Con Harvardla Tağıyevin görüşü – UŞAQLAR ÜÇÜN Featured

 

Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün                       

 

Zeynalabdin içəri keçdi. Müsyö Kadusli onu gözləyirdi. Kadusli alman, ingilis dillərini gözəl bilirdi. Qəzetləri oxuyub, tərcümə edər və Zeynalabdinə məlumat verərdi: 

- Zeynalabdin bəy, bu dəfəki xəbərlər heç də yaxşı deyil. Ermənilər Osmanlı bankına hücum edib, terror törədiblər. Terroru törədənlər "Daşnaksütun" partiyasının nümayəndələridir. 

- Sən bir işə bax e, İngilistanm göbəyində türklərə hücum etmək. Bu dığalar türkləri hər zaman arxadan vururlar. 

- Hacı bu nəinki, türklərə, insanlığa qarşı törədilmiş bir terror aktıdır. Bu heç II Nikolayın da xoşuna gəlməyəcək. Baxın, bütün qəzetlər onların törətdiyi terrordan yazır. 

- Müsyö Kadusli, bizim bu ermənilərdən çəkəcəyimiz var. Vallah, bizim işimiz Allaha qalıb. 0 biri xəbərləri oxuma. Bu xəbər məni məyus etdi. Dur, dur ayağa, mənimlə şirkətə gedək. Almaniyadan gəlmiş avadanlıqların istifadə qaydalarını tərcümə et. Bir neçə günə dəyirman avadanlıqları quraşdırılmalıdır.

 - Baş üstə, Hacı, gedək. Amma yağış yağır. 

- Yağış yağır deyə evdə oturaq? Nə oldu, yoxsa yağışdan qorxursan?

 - Yox, Hacı, mən sizə görə deyirəm. 

-  Mənim üçün bütün havalar gözəldir. Atam yağış yağanda sevinərdi. Deyərdi ki, yağış ruzi, bərəkətdir. 

İkisi də evdən çıxdılar. Faytona oturub uzaqlaşdılar. Yağış gah yağır, gah da kəsirdi. Bibiheybət yolunda Hacının diqqətini yağışın altında dayanan iki nəfər çəkdi:

 - Rüstəm, bir faytonu saxla görüm. Bunlar kimdir belə bu yağışda. Nə çətirləri var, nə də onları gözləyən bir fayton.

 - Hacı, bunlar xaricilərə oxşayırlar. İzin verin gedib soruşum - deyə Kadusli Hacıdan izin istədi. 

- Get bax, onsuz da bunların dillərini bircə sən bilirsən. 

Kadusli onlara yaxınlaşdı, qısa bir söhbətdən sonra faytona döndü:

 - Hacı, onlardan biri ingilisdir. Bakıya qonaq gəlib. Bu gün bura mədənlərə baxmağa gəlib. Faytonları var imiş. Yağışın kəsdiyini gözləyirlər, 1- 2 saatdan sonra faytonları gələcək.

 - Get onları, çağır bura. Bu yağışın altında qalıb islanmayacaqlar ki.. Aparaq bizim şirkətə, mədənləri göstər. Qəribdir, razı olarsa bizimlə lap evə gedər. 

Kadusli onları faytona gətirdi. Yanındakı azərbaycanlı: 

- Allah sizdən razı olsun! Mister Harvard qonaqdır. Mənim dayımın mədəninə baxırdı. Onu fayton gətirmişdi. Gördü hava yaxşıdır. Ona dedi ki, getsin 2 saatdan sonra gələr. Bayaqdan yağış bizi cim- cimə su edib. Siz onu aparın, mən arabaçını gözləyərəm, harda olsa bir azdan gələr.

 İngilis əlini Hacıya doğru uzatdı: 

-Gəlin, tanış olaq. Mən Con Harvard. 

- Mən də Hacı Zeynalabdin. Hacı qonağın əlini sıxıb, əlilə faytona dəvət etdi:

 - Buyurun faytona! Belə yağışda xəstələnməkdən qorxmursunuz? 

Kadusli dərhal Hacının sözlərini tərcümə etdi. Con Harvard təşəkkürünü bildirib, faytona oturdu. Hacı yol boyu Bakı haqqında, neft buruqları haqqında danışdı, Kadusli də tərcümə etdi. Hacının nəzakəti, xoş söhbəti, səmimiyyəti onu o qədər məftun etdi ki, əvvəl şirkətə, sonra da onunla evinə getdi. Hacının evinə qədəm qoyan C.Harvard içəri daxil olan kimi heyrətini gizlədə bilməyib:

 - Mister, gözəl qəlbiniz kimi gözəl imarətiniz var. Müdhiş, əsrarəngiz, möhtəşəm! 

- Mister Harvard, bu gözəl evimdə sizin kimi alicənab bir insanı qonaq etdiyim üçün çox xoşbəxtəm. Buyurun, masa arxasına!

Gülsüm gözəl süfrə hazırlamışdı. Hacı Sonanı da çağırıb qonağa təqdim etdi: 

- Bu da mənim həyat yoldaşım Sona xanım. 

- O o o, bu qədər gənc və gözəl - C.Harvard təəccübünü gizləmədi. 

- Mister, biz yeni evlənmişik. Sona xanım mənim ikinci həyat yoldaşımdır. 

- Mən sizə xoşbəxtlik arzulayıram. Arzum budur ki, hər zaman gözəl anlar, gözəl günlər ömrünüzü bəzəsin. Sonra da gülərək: Qəlbiniz necə gözəldirsə, sevib seçdiyiiz qadın da bir o qədər gözəldir.

Hacı təşəkkür etdi. Onlar masa arxasına keçdilər. Qonaq Azərbaycan xörəklərindən iştahla yeyib, Zeynalabdinin qoyduğu muğamatı dinlədi. Hacının ona qarşı olan diqqəti onu duyğulandırmışdı: 

- Mister Zeynalabdin Taqiyev, siz məni heyran qoydunuz. Sizi tanımam üçün sizin haqda oxuduqlarım, bildiklərim yetərli olmazdı. Bu görüş mənim xatirəmdə əbədi qalacaq. Siz qeyri -adi bir insansınız. Mən zəngin bir ailədə doğulmuşam. Daim zəngin insanların əhatəsində olmuşam. Amma, sizin kimi mötəbər, sadə bir zəngin birinci dəfədir görürəm. Sizin xalqınız üçün gördüyünüz işlər təqdirəlayiqdir. Belə işlərin Allah yanında mükafatı böyükdür. Siz Allaha yaxın bir insansınız. Çox istərdim Edenburqa gələsiniz və mənim qonağım olasınız. Mən sizin haqda hər kəsə, tanıdığım hər kəsə danışacağam. 

Kadusli Harvardın bütün cümlələrini eynilə, qısaltmadan tərcümə edirdi. O, Hacını təriflədikcə Hacı gülümsünüb Sonaya baxırdı. Sona da razılıq hissi ilə başını yelləyirdi və sanki ”Bütün bunlar doğrudur, Hacı, sən həqiqətən böyük insansan və sənin böyük qəlbin var” - deyirdi. 

 Hacı C. Harvardı iki gün evində qonaq saxladı. Onu şəhərin görməli yerlərini gəzdirdi. Birlikdə "Qız qalası"na çıxdılar. Hacı onu  evindən vətəninə yola saldı.  C. Harvard Hacı ilə görüşüb əlini Hacının çiyninə qoydu və: 

- Mister Zeynalabdin! Bir gün İngiltərənin Edenburq şəhərində sizin heykəlinizin olduğunu eşitsəniz, bilin ki, bu heykəli mən sizin şərəfinizə qoydurmuşam. 

- Sizə minnətdaram, mister Harvard! Sizin kimi bir dost qazandığım üçün xoşbəxtəm. Artıq Bakı da sənin ikinci məmləkətindir. Nə zaman gəlsən, gözüm üstə yerin var. Allah yolunu açıq, işlərini uğurlu etsin! 

Onlar sağollaşdılar. Harvard faytona oturub uzaqlaşdı. 

 

P.S C. Harvard vətəni İngiltərəyə döndü və sözünü tutdu. Z. Tağıyevin Edenburq şəhərində böyük bir heykəlini ucaltdı. 

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.