətində də sazın özünəxas uca yeri var. Körpənin beşiyi başında da çalınıb, igidin toyunda da, ərənin, ustadın yasında da… Deməli, saz təkcə musiqi aləti deyil, həm də ruhaniyyətin daşıyıcısıdır.
Bəli, bəziləri bu halı “dini qaydalara zidd” kimi qələmə verir; lakin unutmamalıyıq ki, İslamdan öncə də türk ulusunun özünəxas inanc sistemi, ritualları vardı. Əcdadımız dövlətimizi qutsal bilib, deyərdim, bəlkə məhz bu amal – dövlətçilik uğrunda dinini də dəyişib – bütün səmavi dinləri qəbul edib. Amma sazı, sözü, musiqini heç vaxt yaddan çıxarmayıb, necə deyərlər, davam və inkişaf erdirib. Bu gün də həmin ruhaniyyətin yaşaması, ulusun yaddaşına bağlı qalması təbii sayılmalıdır.
Mənim üçün Məmməd İsmayılın sazla – “Ruhani” havası ilə haqq dünyasına yola salınması təsadüfi deyildi. O, ömrü boyu bütün Türk dünyasına səslənmişdi, sözünün gücü ilə həm Azərbaycana, həm Qafqaza, Anadoluya, Türk dünyasına və nəhayət, uzaq coğrafiyalara yol açmışdı. Bu gün isə onun ruhunun sazla, sazın ruhani nəfəsi ilə yad olunması, uzaq Saxa-Yakutiyadan üzübəri Türk dünyasından qələm yoldaşlarınının, oxucularının minnətdarlıqla, sevgiylə xatırlaması çox anlamlıdır.
Demək istəyirəm, burada ziddiyyət axtarmaq yox, əksinə, həm inancın, həm də milli ruhun, mədəni yaddaşın birləşməsini görmək daha uhulət-suhulətli yanaşma olardı. Çünki bir ustadı haqq dünyasına doğru müşayiət edən saz havası, əslində, bizləri də birliyə, vicdana, haqq-ədalətə çağırır…
“Ədəbiyyat və incəsənət”
(25.08.2025)