“Ədəbiyyat və incəsənət” portalının Tələbə Yaradıcılığı rubrikasında sizlərə Ağdam Dövlət Sosial İqtisad Kollecinin tələbəsi Gültəkin Məmmədovanın yaradıcılığını təqdim edəcəyik.
Bir gün məndən soruşdular:
— Əgər hekayə yazsan, adı nə olardı? — deyə.
-Bilmirəm, — dedim, susdum, üzümdə balaca gülümsəmə ilə.
Niyəmi? Çünki zatən hər kəsin həyatı, dünyaya gəlib dünyadan köçənə qədər bir hekayədi... Zatən. Bir də hekayə içində hekayəmi yazaq?
Gəlin sizə bir oğlanın hekayəsini danışım. Mənə necə danışıbsa, eləcə də, bəzək-düzək vurmadan sizə danışım.
Siz qərar verin: hekayəmi yazmaq, ya yaşadığın hekayəni danışmaq daha çox maraq kəsb edir?
Mənim uşaqlığım ölkəmizin gözəl rayonlarından birinin balaca kəndlərindən birində keçib. 3 nəfərlik — anam, mən, bir də balaca bacımdan ibarət kasıb, ancaq xoşbəxt bir ailəmiz olub.
Anam zəhmətkeş bir qadın idi. Gündəlik işlərdə işləyir, kənddə maksimum gündəlik iş — onun-bunun sahəsində alaq çəkmək, meyvə-tərəvəz toplayıb fəhləlik etmək idi.
Bəzən biz də onunla gedər, sərinlikdə ağac altında oturub, onun isə — günəşin altında, o istidə necə əziyyət çəkdiyini izləməklə qalardıq.
Allaha sitəm edərək içdən-içə deyirdim: "Böyüyüm, anama, bacıma mən baxacağam."
Beləcə vaxt keçirdi.
Bir gün anamın burnu bərk qanadı. Ara-sıra olurdu, ancaq bu dəfə çox davam etdi.
— Qorxmayın, gün çox istidi, bu gün başım ağrıdı, ondandır, — dedi.
Kaş elə də olaydı... Gündən-günə anam ağırlaşır, artıq işə belə gedə bilməz hala gəlmişdi.
Bir gün özündən getdi və məcbur həkimə getməli olduq. Anama xərçəng diaqnozu qoydular.
Dünyam başıma yıxıldı. Mən 12, bacım isə 9 yaşında idi. Anamı evə apardıq, imkansızlıqda müalicə etdirə bilmədik.
Və kaş bir möcüzə olaydı, — deyə hər gün dua etdim. Ancaq kasıbın duası belə kasıb olurmuş, eşidilmirmiş...
Anam son günlərində məni yanına çağırdı. Bir az söhbət etdik. Xəstə yatağında belə bizi düşünür və təsəlli verirdi.
Mənə bir məktub uzatdı və bu məktubu saxlamamağımı, əgər bir çıxılmazda qalsam, nə edəcəyimi bilmədiyim təqdirdə açıb oxumağımı istədi. Bu, onun son vəsiyyəti idi.
Və elə də etdim. Anamın məktubunu evlilik ildönümündə rəhmətlik atamın onun üçün qoz ağacından düzəltdiyi mucruya qoydum və sandığı qoyaraq o günü gözlədim.
Aradan illər keçdi. Həm işləyir, həm məktəb oxuyur, həm də bacıma baxır, onun təhsil alması üçün çalışırdım. Çünki necə deyirlər: Təhsil insanın gələcəyidir. Təhsil — qaranlıq yola tutulan ən gözəl işıqdır.
Birtəhər məktəbi bitirdim. Ən böyük arzum həkim olmaq idi. Çünki anama o an edə bilmədiyim köməkliyi bəlkə başqa analara edərəm, heç bir övlad Allahın buyurduğu xəstəlikdən deyil, imkansızlıqdan anasını itirməsin deyə...
Və elə də oldu. Azərbaycan Tibb Universitetinə qəbul oldum.
1 il zarı-zorla oxuduqdan sonra həm iş, həm oxumaq, həm dərslərə hazırlaşmaq artıq məni çox yormuşdu. Birini etməli idim.
Amma il ildən çətin gəlirdi. Vəziyyət ağırlaşırdı, qazanc da xərci ödəmirdı və ən önəmlisi — baxmalı olduğum bir bacım var idi.
Universitet xəyallarından əl çəkib, iki işdə işləməyə və bacımı oxutmağa başladım.
Bitirdi və o da BDU Hüquq fakultəsinə qəbul oldu. Onun adına çox xoşbəxt idim. “Heç kəsin baxmadığı, saymadığı, ‘bunlardan heç nə olmaz” dediyi kasıb bir ailədən çıxıb, ali savadla oxumuş, dövlətinə yararlı bir hüquqşünas olacağını bilmək böyük qürur vericidir!”
Və dönüb geri baxanda, öz gələcəyimdən keçmişdim. Ancaq bacım üçün gələcək qurmuşdum. Və qurmağada davam edəcəkdim.
Beləcə, illər su kimi keçdi. O məzun oldu. Hətta işə belə girdi.
Bir gün o mənə yaxınlaşaraq:
— Qardaşım, artıq sıra sənindir, indi sən oxuyacaqsan, mən sənə baxacağam, — dedi.
Gözlərim istəmədən doldu. Qürur duyurdum onunla. Artıq ayağının üstündə duran bir bacım var idi. Mən bunu bacarmışdım — anamın, atamın əmanətinə sahib çıxmağı.
Heç nə demədim.
Axşama doğru idi. Balaca evimizin özü kimi balaca, şirin bir həyəti... Hətta içində ərik ağacı vardı. Altında yayda oturmaq üçün kötükdən düzəltdiyim oturacaqlar vardı. Orada oturmuşdum, çay içirdim. Bacımın dediyini düşünürdüm və artiq çox gec olacağını düşünürdüm. O an....
Anamın məktubu yadıma düşdü. İllərdir qaçaqaçdan, tələsgənlikdən unutmuşdum. Və oxumaq qərarı aldım. Bacımdan qutunu gətirməsini istədim. Gətirdi. Açdım.
Məktub hələ də qoyduğum kimi idi. Gözlərim yaşla doldu, qəhər məni boğdu. Anamın qoxusunu hiss etdim sanki. Məktubu, əllərim əsirdi, aça bilmədim. Bacım əlimdən aldı, açdı və oxumağa başladı:
Ananın Məktubu
Gözəl övladlarım,
Siz bu məktubu oxuyursunuzsa, demək ki, mən artıq aranızda yoxam.
Sizləri çox sevirəm. Bir ana üçün bu həyatda ən dəyərli xəzinə — övladlarıdır.
Biriniz sol qanadım, biriniz sağ qanadımsınız. Çalışın, hər zaman bir-birinizi sevin, qayğısına qalın. Biri-birinizin dərdi dərdiniz, sevinci sevinciniz olsun.
Oğlum, yaraşıqlım,
Bəlkə də artıq böyük bir oğlan olmusan. Bacın üçün özünü fəda etmisən, buna əminəm. Çünki sənin qəlbini bilirəm.
Ancaq bu həyatı özünü fəda edərək yaşaya bilməzsən. Hər zaman dik dur və hər zaman xəyalını qurduğun arzularını reallaşdır. Və unutma: sən hər şeyi bacararsan!
Qızım, Qardaşın sənə həm ana, həm ata olacaq. Sən də ona övlad ol. Onun qayğısına qal.
Sizləri çox sevirəm, gözəl övladlarım...
Və ikimiz də ağlayaraq bir-birimizə sarıldıq.
O gündən başladım təhsilimi davam etdirməyə. Çünki təhsilin yaşı olmur, insan hər yaşında oxuya bilər. Məktəbi yüksək nəticə ilə bitirdim. Həkim oldum.
Arzularımı reallaşdırdım.
Və anladım ki, bacarma dərəcəsi 99% olan insanlar, bacarma dərəcəsi 1% olanların yanında kölədir, bundansa qurtulmaq zəruridir.
Siz də dayanmayın. Davam edin. Xəyallarınızın ardınca gedin.
Çünki xəyal qurmaq üçündür, onu reallaşdırmaq üçün isə çalışmaq lazımdır.
“Ədəbiyyat və incəsənət”
(08.07.2025)