Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Universitet illərinin gənc, saf çağları idi. Sevda ilə Mehmanın ilk tanışlığı tələbə olarkən baş vermişdi. Baxışlar danışdı, dillər danışmadı. O gündən sonra hər səhər yeni bir ümid idi onlar üçün. Göz-gözə gəlmək, eyni dəhlizdən keçmək, bir kitabı bir yerdə vərəqləmək – hər biri ayrı bir sevinc idi.
Sevda Mehmanı ilk dəfə adla yox, baxışları ilə tanıdı. Mehman isə onun səsini eşitmədən əvvəl nəfəsini hiss etdi. Hər şey o qədər təmiz, o qədər ümidli idi ki…
Mehman elçi göndərdi. Bir neçə dəfə get-gəldən sonra Sevda Mehmanın sevgisinə və etibarına inandı. Elçilər "hə" cavabı aldılar, nişan oldu. Çox xoşbəxt idilər.
Sonra müharibə gəldi… Silah səsləri bu məmləkətdə xoşbəxtliyin səsini batırdı. Mehman könüllü olaraq Qarabağa döyüşə yollandı. O gedəndə Sevdanın əllərini tutdu:
— Müharibə qurtaracaq… Mən qayıdacağam… Səninlə xoşbəxt olacağıq.
Son dəfə Ağdamda görüşdülər. Gözlərində qorxu yox idi, sevgi vardı. Amma o görüş, son görüş oldu... Mehman Kəlbəcərdə itkin düşdü.
İllər keçdi. İtki xəbərləri, ümidsizliklər, yuxusuz gecələr... Mehmanın atası oğul dərdindən dünyasını dəyişdi. Ardınca anası da bu dərdə dözəl bilmədi. Sevdanın atasının da taqəti qalmamışdı, qızına xəbər göndərdi:
— Qızım, mən də artıq qocalmışam, sən tək qoyub gedə bilmirəm.Mehman çox yaxşı insan idi. Amma həyat davam edir, ailə qur, tək qalma, qulaq həyanın olsun.
Amma Sevda bircə söz deyirdi:
—Mən onu gözləyirəm
Hər səhər eyni pəncərə, eyni dua. Hər ad günü, hər bayramda Mehmanın qayıtması üçün ümidlə yanan bir şam…
32 il… Nə bir məktub, nə bir iz… Sadəcə içində yaşayan səs: "O qayıdacaq!"
Və bu günlərdə xəbər gəldi… DNA analizləri Mehmanın şəhid olduğunu təsdiqlədi. Qalıqları tapıldı. Vətən torpağı onu sinəsinə basdı. Tabutu qarşısında Sevda dayanmışdı… Yaşlanmışdı, amma sevgisi qocalmamışdı. Üzünə tökülən hər ağ tel bir ilin, həsrətin, sədaqətin və hicranın şahidi idi.
O dəfn mərasimində bir mahnı səslənirdi:
“İlk məhəbbətim, son məhəbbətim…”
Sanki Məhəbbət Kazımov bu sevgi üçün oxumuşdi bu sətirləri.
Bu sevda, gözlənti, sədaqət bir ömürlük roman oldu. Sevda və Mehmanın adı, sədaqətin, əhdə vəfanın simvoluna çevrildi. Sevda bu dünyada başqa heç kimin qapısını döymədi. Çünki onun qapısı Mehmanın adı ilə möhürlənmişdi.
Bu sevgi, zamanın və ölümün belə sındıra bilmədiyi bir sevgidir.
Yazımızı isə Sevdanın sözləri ilə bitirək:
“Mehman Musayev itkin düşəndən sonra onun valideynləri bu xəbərə dözə bilməyib rəhmətə getdilər, mən isə ailə qurmadım. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcəyini gözləyirdim.
Mehmanla sonuncu görüşüm Ağdamda oldu. Mənə hədiyyələr almışdı. Toyumuz barədə danışdıq. Torpaqlarımızın üzərindən qara buludlar çəkildikdən sonra təntənəli toy edəcəyimizi planlaşdırdı. Bilməzdim ki, bu, onunla son görüşum olacaq. Həmişə Mehmanın adını uca tutdum. Qürurluyam, Mehmanla fəxr edirəm. Onun adına layiq yaşadım.”
“Ədəbiyyat və incəsənət”
(08.07.2025)