Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
(Dünən Bakı növbəti dəfə Bakılılar Gününü qeyd etdi)
Bəzən düşünürəm, doğulduğum yerin adı sadəcə "Bakı" deyil. O həm də mənim uşaqlığımın səsi, gəncliyimə şahid olan küçələr, içimdə külək kimi əsən duyğular, çayla yoğrulan səmimi söhbətlər, filarmoniyanın kölgəsində qurulan arzular...
Bakılı olmaq – bu şəhərin küçələrində itməkdən qorxmamaq deməkdir. Bilirsən ki, hansısa binanın dalından dönəndə ya tanış bir simaya rast gələcəksən, ya da tanımadığın biri sənə elə doğma baxacaq ki, sanki illərin qonşususunuz. Bu şəhər belədir – yadları doğmalaşdırır, doğmaları da ömürlük yadda saxlayır.
Mən Bakını çox sevirəm. Amma düzünü deyim, bu sevgini dənizdən və ya bulvardan başlamıram. Mənim üçün Bakı – nənəmin yaşadığı binanın daş divarlarıdır. Qapının ağzında dayanan qonşuların "qızım, hardasan, itmişdin?" sualıdır. Bir də uşaqlıqda səhər saat 7-də açılan pəncərədən içəri girən təndir çörəyi qoxusudur.
Bakılı olmaq – təkcə şəhərdə yaşamaq deyil. Bu, bir dil, bir davranış, bir ruh halıdır.
Bakılı söhbətə girəndə sözə yumor qatmadan keçməz. "Nətəri" deməyi var e, onun içində həm "necəsən", həm də "özünü necə hiss edirsən" var.
Bakılı olmaq – bu şəhərin küləyinə inad gülümsəmək, çətinliyə yumorla cavab vermək, hər vəziyyətdə bir zarafat tapa bilmək deməkdir. Biz bəzən özümüzə gülsək də, heç vaxt bu şəhəri tənqidə qurban vermərik. Çünki Bakı bizim evimizdir.
Amma Bakı təkcə şəhər deyil...
Bakı və onun kəndləri – unudulmaz bir nağıldır.
Bu şəhərin ürəyi onun kəndlərində döyünür: Bilgəh, Mərdəkan, Nardaran, Buzovna, Pirşağı, Şüvəlan, Hövsan… və əlbəttə, inzibati baxımdan Bakıdan ayırıb Abşeron rayonuna aid edilsə də ruhən Bakı kəndi olaraq qalan Novxanı. Hər biri bir tarix, bir adət, bir nəfəsdir.
Bilgəh – dənizlə çinar ağaclarının söhbət etdiyi, bağlarında yaz axşamı qoxusu gələn kənd...
Mərdəkan – şairlərin ilhamı, şəbnəmli səhərlərin beşiyi...
Nardaran – mənəviyyatla yoğrulmuş, öz adət-ənənələrini nəsildən-nəslə ötürən müqəddəs bir torpaq...
Şüvəlanın çörəyi, Buzovnanın dənizi, Hövsanın təzə balığı – bunlar sadəcə yemək deyil, xatirədir, həyat tərzidir.
Və Novxanı...
Mənim yaddaşımda o kəndin xüsusi yeri var. Orda bir ev var – iki mərtəbəli, həyətində meyvə ağacları, o ağacların kölgəsində nənəmin səsi. Orda bir ailə sığışırdı bir həyətə – babam, nənəm, əmim, onun övladları... Orda uşaqlığın səsi hələ də divarlarda qalır.
Novxanı həm sakitliyin, həm əsilli-bəsli insanların, həm də əsl kənd təəssübkeşliyinin simvoludur.
Təndir çörəyi burda başqa cür qoxar. Həyətdə samovar qaynayanda, qonşununr uşaqları da çaya çağrılar. Hər şey bölünərdi, amma sevgi heç vaxt azalmazdı.
Bu kəndlərin insanları başqa cür baxar. Onlar həmişə qapılarını açıq saxlayar, çünki qonaq həm Allahın, həm insanın əzizidir. Hər qonaqlıqda mütləq samovarın yanında söhbət, bir zarafat, bir də duzlu pendir olur. Onlar sakit danışar, amma dərin hiss edər.
Ən əsası – bu kəndlər Bakıdan ayrılmaz. Bakı onların qüruru, onlar Bakının ruhudur. Kəndlərsiz Bakı – səsi olmayan mahnı, çayı olmayan səhər kimidir.
Və ötən gün – Bakılılar Günü – sadəcə bir təqvim tarixindən ibarət deyildi. O gün xatirələrin, məhəllələrin, balkonlardan sallaşan paltarların, zəngli qapıların, binaların çürümüş damlarında oynayan uşaqların, qəlyanaltıdan gələn çay səsinin günüydü.
Ən doğma dildə deyirəm –
Əgər bu şəhərdə doğulmusan, ya da bir gün bu şəhərdə ürəyin qalıbsa, sən də Bakılısan.
Ona görə, gəlin Bakılılar günündə bir az yavaş gedək küçələrdə. Bəlkə içimizdə unudulmuş bir xatirəylə rastlaşarıq.
Bəlkə də bu şəhərin qürurlu çiynindəki damcı bizim də gözümüzdən axar…
Bakılı olmaq – şəhəri yaşamaq deyil, onu içində daşımaqdır.
Günümüz mübarək, Bakı!
Səni yaşadanların, səndə yaşadanların adına…
“Ədəbiyyat və incəsənət”
(02.07.2025)