Qərb günəşə doğru soyundu, Şərq kölgəyə sığınıb çadra ilə örtüldü - ESSE Featured

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

İşıq doğanda hamı sevinmir. Bəziləri gözlərini qapayır, bəziləri çılpaqlaşır. Bəziləri dua edir, bəziləri ayna qarşısında özünü seyr edir. Həmin anda eyni günəş, iki fərqli şüa saçır. Biri ruha, biri bədənə. Biri Şərqdə bir məscidin minarəsinə toxunur, o biri Qərbdə bir kilsənin vitraj pəncərəsində rəngə dönür...

 

Eyni Günəş, fərqli şərhlərlə qarşılanır. Qərb onu istədi. Onun uğrunda soyundu, açıldı, sərgiləndi. Günəşi tuta bilmədi, amma günəşə bənzəməyə çalışdı. Bədəni parlaqlığa çevirdi. Şərq isə ondan qorxdu. Günəşi Tanrının baxışı saydı. Çadra çəkdi, gözünü endirdi, dərisini gizlətdi. O, günəşdə yananı eşitmişdi, Məcnunu, Hallacı, Bəstamini. Qorxdu. Amma bu qorxu nifrət deyildi, bir sevgi qorxusu idi. Çünki bəzən insan çox sevdiyi üçün gizlənir. Necə ki, bu günlərdə Bakımız özünü Günəşdən yəni işıqdan gizlədir.

Qərb lampanı kəşf etdi,  işığın haradan gəldiyini anlamaq üçün. Fizikanı, şüşəni, elektrik naqilini.

Şərq isə eyni lampaya baxdı və içindən cin çıxardı. O, işığın haradan gəldiyini yox, nəyə çevrildiyini düşündü.

 Qərb lampanı yandırdı, Şərq isə ona dua etdi. Qərb üçün lampa gecəni işıqlandırmaq vasitəsi oldu, Şərq üçün isə lampanın içində həbs olunmuş bir sirr.

Ələddin lampanı ovxalayanda, ondan çıxan cin əslində onun istəklərinin cisimləşmiş obrazı idi. Qorxuları, arzuları, nəfslə eşq arasındakı təlatüm. Sufi isə bu cini tanıyırdı. Onunla vuruşmurdu, onu qovmurdu onunla oturub susurdu. Çünki o bilirdi. Bilirdi ki, "Cin içdədir. Lampa isə bədəndir. Ovxalama zikrdir. Aydınlanma da qorxunun dibindədir."

Sufi lampanı sındırmır. O, işığı axtarmır. O, qaranlığı qəbul edir, çünki bilir ki, işıq qaranlığın qoynunda doğulur. Ona görə sufi eşqi işıqda yox, qaranlıqda tapır. Sufi gözlə sevməz, qəlblə yanar. Onun üçün eşq, nə bədəndədir, nə də dildə. Eşq yanmaqdır, amma kül olmamaq. Sufi baxmır, o görməmək üçün gözlərini yumur. Qərb baxır, görmək üçün gözünü açır. Biri informasiya istəyir, biri sükutun içində həqiqət.

Sufi sual vermir. O, sualın özündə yanan bir haldır. Onun "bilmək" arzusu yoxdur, çünki bilir ki, bilmək əqli işıqdır, eşq isə sənə aid olmayan, səni yandıran bir od. Hallac Mənsur "Ənəl-Həqq" deyəndə öz "mən"ini yox edirdi, Allahla eyniləşmək iddiası etmirdi. Sadəcə "mən artıq mən deyiləm" deyirdi. Qərb bunu küfr saydı, Şərq isə qorxdu. Amma sufi üçün bu, işığın içində yox olmaq idi. Tanrıda əriyib özlüyünü itirmək. Qərb isə bu yoxluğu qəbul etmədi. Onun ağlı bu təslimiyyəti başa düşə bilmədi.

Qərbli günəşə çatmaq üçün göyə baxdı. Teleskop düzəltdi, riyaziyyatla ölçdü.

Sufi isə göyə baxmadı, gözünü yumdu. Çünki bilir.. Günəş, göydə deyil  içdə yanmalıdır.

Onun üçün nur "nurlanmaq" zahiri parlaqlıq deyil. Bu, içdəki qaralığın yandırılmasıdır. Sufi gecə ilə barışar. O, günəşin doğmadığı yerlərdə gəzir, çünki bilir ki, Allah zülmətin içində danışır.

Bəs sən heç sufinin gözünə baxmısan dostum? Orada işıq yox, bir yoxluq var. Adamı içindən çəkib aparan bir səssizlik. Sanki danışsa, hər şeyi deyəcək amma susur, çünki sən hazır deyilsən.

Sufilik, Şərqlə Qərbin arasındakı körpü deyil, susqunluğudur Sufi Qərbdə də anlaşıla bilər, Şərqdə də. Amma heç birinə tam aid deyil. O, nə rasionallığın tərəfdarıdır, nə də fanatizmin. O, özünü itirərək var olur, öz varlığını inkar edərək həqiqətə çatır. Bu səbəbdən sufi nə Romoe kimidir, nə Məcnun. O, daha dərin bir dərddədir.

O, Leylini görmək belə istəmir. Çünki eşq, Leylidə yox, öz içindəki Leylisizliyindədir.

Sufi deyir: "Axtarma. Sadəcə yan."

Ona görə sufi düşünməz. O yanar. Deyər ki, "Mən lampa deyiləm. Mən o lampanın içindəki cinəm. Amma azadam. Çünki mən artıq bir şey istəmirəm."

 Qərb Romeo idi, öz sevgisini fəryadla dünyaya hayqıran.

Şərq isə Məcnun,  öz eşqini çöldə, daşla, qumla, dağla bölüşən.

 Romeo, Cülyettanı sevmək üçün onun gözlərinə baxmalı idi. Görmək üçün isə işıq lazım idi. Sevgi görməklə doğulur. O, gözlərdə parlayan ehtirasdır, bədəndə dolaşan ruhdur. Onun dili var, bəzən çiçək, bəzən gülüş, bəzən öpüş.

Məcnun isə Leylini görmək istəmədi. O, Leylinin adını eşitdi və yandı. Eşq görməyə yox, yanmağa bağlı idi. O, işıqla doğulmadı – qaranlıqda gözdən yox, içdən gəldi. Sükutla danışdı, dəli oldu, özü yox oldu.

Qərb gözünə aşiq oldu. Şərq isə ağlına deyil, dəliliyinə.

Qərb eşqi bədənə yazdı, Qustav Klimtin fırçasında öpüşə, kino ekranlarında yaxın plana çevirdi.

Şərq eşqi sinəsinə yazdı, Füzulinin qəzəlinə, Mövlananın dövrəsinə, Nizaminin qələminə.

Qərb günəşi sevdi, Şərq günəşdən qorundu.

Qərb günəşin altına çimərlik stulları düzdü, Şərq pəncərələrə pərdə çəkdi.

Qərb bronz dəriyə heyran oldu, Şərq ağ dərini əziz bildi.

Qərb günəşə doğru soyundu, Şərq kölgəyə sığınıb çadra ilə örtüldü.

İki müxtəlif iqlim, iki fərqli dünya baxışı. İkisi də günəşi gördü, amma biri onun altında dincəldi, o biri onun istisində qovruldu. Biri günəşi azadlıq, o biri imtahan bildi.

 Qərbdə səhərlər qəhvə qoxusu ilə başlayır. Acı, sərt, tək fincanda.

Şərqdə səhər çayla gəlir. İstiylə, söhbətlə, samovarla.

Qərb "individualizm"in evidir. "özün üçün yaşa".

Şərq isə "nə deyərlər"lə doludur. Qonşunun pəncərəsi Tanrının gözüdür.

Qərbdə sevgi, təkliflə, baxışla, açıq mesajla gəlir.

Şərqdə eşq, baxışdan qaçmaqla, susmaqla, örtüklə yaşanır.

Qərbdə "səni sevirəm" demək təməl bir başlanğıcdır.

Şərqdə bu söz, bəzən illərlə susulub deyilən bir cümləlik qiyamdır.

Qərb uşaq yaşdan öyrədir, "Nə hiss edirsənsə, danış."

Şərq öyrədir, "Sus. Hisslərini gizlət. Bir az döz."

Qərb azadlıqla tənzimləyir. Qayda qoyur, amma sərhədi təyin edir.

Şərq təslimiyyətlə tənzimləyir, "böyük nə deyərsə, odur."

Qərb musiqini səhnəyə çıxarır. Parıltı, ritm, jest.

Şərq isə muğamda titrəyir, səsini ucaldır, amma gözlərini yumaraq dinləyir.

Qərb ifa edir, Şərq hiss edir. Biri baxış üçündür, biri iç üçündür.

Qərbdə ailə planlamadır. Hər kəsin öz otağı, öz təqvimi.

Şərqdə ailə bir otaq, bir süfrə, bir səbirlə qurulur. Bəzən sevgi olmur, amma hörmət əsas sütundur.

Qərbdə cütlüklər "açıq danışır", Şərqdə isə qadın baxışı ilə danışır, kişi isə heç nə deməyib hər şeyi hiss etdirməyə çalışır.

Qərb insanı böyüdür, Şərq insanı kiçildir.

Qərb deyir, "sən bacararsan."

Şərq deyir "Bacarma, başına iş gələr."

Qərb insana Tanrıya yaxınlaşmaq üçün azadlıq verir.

Şərq Tanrını insana yaxınlaşdırmaq üçün təqva verir.

Qərb Edisonun lampasını işıq kimi gördü.

Şərq Ələddinin lampasını sirr kimi.

Qərb lampanı texnologiya etdi.

Şərq lampanı dua üçün saxladı.

Qərb düyməni basdı, lampa yandı.

Şərq zikr etdi, lampa titrədi.

Qərb işığa sahib oldu.

Şərq isə işığın içində yanmağa razı oldu.

Qərb eşqini nümayiş etdirdi, Şərq eşqini gizlətdi. Amma hər ikisi ağrıyla doğuldu. Və hər ikisi günəşin altında tamamlanmaq istədi – biri parlaq günorta istisində, o biri gün doğmamışın səssiz şəfəqində.

 Amma... hər iki eşq natamam qaldı. Cülyetta zəhər içdi, Leyli torpağa gömüldü. Qərbin sevgisi tez çatdı, amma tez bitdi. Şərqin eşqi isə çatmadı, amma öləndən sonra belə yaşadı.

 Bəlkə də bu fərqlər sivilizasiyaların sadəcə mədəni seçimləri deyil.

Bəlkə günəş, ruhların tarixini fərqli şəkildə yandırdı.

Bəlkə alman günəşə həsrət qaldığı üçün özünü şüşə divarlarla əhatə edir.

Bəlkə ərəb, günəşi hər səhər erkən qarşılayıb yandığı üçün kölgəni sevir.

Və bəlkə də, şərqlinin çadrası bir qorxu deyil, bir izzətdir;

Qərblinin çılpaqlığı bir azadlıq deyil, bir haraydır. "Məni gör! Məni sev! Günəş kimi sev!"

 Sufi isə bu iki dünyanın ortasında dayanır, nə çadra, nə çılpaqlıq.

Nə sevgi, nə eşq. O artıq özü deyil. Onun üçün günəş içdə doğur, çöldə yox. Və o bilir: Allah gözlə görülməz, eşqlə yanılar. Ona görə sükuta qərq olur. Ona görə susur və yanır.

Bəlkə Şərq gizlənmiş bir yaradır. Qərb, açıq bir hayqırtı.

Bəlkə biri günəşi artıq görüb. Yanıb, qorxub, dərinləşib.

Digəri isə hələ də günəşi gözləyir. Arzulayır, soyunur, bağırır. Və biz... bu iki dünyanın övladları olaraq ya Məcnun kimi dəli olacağıq, ya Romeo kimi sürətlə sevməyə, sürətlə yanmağa, sürətlə yox olmağa məhkum.

Amma kim bilə bilər.

Bəlkə də bir gün, günəşlə göz-gözə gəlmədən də sevməyi, eşqlə danışmadan da susmağı bacararıq. Və bəlkə bir gün, şərqli qaranlığı ilə, qərbli işığı ilə, gizli bir körpünün iki tərəfində dayanaraq, eyni adama aşiq olar. Adı "Bircəm" olan bir qadına.

Onda nə çadra, nə çılpaqlıq qalacaq.

Sadəcə bir baxış…

bir nəfəs…

bir sükut…

 

“Ədəbiyyat və incəsənət”

(07.07.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.