Bəzən insanı ayaqda saxlayan tək şey səbəbsiz bir inamdır... Featured

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

 Səhər deyilsə, niyə qalxmışam?

Zəng çalmayıb, içim çalır. İçimdə bir qəribə səs var, deyir "dur, yoxsa çökəcəksən." Dururam. Amma niyə dururam, onu da bilmirəm. Ayaqqabımı geyinmək istəmirəm, çünki ayağım getmək istəmir. Əlim telefona gedir, amma baxmağa nəfəsim çatmır. Dünya çox danışır. Mən susuram.

 

 

 Siqaret yandırmıram, çünki siqaret artıq mənə təsir eləmir. İçki içmirəm, çünki sərxoş olmaq üçün gərək içində bir şey qalsın. Mən içimdə qalmamışam. Yəni nə deyim? Hər şeyi yaşamışam demirəm, amma yaşamaq nədi onu sorğulaya-sorğulaya yaşayıram. Bir az yorulmuşam. Amma tənbəllik deyil bu. Bu, qəzəbin yuxusudu. Həyat deyir "plan qur."lan qururam. Amma həyat planı silir. Sifətimdə eyni ifadə. Nə hirslənirəm, nə barışıram. Sadəcə baxıram.  İndi nə vaxt kimsə gülür, içimdə nəsə öskürür.

Bəzən qışqırmaq istəyirəm. Amma qonşular oyanar deyə yox.. özümə səsimi tanıtmaqdan qorxuram. Dostlar var, qardaş deyirlər. Amma çörək bölmək yerinə, status bölürlər. Kimsə darıxır, amma qürurunu bölə bilmir. Kimsə yazır, amma özünə yazmır. Mən hardayam. Bilmirəm. Amma sənin də harda olduğunu hiss edirəm. Sən də mənim kimisən. Qısa deyim.. Bu şəhər danışır. Mən dinləyirəm. Və bəzən elə olur ki ...danışan şəhərdən daha doluyam.

Bəzən də elə olur ki, insan səhər oyananda insan dünyanı dəyişmək istəyir… Amma sonra yadına düşür ki, kredit kartı boşdu. Və sən robot deyilsən. Yəni hələlik deyilsən. Çünki bu həyat o qədər təkrarlanır ki, elə bil sənə "mürgülə" düyməsini basmaqdan başqa seçim vermirlər. Qapını açırsan, nəfəs alırsan və… heç nə dəyişmir. Eyni küçə, eyni nəfəs, eyni insanlar. Sadəcə bəzilərinin yeni saç düzümü, bəzilərinin isə yenilənmiş ürək ağrısı var.

 Bəzən motivasiya videoları açırsan, deyir.  "Sən bacararsan!" amma sən artıq nə etdiyini də bilmirsən. Öz-özünə deyirsən, "əşşi, nə edim ki, edə bilim?" Mən hələ kim olduğumu bilmirəm. Belə baxanda, bəlkə də heç var olmamışam. Sadəcə biri səhvən mənim "start" düyməmə basıb. Amma, bax, burası maraqlıdı. Bu qədər absurdluğun içində yenə də bir az yaşamaq istəyirsən. Niyə? Bilmirəm. Bəlkə də axmaq bir ümiddir. Bəlkə növbəti gün metroda sənə yer verən birinin gözlərində nə iləsə rastlaşacaqsan. Ya da köhnə dostdan gələn səsli mesajın içindəki xırıltılı gülüş sənə hələ də insan olduğunu xatırladacaq. Və birdən anlayırsan, sən bezmisən, bəli. Amma bu bezginliyin içində qəribə bir dirəniş var. Çünki sən ölməmisən. Sən hələ də gülə bilirsən. Hələ də əsəbləşə bilirsən. Və sən hələ də yazırsan. Deməli, sən hələ də varsan. Və bu var olmaq bəzən "dünya gözəldi" demək deyil. Bəzən sadəcə "qurtarsın da bu növbə, ayaqlarım ağrıyır" deməkdir. Bəzən də "niyə yaşayıram?" sualının cavabını yazmaq əvəzinə, onu sual kimi saxlamaqdır. Çünki bəlkə də cavab deyil, elə sualın özü səni yaşadır.

 Mənə tez-tez deyirlər ki, "gülümsə, həyat gözəldir". Əzizim, həyat bəzən o qədər gözəldir ki, adamın başını divara çırpmaq istəyir. Gülmək demişkən, bəzən elə gülürəm ki, dişim düşməkdən qorxur, amma içimdəki yorğunluq, göz qapaqlarımın altında əsgərlik çəkir. Gözümün altında kölgə deyil o, birbaşa kapitalizmin izidir. Ətrafa baxıram, hamı motivasiya danışır,n"Erkən dur, limonlu su iç, 6 səhifə oxu, 8 səhifə yaz, qaçış et, nəfəs al, nəfəs ver, məhsuldar ol!" Ay bala, mənim məqsədim bu gün də sağ qalmaqdır. Bu da az şey deyil. Həmin o motivasiya videoları var e, səni qışqırtmaqla uğura aparacağını düşünən o qızğın videolar. Musiqi fonunda birisi "never give up!" deyir. Mən isə bir stəkan çayla “maybe give up” arasında pendir kimi əriyirəm. İndi çıx deyirlər, "öz potensialını aş". A kişi, mən ayağa qalxanda belə başım fırlanır, hələ potensial nədir? Axşam işdən gələndə corabımı çıxarıb yerə atma enerjisini güclə tapıram. Amma hər dəfə düşünürəm, "Sabah başqa olacaq." Sabah gəlir, yenə eyni mənzərə. Zəngli saat, baş ağrısı, kitablar, bir az depressiya və yenidən iş.

 Bəziləri deyir "şükür elə". Elə edirəm. Amma şükürlə gün keçmir axı. İnsan təkcə dua ilə tox olmur. Akademik kreditim ödənməlidir, benzin bahalaşıb və gündəlik sual, “Bu ay necə dolanacam?” Məni tək Allaha buraxmayın, bir az da sistem kömək etsin... Ətrafımda elə insanlar var ki, danışanda elə bil TEDx çıxışıdır. Deyirlər "mən hər səhər 5-də dururam, soyuq duş alıram, sonra meditasiya". Mən isə hər səhər 6 da durub həyatla dialoqa girirəm, "Yenə sən?”, "Yenə mən." Əgər bu gün də sağ çıxa bilsəm, deməli, mən hələ də döyüşürəm. Bilirəm, bu sistem bizi siçan yarışına salıb. Hamı qaçır, amma heç kim hara qaçdığını bilmir. Mənimsə artıq qaçmağa gücüm yoxdur. Mən qaçmıram, sürünürəm. Bəlkə də bu daha çox irəlilədir. Bəzi yerlərə yalnız sürünə-sürünə çatmaq olur. Amma yenə də içimdə bir axmaq ümid var. Bilirsən o nədir? Deyir ki, "bir gün hər şey düzələcək." Nəyə əsaslanır? Heç nəyə. Amma inanıram. Çünki bəzən insanı ayaqda saxlayan tək şey, səbəbsiz bir inamdır...

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2025)

 

 

Harun Soltanov

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.