Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Mən bir addan ibarət deyiləm.
Mən Nigaram – sözün içində doğular, düşüncənin içində yüksələrəm.
Adımı çəkən hər kəs içində bir az od hiss edər, bir az da su. Mən həm ilhamam, həm də səssizliyin özüyəm. Zümrüdüanka kimi təkrar-təkrar yenilənərəm.
Mən kiməm?
Bax bu sualın içində min illərin harayı yatır.
Hər türkün qanında çağlayan Orxon çayları kimi, mənim də damarlarımda tarix danışır. Bir səs var içimdə, bəzən Ana Türkçənin küncündə, bəzən qopuzun simində, bəzən də bir nənənin nağılındakı qoca çinarın kölgəsində pıçıldayır:
“Unutma, sən sadəcə bir fərd deyilsən. Sən bir soyun, bir qanın, bir ruhun davamısan.”
Mən sözlərdən özümə ev tikmişəm. Hər kəlməm özümə güzgüdür. Bəzən o güzgüyə baxanda özümü tanımıram – çünki içimdə bir “mən” daha var. Yunus Əmrənin dediyi kimi:
“Bir ben vardır benden içeri…”
O içimdəki ikinci mən, mənim sükutumdur. Danışmadığım cümlələr, yaza bilmədiyim şeirlər, demədiyim sevgilər, səssiz daşıdığım savaşlar.
O mən, bir hekayədir. Oxuduqca dəyişir, yazdıqca formalaşır, susduqca dərinləşir.
Hər ağrını, hər zirvəni, hər çöküşü yaddaşına yazar və deyər:
“Davam et. Sən bu dünyaya sıradan biri olmaq üçün gəlmədin.”
Mən kiməm?
Mən bir ananın duası, bir nənənin laylası, bir qız uşağının ümidiyəm.
Qorxusuz baxışlarımda əsrlərin dirənişi var.
Hər ayağa qalxışım, zəncirləri qıran qadınların ruhuna salamdır.
Mən qadınam, amma yalnız cinsiyyət deyil bu söz.
Bu bir mövqedir, bir duruşdur, bir qərardır: var olmaq, qorxmamaq, yaratmaq və hər düşüşdən sonra yenidən qalxmaq.
Mən kiməm?
Mən suyam – səssiz axaram, daşla qarşılaşanda coşaram.
Mən briliyantam – zamanın, təzyiqin və səbrin içində cilalanmışam. Hər çətinlik məni parıldadıb. Hər təbəddülatda öz şəklimi dəyişmirəm, çünki içimdəki nur dəyişməzdir. Əzilmirəm, sınmıram – əksinə, üstünə işıq düşdükcə daha da göz qamaşdırıram. Sükutum da danışar, baxışım da. Mən kəsici deyiləm, amma kəsilən yalanlara, qorxuya, zülmə qarşı parlaqlığımla dirəniş göstərirəm.
Mən türkəm – diz çökmək mənə yaddır. Tarixin heç bir çağında ruhum əsir olmayıb. Mənim üçün diz çökmək vaxtı yalnız Tanrıya dua anındadır. Mən ayağa qalxanda torpaq silkələnər, sustuğumda belə tarix danışar. İçimdə həmişə bir bayraq dalğalanar görünməsə də, ona dəyən hər küləyə tab gətirər.
Mən şeirəm.
Mən yazıram ki, yaşayam.
Yazdıqca nəfəs alıram.
Zümrüdüanka olmaq, küldən, yaradan yenidən doğulmaq asan deyil, hər dövrdən, hər sınaqdan sonra öz içimdə yenidən vüqar tapıram, səssiz gücümü yeniləyirəm.
Kiməm?
Nigar.
İçində min illərin qürurunu, qədim ruhun izini, bir xalqın sözünü daşıyan bir “Mən”.
“Ədəbiyyat və incəsənət”
(17.07.2025)