Çiçək Mahmudqızı, “Ədəbiyyat və incəsənət” üçün
Könlü gözəl olanlara, içində kin tutmayanlara, hər şeyi Allah yaratmış deyə gözəldir, düşünənlərə və sevənlərə Allahın salamı olsun. Şərqin böyük filosof sairi Ömər Xəyyam deyirdi ki,
bu yer, bu göy, bu ulduzlar boşdur boş!
Burax onu, bunu da
Könlünü xoş tut, xoş!
Bu durmadan qurulub dağılan dünyada
Bir nəfəsdir alacağın, o da boşdur, boş!
Bu qurulub dağılan dünyada üzümüzü, könlümüzü xoş tutub, pir bilib gedəcəyimiz barmaq sayı beş-üç könül sahibi qalıb ki, onun biri də mənim üçün Rəfail İncəyurddu. Rəfail İncəyurd həm də o beş-üç adamlardandı ki, onları adaları ilə də, soyadları ilə də, daşıdıqları təxəllüsləri ilə də çağıranda eyni ünvana gedən üç yol kimi görünür. Eynən dostu Dəmirçoğlu kimi.
Tanıdığı insanların əksəriyyəti ona Dəmirçioğlu, Rəfailə isə İncəyurd deyə müraciət ediblər həmişə. Bu da Tanrı işidir, deyəsən. Hər kəsin soyadı yaxud təxəllüsü adı kimi möhürlənmir həyatda və görünür, o da seçilən bəndələrin qismətinə düşür.
İncəyurd İncənin yurd-yuvalarını özündə elə cəmləyib ki, bütövlükdə hansı üzünə dönsə hamımız üçün İncənin özüdür. Laylalı, qımqımılı, oxşamalı, bayıtılı İncəyurd.
Səndən nə yazı yazmaq, nə şeirindən, qoşmandan danışmaq istərəm. Qoy onu şeiri, sözü bilənlər etsin. Mənsə eləjə İncə köyündə bir tut ağacının altında sənnən doyunca gap eləmək, dünyanın hər dərdi-sərindən arınmaq, öz içimə həlim, mülayim səsinlə, hətta deyərdim, zümzüməli səsinlə bir hüzur vermək istərdim. Mən səni İncədə, Gəncədə gözləyirəm, İncəyurd, məni şəhər tünlüklərinə çəkib aparma, dərdin alem, gəl İncə yurdumuzda dərdləşək, İncəyurd. Orda dünyanın ən hüzurlu anlarını yaşayaq ,derəm. Bilirsən, sənnən gap edəndə adam necə rahatlanır. Auran o qədər xoş, o qədər həlimdi ki, içimizdə nə qədər qəzəb, kin, mənfi enerji olsa belsə sənə çatanda əriyib yox olur, adam özündən dönüb bir Sən olmaq istəyir. Elə gözəl yaşındasa nmüdrikliyin, dərdin alem, sözün, söhbətin ballanıb şəkərə dönən vaxtında kim istəməz sənnən oturub üzü Tanrı dərgəhana oxuduğun nəğmələrə, şeirlərə qulaq asmağı?!
Dur gəlİncə Dərəmizə, İncəyurd, İncəgülü üstə incə-incə köç edib gedən durnaların sonuncusu və tütyəsi kimi, bir lələk tulla, o dünyadan bu dünyaya adlayaq, bir bayatı çağıraq, qımqımı deyək, gəl hər qayğıdan qopub özümüz olaq, itən itiklərimizin səsini dinləyək, köklə telli sazı zümzümə edək İsaq-Musaq avazında,nə dersən?!
***
Bundan gözəl nə arzu var dünyada,
Bundan gözəl nə gəlsin ki, ağlıma?!
Sıralanıb ömür olan günlərin
dan yerinə həyat eşqi saçılsın.
Ehtiramla anılasan hər axşam,
Sabahların xeyirliyə açılsın,
Sevgili İncəyurd.
Bir də sənin öz sözünlə sənə bir dua da göndərim, hal olsun,fərman olsun,hər dərdinə dərman olsun derəm--
Sevgi – körpü, sevgi – tağ,
Sevgi – hörgü, sevgi – bağ…
Hər sinndə nəsə quraq –
Dilək gəlsin yaş üstə.
Göylər ümid ələsin,
Haqqı nura bələsin.
Körpələr əmr eləsin –
Biz də deyək: “Baş üstə!”
Tanrım, pozma gərdişi,
Qoy bitirək hər işi.
Yaxınlaşan 70-i
Qəbul edək göz üstə.
Yaxınlaşan 70 gılib getdi. 71-ni göz üstündə qəbul edən səni sevənlərin hamısının gözündən, sənin də 71-nə yaraşan o gümüşü saçlarından öpürəm,
Rəfail
Ağakişi oğlu
İncəyurd...
Sevgilərlə könlünüzü pir bilib ziyarət edən zəvvarınız - Çiçək Mahmudqızı!
“Ədəbiyyat və incəsənət”
(04.07.2025)