Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Günəş yavaş-yavaş üfüqdən boylanır. Pəncərədən içəri daxil olan günəşin şüaları otağı isidir. Bu işıq otağa səssiz bir sabah sükunəti bəxş edir. Oyanmaqla oyanmamaq arasında bir yerdə həyat yenidən başlayır. Sən bu anda var olursan. Bir günəşin işığında, səhərin qoynunda yavaş-yavaş yelləndiyini hiss edirsən. İçinlə dünyanı görürsən.
Bu anlar o qədər saf, gözəldir ki, sən bu səssizliyin içində sanki kainatı duyursan. Mavi səmanın üzərində süzən buludlar kimi sən də azadsan. Sonsuzluğa yelkən açıb üfüqlərə doğru yol alırsan. Kiçik dalğaların üstündə hərəkət edərək, səssizliyin içinə qarışan suyun ahəngi kimi sən də sərbəst axırsan — heç bir sahilə tabe olmadan.
Hər şey sakit, hər şey yavaş və dərin. Sanki zaman dayanıb, səni bu anın içində saxlayır. Sən bu anda yox olmursan, əksinə, bu anla bütövləşirsən. Bəzən bir günəş şüasıyla doğular insan içindən. Və gözəl şeylər səssizcə pıçıldayar qulağına. Sənin içində təşəkkür hissi doğar — bu ana, bu günə, bu səssizliyə görə. Çünki bəzən xoşbəxtlik nə səsdədir, nə də səs-küydə. O, bu anın, bu səssizliyin içində gizlənib səni gözləyir.
“Ədəbiyyat və incəsənət”
(16.07.2025)