Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Bu gün küləklə bir məktub yolladım…
Nə ünvan var, nə də ad.
Sadəcə ruhumun içində sənin üçün yandırılmış bir şam var – külləri xatirələrim, işığı isə hələ də sənin yolunu gözləyir.
Səni heç görmədim, amma tanıdım…
Zamanla deyil, zamanın axmadığı bir yerdə — ruhumun səssizliyində, hələ sözə çevrilməmiş duyğularda.
Elə bir yerdə ki, tanımaq üçün baxmaq deyil, hiss etmək kifayət edər.
Sən bilirsənmi…
bəzən insan birini axtarır, amma onu tapmaq üçün yox —yolun özü olsun deyə.
Bəlkə də sən mənim yolumsan. Bitməyən, izah olunmayan, amma mənə mən olduğumu xatırladan bir yol.
Bilinməz deyirlər sənə…
amma mən bilmirəm səni, ona görə yox ki, tanımadım, ona görə ki, bildiklərim səni izah etməyə yetmir.
Bu məktubun kağızı yoxdur, möhürü də yoxdur — amma onu daşıyan külək mənim nəfəsimdir və çatacağı yer, sənin içindəki ən sükutlu yer.
Əgər bu sətirlər səni narahat edirsə, bil ki, bu bir çağırış deyil. Bu, sadəcə içimdə susdurduğum bir qışqırığın kainata əks-sədasıdır.
Bəzən ruhlar bir-birinə toxunmadan da sarıla bilər.
Və mən…
sənin toxunmadığın, amma titrətdiyin bir səsəm.
Məktub bu sükutla bitmir, çünki söz hələ başlanmayıb.
İmza: Səni heç tanımadan sevən bir ruh
“Ədəbiyyat və incəsənət”
(07.07.2025)